“Bakıda qadınlar və kişilər sosial həyatın bütün sahələrində bərabərdir” - MÜSAHİBƏ

Oya Ergün: “Operanın heç bir zaman yox olacağına inanmıram”

Hal-hazırda Azərbaycanda olan Türkiyənin opera sənətinin tanınmış simalarından biri Oya Ergün Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə media nümayəndələri ilə növbəti "Qadın klubu"nda görüşüb. Oya Ergün görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Oya Ergün Belçika, Hollandiya, Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrdə konsertlər verib, operalarda uğurlar qazanıb. O cümlədən, bir çox mükafata sahib olub. Musiqi ilə bərabər qadın haqlarını müdafiə etmək üçün layihə həyata keçirib. Ailəsinə gəldikdə isə atası prokuror, anası isə incəsənət müəlliməsi olub. Özü də musiqi dərsləri verib, ömrünün bir çox ilini Hollandiyada yaşayıb. Həyat yoldaşı Azərbaycanda iş təklifi aldıqdan sonra buraya gəlib. Oya xanım Azərbaycanı çox sevdiyini deyir. 

- Oya xanım, ötən illərinizə nəzər salarkən bu gün nələri söyləyə bilərsiniz öz həyatınızla bağlı?

- Uşaq yaşlarımdan başlayaraq musiqi çox ciddi bir şəkildə mənim həyatıma sirayət elədi. Atam və əmim kaman çalırdılar. Qardaşım musiqiçi idi. Bir sözlə, evimizdə tez-tez musiqilər səslənirdi. Mən hələ oxumağı, yazmağı öyrənməmişdən opera müğənnisi olacağam deyirdim. Opera müğənnilərini, opera musiqilərini çox sevirdim. Ədəbiyyata da vurğun idim, amma musiqi məni özünə daha çox çəkirdi. Lisey təhsilimi bitirdikdən sonra Mərmərə Universitetində musiqi təhsili bölməsinə daxil oldum. Bundan başqa, ədəbiyyat bölməsini də qazanmışdım, amma mən musiqini seçdim. Universiteti bitirdikdən sonra Amsterdamda konservatoriyaya qəbul olundum və orda musiqi müəllimliyi və vokal üzrə təhsil aldım. Bir çox operalarda baş rollar oynadım, konsertlər verdim, festivalların qonağı oldum. Amma atamın hüquqşünas olması məndən yan keçməmişdi. Belə ki, mən insan haqlarına çox bağlı adamam, xüsusən də qadın haqlarına. Müşahidəçi olduğum cəmiyyətdə qadınların bir çox problemlərlə rastlaşdığının da şahidi oldum və elə bu səbəbdən də "Qadın göz yaşları" adlı Qadın Haqları Layihəsini hazırladım. Bu həmçinin musiqili bir layihədir. Qadınların əzildiyini daha geniş kütləyə çatdırmaq üçün bu layihəni musiqi sənəti və film sənəti ilə də birləşdirərək, ciddi bir layihə ortaya çıxardıq. Bu layihəyə dünyanın bir çox önəmli insanları könüllü olaraq qatıldı. Hardasa bu layihə artıq bir sosial cavabdehlik layihəsi kimi qiymətləndirilir. Çox ciddi bəstəkarlar, musiqiçilər, opera müğənniləri burada birləşib, əzilmiş qadınların müdafiəsinə çalışırıq. Uzun illər sonra Türkiyəyə qayıtdım, konservatoriyada müəllim kimi işə düzəldim, ailə qurdum. Ərim İstanbula yaxın bir yerdə işləyirdi. Çox uzaq olmasa da onun işlədiyi yerdə gedib qalmalı olurdum. Elə bu səbəbdən başladığım layihənin kiçik bir hissəsini ərimin işlədiyi əyalətdə də həyata keçirməyə başladım. Amma sonra bir oğlumuz oldu və elə bu səbəbdən də bu işlərə ara verməli oldum. Oğlum indi 3 yaşındadır, amma indi ərim təqaüdçüdür. Azərbaycanda özəl xəstəxanada Baş həkim işləyən bir həmyerlimiz ərimi burada işləmək üçün dəvət etdi. O, mənə bu haqda deyərkən, Azərbaycana gələcəyimizə görə həqiqətən çox sevindim və bu təklifi qəbul et dedim. Azərbaycan mahnılarına uşaqlıqdan olan bağlılığım səbəbiylə bu gün burda olmağımıza çox sevinirəm.

- Azərbaycan musiqisinə uşaq yaşlarından vurğun olduğunuzu dediniz. Sizə Azərbaycan musiqisini sevdirən nə olmuşdu?

- Mən Azərbaycan mahnılarını həqiqətən uşaq yaşlarımdan çox dinləyərdim. Atamda Rəşid Behbudovun balaca-balaca o zamankı valları var idi. Şəkillərini görürdüm. Çox yaraşıqlı, səsi qədər də gözəl bir adam idi, Rəşid Behbudova heyran olurdum. Tam səmimi söyləyirəm ki, mən həqiqətən Azərbaycan mahnılarının çox ciddi bir ürəyəyatımlılığı və cazibədarlığı ilə böyüdüm. Bu baxımdan taleyin məni buraya gətirməsinə görə çox xoşbəxtəm. İnşallah burda da musiqi həyatıma davam etmək istəyirəm.

- Bildiyimizə görə, oktyabrın 29-da sizin Bakıda konsertiniz planlaşdırılıb. Nələr olacaq konsertdə, fərqliliyi nədən ibarət olacaq?

- Bəli, Rəşid Behbudov adına Mahnı Teatrında belə bir konsert proqramı planlaşdırılır. Həmin gün bizim Türkiyə Cümhuriyyətimizin də quruluş günüdür. Mən bu konsertdə həm uşaqlığımdan bəri bildiyim Azərbaycan mahnılarını, həm də sizin daha az duyduğunuz türk mahnılarını da oxumaq istəyirəm.

- Deyilənə görə, siz azərbaycanlı şairlərin yaradıcılığına da müraciət etmisiniz. Sirr deyilsə kimləri seçmisiniz?

- Mən Qənirə Paşayevanın çox gözəl bir şerinə hal-hazırda musiqi bəstələmək üzrəyəm. Yaxın zamanlarda hazır olacaq. Mahnını Türkiyədə və dünyada məşhur olan Əmrə Gün orkestr üçün aranjeman edəcək. Həmçinin Sona Vəliyevanın bir şerinə gözəl bir musiqi bəstələyirəm. Bir neçə aydan sonra çıxacaq yeni albomumda bu hər iki mahnı yer alacaq.

- Oya xanım, sizin Azərbaycan radiolarının birində də layihə ilə çıxış edəcəyiniz haqda məlumatlar var. Bu düzgün bir xəbərdirmi?

- Bəli, sizdə olan bu xəbər yanlış deyil. Mənim belə bir fikrim var. Artıq hazırlıqlar bitib və oktyabr ayının 1-dən etibarən efirdə olacağam. Türk lirik musiqinin ən gözəl nümunələrinin təqdim olunacağı bir proqram olacaq. Eyni zamanda türk-pop musiqisi də təqdim olunacaq. Veriliş həftə içi hər gün 15:00-dan 17:00-dək BURÇ FM-in (100.5 FM) efirində yayımlanacaq. Mən onu da qeyd edim ki, Hollandiyada olarkən eyni zamanda internet və psixoloq diplomu da almışdım. Və orda "Dərdini deməyən, dərman tapa bilməz" adlı bir köşə də hazırlayırdım. Mən bu köşəni radioda da tətbiq eləmək istəyirəm. Yəni insanlar canlı olaraq mənimlə və ya e-mail ünvanına yazaraq öz dərdlərini bildirəcəklər, mən onların dərdlərinə çarə olmağa çalışacam. Yəni, başa düşdüyünüz qədər bir dərdləşmə proqramı da olacaq. Bu formatda biz yalnız həftənin dördüncü günləri efirə çıxacağıq.

- Proqramın efir zamanı azərbaycanlı dinləyicilərin ləhcəsini başa düşməkdə çətinlik çəkməyəcəksiniz?

- Xeyr, mən yüz faiz başa düşüyorum, amma yakşı danışamıyorum (Gülür). Çünki biz eyni dili danışırıq. Mən demək olar ki, dünyanın hər yerində olmuşam, amma özümü Azərbaycandakı kimi rahat hiss etməmişəm. Küçəyə çıxdığım zaman özümü Türkiyədəki kimi hiss edirəm. Azərbaycan ləhcəsini öyrənməyə çalışıram. Mənim oğlum 3 yaşında olmasına baxmayaraq, Azərbaycan dilində məndən yaxşı danışır. Hətta Azərbaycanca mahnılar da oxuyur.

- Səkkiz aydır ki, Azərbaycandasınız. Azərbaycan mətbəxi ilə yəqin ki, tanışlığınız olar.

- Bəli bu yaxınlarda Xəzər Televiziyasında anam ilə birlikdə "Nuş olsun" verilişinə çıxdıq. Anam bu proqramda Osmanlı Saray yeməklərindən birini bişirdi. Mən isə sizin mətbəxinizdən "Düşbərə"yə yaxın bir yemək hazırladım. Əslində bizim mətbəximizdə biri-birinə çox yaxındır.

- Bizim yaxınlığımız dedikdə nələri düşünürsünüz?

- Əslində mədəniyyətimiz özündə insanların xarakterinin çox bənzərliyi var. Bənzətmə çox yanlış bir şey, məncə bizdə bir yaxınlıq, bir əqrabalıq, eyni canlılıq var. Sizdə mənim çox sevdiyim əsas cəhət, sizin xüsusi bir musiqi duyumuna sahib olmanızdır. Hər kəs musiqi ilə sanki məşğuldur. Hər kəs oxumaq istəyir, hər kəsin səsi var.

- Oya xanım, türk qadını və Avropa qadını. Sizin müşahidələrinizə görə onları fərqləndirən nədir?

- Bilirsiniz ki, Türkiyə 80 milyon əhalisi olan bir ölkədir. Ölkənin bir bölümündə İstanbulda, İzmirdə və digər böyük şəhərlərdə insanlar avropalılar kimi yaşayır. Burda ciddi fərqlər görmürəm. Qadın, kişi bərabər hüquqlarla yaşayırlar. Amma Türkiyənin cənubunda qadınlar çətin və dözülməz durumdadırlar. Bakıda isə bakılı qadın olaraq bu çox az saydadır. Bizdə hadisələrə baxış bucağı çox dəyişikdir. Misal üçün, qadının qapalı yaşamasına məcbur edildiyi bölgələrdə, bu həm də Azərbaycanda belədir, qadının küçədə yeridiyi zaman belə "ay nə qədər pis qadın, ay görürsünüzmü nə qədər də tərbiyəsiz biri, heç düzgün yerişini, düzgün danışmağı belə bilmir" deyirlər. Amma kişilər bulvarlarda, parklarda, müxtəlif yerlərdə yersiz zarafatlar edərkən heç kim "kişilər nə tərbiyəsizdir" demir. Bu çəkəcəyim ən kiçik bir misaldır. Bakıda isə belə bir şey söhbət mövzusu deyil. Burada qadınlar və kişilər sosial həyatın bütün sahələrində bərabərdir. Bizim Avropa ilə fərqimizi müqaisə etməkdən söhbət gedirsə, gəlin götürək Almaniyanı. Bütün orkestr heyətində qadınların sayı daha çox, bəzi ölkələrin parlamentlərinə baxaq, qadın və kişi sayı hardasa bərabərdir. Bu ölkələrdə qadının şiddətə məruz qalmasından söhbət belə gedə bilməz. Qadınlara verilən sosial haqlarla kişilərə verilən sosial haqlarda fərq yoxdur.

- Oya xanımın repertuarı necə təyin olunur?

- Opera dedikdə, Motsart, Baroksi məni çox çəkir. Romantik ifalar üstünlük təşkil edir. Bununla yanaşı konservatoriyada tələbə ikən müasir musiqi bəstələyən dostlarımın buraxılış konsertlərində onların yazdığı əsərlərini hər zaman mən söyləmək istəyirdim. XI əsrin bəstəkarlarını dinləmək mənə xüsusi zövq verir. Azərbaycan bəstəkarlarından Firəngiz xanımın əsərini, Cavanşir Quliyevin əsərlərini oxumağa hazırlaşıram. Bu yaxınlarda bu reallaşacaq.

- Oya xanım, operaya digər musiqi sahələrinə baxanda az maraq yetirilən bir sahədir. Bu artıq gəlir gətirməyən bir sahəyə çevrilir. Necə düşünürsünüz, operanın tamamilə sıradan çıxması gözlənilən bir hadisə ola biulər, yoxsa gündəmdə saxlamaq mümkündür?

- Operanın heç bir zaman yox olacağına inanmıram, çünki çox möhtəşəm bir sənətdir. Mən özümü opera sənətçisindən daha çox, konsert müğənnisi kimi tanıtdırmışam. Opera xüsusi bir sahədir. Yeni bəstəkarların operalar yazmağa yönləndirilməsi vacibdir. Asan bir sahə deyil. Bunu başa düşmək üçün uzun zaman bu əsərləri dinləmək lazımdır.

- Müasir Azərbaycan müğənnilərindən ən çox xoşunuza gələn səs kimdədir?

- Əslində Azərbaycanda gözəl səslərə sahib müğənnilər çoxdur. Mən bir neçə ad çəksəm qorxuram digərləri məndən inciyər. Amma mən İstanbulda tələbə ikən Fidan Qasımova və Xuraman Qasımova başqa bir konservatoriyada müəllim işləyirdilər. Onların səsini çox sevmişdim. Pop janrında da gözəl səsləri olan müğənniləriniz var. Tünzalə Ağayeva, Azərin kimi müğənniləri tanıyıram. Bilirsinizmi, qulaq asdığım Azərbaycanlı sənət adamları çoxdur, amma onların əksəriyyətinin şəxsən kim olduğunu bilmədiyim üçün ad çəkməkdə çətinlik çəkirəm. Azərbaycanda bir səs də olub ki, mən onu dinləməkdən heç zaman yorulmaram. Bu Şövkət Ələkbərovadır. Çox təəssüf ki, mənə onu canlı görmək qismət olmadı. Sonra Alim Qasımov da çox gözəl səsə malik bir sənətkardır. Rəşid Behbudov isə dünya səviyyəsində tanınan bir səsə sahib olub və mən uşaqlıqdan onun heyranıyam.

- Bakı Musiqi Akademiyasında dərs demək istərdinizmi?

- Hələ ki Bakı Musiqi Akademiyasının rektoru ilə tanış olmaq imkanım olmayıb. İnşallah bu tanışlıq mənə qismət olarsa, qonaq müəllim kimi burada master klasslar, türk musiqi tarixindən və səs anatomiyasından dərslər verə bilərəm.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31