DAK həyatında yeni bir səhifə
Samir Adıgözəlli: “Dünya Azərbaycanlıları Konqresinin qurultayı Azərbaycan diaspor həyatı üçün mühüm bir hadisədir”
7 Aprel 2015 16:34 MüsahibəAprelin 18-19-da Dünya Azərbaycanlıları Konqresi özünün növbəti qurultayını keçirəcək. Sayca XIII qurultay Türkiyənin İstanbul şəhərində baş tutacaq. Qurultaya hazırlıq, eləcə də orada müzakirə ediləcək məsələlərlə əlaqədar Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəlli ilə söhbətləşdik.
-Samir bəy, Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı sıradan bir qurultay olacaq, yoxsa hansısa yeniliklər gözlənilir?
-Elə Dünya Azərbaycanlıları Konqresinin sonuncu qurultayı da DAK-ın həyatında yeniliklərlə yadda qaldı. Keçən qurultaydan indiyə qədər DAK Azərbaycan diasporununn inkişafı, ölkəmizin problemləri, milli məsələlərin beynəlxalq aləmə çatdırılması istiqamətində xeyli işlər görüb. Əlbəttə, arzu etmək olar ki, daha böyük işlər görülərdi. Ancaq etiraf etmək lazımdır ki, 3 il bundan əvvəl təşkilat daxilində olan müəyyən fikir ayrılıqları, bəzi insanların daha böyük işlər uğrunda mübarizəyə atılması təşkilat üçün çətinliklər yaratdı. Ancaq buna baxmayaraq həmin çətinliklər geridə qaldı və Dünya Azərbaycanlıları Konqresi öz qurultayını keçirdi. Son üç il ərzindəki fəaliyyətini də hər kəsə göstərdi. Konqresin bütün strukturları öz qaydasında, normal işlədi. Bu gün konqres XIII qurultaya çox böyük və ciddi bir iş hazırlığı ilə gedir. Demək olar ki, hər gün qurultaya hazırlıq üzrə İşçi Qrupu ciddi şəkildə çalışır, eyni zamanda konqresin İdarə Heyətinin poltak iclasları təşkil edilir, həmsədrlər başda olmaqla müəyyən məsləhətləşmələr aparılır. Hazırda qurultaya gələcək qonaqlar və qurultay nümayəndələrinin tam tərkibi müəyyənləşdirilir. Qurultay zamanı iştirakçılara DAK İcra Aparatı tərəfindən hazırlanan "Qurultaydan qurultaya" kitabı təqdim ediləcək. Artıq həftə sonu kitab işıq üzü görəcək. Kitabda Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti, gördüyü işlər barədə ətraflı məlumat veriləcək.
-Adətən Dünya Azərbaycanlıları Konqresinin qurultayları Avropa ölkələrində keçirilirdi. Bu dəfə Türkiyənin seçilməsi təsadüfdürmü?
-Bu dəfə qurultayın aprel ayının 18-19-da Türkiyənin İstanbul şəhərində keçirilməsi qərara alınıb. Məlum olduğu kimi ermənilər bu il qondarma soyqırım iddialarının 100 illiyini qeyd edəcəklər. Bu arada DAK-ın qurultayının Türkiyədə keçirilməsi və aprel ayına təyin olunması təsadüfi deyil. Bu konqres rəhbərliyinin nəzərdə tutmuş olduğu plan idi.
-Yəqin ki, qurultayda konqresin yeni tərkibi də seçiləcək?
-Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayında DAK özünün yeni tərkibini seçəcək. Məlum olduğu kimi növbəti dövr Azərbaycan üçün çox mühüm əhəmiyyətli bir dövrdür və bu dövrdə də DAK yeni bir nəfəslə çalışacaq. Bir sözlə İstanbul qurultayı DAK-ın həyatı üçün daha bir səhifə olacaq. Dünya Azərbaycanlıları Konqresi bu qurultayda bir qədər də cavanlaşacaq.
-Bəs qurultayda nə qədər nümayəndə iştirak edəcək?
-Qurultayda 200-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulub. Bununla yanaşı qurultayda həm Türkiyə, həm də digər xarici ölkələrdən kifayətqədər qonaq iştirak edəcək.
-Konqresin nizamnaməsində dəyişiklik gözlənilirmi?
-Təbii ki, nizamnaməyə dəyişiklik məsələsi qurultayın səlahiyyəinə aiddir. Əgər ehtiyac olarsa bəzi dəyişikliklərə gediləcək. Ancaq hazırda İşçi Qrupunda bu məsələ müzakirə mövzusu deyil.
-Belə çıxır ki, rəhbər strukturlara perspektivli gənclər seçiləcək?
-Söhbət yalnız gənclərdən getmir. Ümumiyyətlə, hər kəs özünü yeniliyə hazırlaşır və yeniliklərə imza atmaq istəyir.
-Yəqin ki, konqresə yeni həmsədrlər də seçiləcək?
-Hər halda bu qurultayın səlahiyyətinə aid olan məsələdir. İstər həmsədrlər, istər İdarə Heyəti, istərsə də digər strukturların seçilməsi qurultayın işidir və indidən bu barədə nəsə söyləmək tezdir. Ancaq hər halda hər kəs özünün nə qədər üstün yerə layiq olduğunu yaxşı bilir. Məsələlərə bu cür baxmaq lazımdır. Onu da deyim ki, qurultaya ümummilli birlik əhval-ruhiyyəsi ilə gedirik. Məlumat üçün qeyd edim ki, Dünya Azərbaycanlıları Konqresinin həmsədri hər kəsə müraciət edərək birgə mübarizə aparmağın vacib olduğunu bildirmişdi. Onu da qeyd edim ki, bu gün DAK birdir və kiminsə kənarda Dünya Azəbaycanlıları Konqresinin adından danışmağa haqqı yoxdur. Kimsə gedib başqa təşkilat yarada bilər. Ancaq kimsə DAK-də fəaliyyət göstərmək istəyirsə konqresin qapıları onun üzünə açıqdır. Buyurb gəlsin və qurultayda iştirak etsin. Arzu etdiyi yerə qurultay məsləhət görərsə ora da seçilər. Ona görə də hər kəs qurultaya dəvət edilib.
-Bəs DAK həmsədrinin məlum müraciətindən sonra birlik üçün dəstək nümayiş etdirənlər oldu?
-Əlbəttə. Bu gün DAK-dan kənarda olan kifayıtqədər dostlarımız Sabir Rüstəmxanlının məlum müraciətini alqışlayıb və müsbət qarşılayıblar. Onlar da qurultaya dəvət ediliblər. Ümumiyyətlə, Dünya Azərbaycanlıları Konqresinin qurultayı Azərbaycan diaspor həyatı üçün mühüm bir hadisədir. Ona görə də bu qurultayı Azəbaycan xalqının adına layiq keçirmək üçün hər kəs əlindən gələni etməlidir.
Süleyman İsmayılbəyli