“Cəhaləti təkcə islamla əlaqələndirmək düzgün deyil”

Vüqar Zifəroğlu: “Xristian inkivizasiyası minlərlə insanı fərqli məzhəblərə mənsubluğuna görə tonqalda yandırdı”

"Oğuz" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlunun "Olaylar"a müsahibəsi

- Vüqar bəy, bəzi gənclərin radikal dindarlığa, qeyri-ənənəvi dini cərəyanlara meylliliyi artır. Səbəbi nədir?

- Gənclik insan həyatının elə mərhələsidir ki, həmin dövrdə o radikalizmə və müxtəlif maraqlara daha çox meyl edir. Bunun qarşısını almaq üçün düzgün maarifləndirmə işi aparılmalıdır. Mediada bunun o qədər şahidi olmuruq. Nəticədə müəyyən boşluqlar yaranır. Həmin boşluqlar zərərli ideologiyalarla doldurulur.

- SSRİ dönəmində dini təbliğatın qarşısı alınmışdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra dinin qarşısındakı əngəllər də aradan qalxdı. Nəticədə yalançı din xadimləri gizləndikləri yerdən çıxdılar və dini xurafat baş qaldırdı...

- XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda dini xurafat tüğyan edirdi. Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəylinin əsərlərində yalançı din xadimləri, dini xurafat haqqında geniş məlumatlar var. Seyid Əzim Şirvani də öz qəzəllərində bu məsələlərə yer verib. Həmin dövrlə bu günümüz arasında fərq varmı? Fikrimcə, bir o qədər ciddi fərq yoxdur. Mövhumat təbliğatçıları o vaxt əba, indi kostyum geyinirlər. Prinsipial fərqlər yalnız libasdan ibarətdir. Bu anlamda mövhumat, qaragüruh dinə aid olmayan, amma dinlə əlaqələndirilən, yaxud dinlə əlaqələndirilməsinə çalışılan istiqamətlər Sovet dövründə, ondan əvvəl də olub və bu gün də var. Lakin Sovet sistemi savadlı din xadimlərimizin ortaya çıxmasına əngəl yaratdı. Bununla dinin düzgün təbliğatının qarşısını kəsdi. Halbuki XX əsrin əvvəllərində elə din xadimlərimiz var idi ki, onların Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında xidmətləri olub. Bir çox müqavimət hərəkatlarının, məsələn "Difai"nin yaradılması prosesində aktiv rol oynayıblar. Sovet dönəmində isə, din məsələsi aradan qaldırıldı. Nəticədə Sovet sisteminin bu işi müstəqillik əldə etdikdən sonra - 90-cı illərin əvvəllərindən başlayaraq, Azərbaycanda dini xurafatın baş qaldırmasına zəmin yaratdı. İslamı nənə-babalarımızın dilindən eşitdiyimiz kimi qəbul etməyə başladıq. Beləliklə İslam bir az mövhumata qarışdı, caduya, pitiyə bulaşdı. Nəticədə din öz gerçək şəklini itirdi.

- Tarixi proseslərin müəyyən mərhələlərində tüğyan edən cəhalət və mövhumat İslama aid edilir. Başqa dinlərdə belə bir məsələ varmı?

- Var. Bu İslamın adıyla bağlı deyil, İslama bağlayırlar. Bunu İslamın adıyla əlaqələndirmək doğru deyil. Mövhumat, cəhalət və qaragüruh bütün dinlərdə var. Bu, təkcə İslamla əlaqələndirilən məsələ deyil. Bunu İslama aid etmək üçün piar, müəyyən təbliğat qurulub. Məsələn, orta əsrlər xristianlığında rahibin 6 aydan bir vanna qəbul etməsi ənənəsi vardı. Bu ənənə Şeytanla əlaqəyə girmək kimi qəbul edilirdi. Xristianlıqda bu gün də belə məsələlər var. Hətta insan bədənində xalın müəyyən yerlərdə olmasını keşişlər Şeytanın nişanəsi kimi qəbul edirlər. Guya Şeytan həmin adamla əlaqədə olub və ona öz nişanəsini qoyub. Lakin xal sadəcə canlılara aid olan bir bədən üzvdür. Yəni bu kimi məsələləri nəzərə alanda, cəhaləti təkcə İslamla əlaqələndirmək doğru deyil. Orta əsrlərdə Xristian inkivizasiyası minlərlə insanı fərqli məzhəblərə mənsubluğuna görə tonqalda yandırdı. Qugenotları yada salaq (Varfolomey gecəsi), bir gecənin içində əks məzhəbə, düşüncəyə malik olan insanlar kilsə tərəfindən məhv edildi. İslam tarxində belə bir hadisə olubmu? Cəhalətin, mövhumatın olması sadəcə maariflənmə işinin düzgün aparılmaması ilə bağlıdır.

- Azərbaycanın dünyəvi təhsil sistemi var, dövlətin statusu da belədir. Cəmiyyət isə, sekulyarizmə meyllidir. Lakin buna baxmayaraq, gənclərin müəyyən qismi çox asanlıqla hansısa məzhəbçi və yalançı din xadiminin təsirinə tez düşür.

- Bu dinin mahiyyətini yaxşı bilməməyin nəticəsidir. İslamın olduğu kimi təbliğində boşluqlar var.

- Mövhumatın təbliğatında media qurumlarının rolu varmı?

- Var, özü də bu ciddi məsələdir. Əgər falçı çox rahatlıqla efirə çıxıb cadunu təbliğ edirsə, bu artıq problemdir. İstənilən halda falçıların efirlərə çıxarılması, mövhumatın təbliğatı deməkdir. Əks təbliğatın özü bir təbliğat vasitəsidir. Buna yol verilməməlidir. İslam dinində belə məsələlər bəyənilmir. XXI əsr insanının caduya inanması dəhşətli bir şeydir. İnsan nə qədər bəsit təfəkkürə, dünyagörüşə malik olmalıdır ki, caduya inansın. Belə insanlar həmişə olub və olacaq..

- Bir çox din alimləri və ekspertləri var ki, İslamın doğru təbliğatından danışırlar. Lakin baş verən hansısa hadisəyə münasibətdə məzhəbçi mövqe ortaya qoyurlar. Bu doğru İslamdırmı?

- Tamamilə yalnışdır, məzhəbçilikdən uzaq dayanılmalıdır. Hansısa məsələyə məzhəbçi mövqe ortaya qoymaq İslamın parçalanmasına xidmətdir. Müxtəlif cərəyan və məzhəblər İslamla yanaşı digər dinlərdə də var. Hətta ən monolit din hesab edilən İudaizmdə də cərəyanlar var ki, onlar arasında dini məsələlərlə bağlı fikir ayrılıqları var. İslamda da bu var. Amma bunu ciddi siyasi-ideoloji qarşıdurma müstəvisinə çıxarmaq böyük problemdir. Bu yöndə məsələlərə məzhəbçi baxış sərgiləmək mənfi haldır, əslində İslamın gözdən salınmasına xidmətin ifadəsidir. Bu İslam ölkələrinin, müsəlmanların xeyrinə yox, İslama qarşı təbliğat aparan qüvvələrin xeyrinədir. Bu gün insanın əli bağlı, ya əli açıq namaz qılması problem deyil, əsas namaz qılmaqdır. Bunun özü gözəl bir şeydir.
 
- Radikal terror təşkilatlarının Yaxın Şərqdə həyata keçirdiyi qanlı aksiyları Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə media qurumlarının bu yöndə olan xəbərləri gənclərdə əks effekt yaradır və onları dini radikalizmə sürükləyir. Problemin qarşısının alınması üçün hansı iş görülməlidir?

- Mövhumatın, cəhalətin, istənilən radikalizmin ən böyük düşməni maarifləndirmədir. Maarifləndirmə işinə ciddi diqqət və çox yer ayrılmalıdır. Biz bəzən hər şeyi dövlətdən, Dini İşlər üzrə Dövlət Komitəsindən, Qafqaz Müsəlmanları İdarəsindən gözləyirik. Təbii ki, bu işlərdən birbaşa Dini Komitə məsuldur və bu yöndə çalışmalar edib, bu gün edir də. Qafqaz Müsəlmanları İdarəsinin də effektli çalışmaları var. Amma biz də, QHT sektoru, media, ziyalılar da nəsə etməliyik. Yəni bu təbliğat ciddi şəkildə aparılmalıdır. Xüsusilə medianın üzərinə ağır yük düşür. Jurnalistlərin özlərinin maariflənməsinə diqqət ayrılmalıdır. Jurnalist insanları maarifləndirən qabaqcıl mənbədir. Zərdabi deyirdi ki, "Hər qəzet o vilayətin aynasıdır". Əgər jurnalist savadlı olsa, o cəmiyyət də savadlı olar. Bu yöndə treninqlər təşkil olunmalı, seminarlar keçirilməlidir. Media həm də ekspertləri işə cəlb etməlidir. Təhsil sistemində də bu məsələyə yer verilməlidir. Şagird həqiqətləri müəllimlərin dilindən öyrənəndə, yaşının sonrakı dövlərlərində o mövhumata getməyəcək. O biləcək ki, ağaca sap bağlamaq, üzünü divara sürtmək kimi məsələlər İslamda yoxdur. Ekspertlərin özləri də bu işdə maraqlı olmalıdırlar. Ekspertlər yazılar, seminarlar, müəyyən layihələrlə müəyyən qədər bu işin öhdəsindən gələ bilərlər.

Mənsur Rəğbətoğlu

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İslam dinində parçalanma yaratmağa çalışan dini təqiqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində çap edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31