Bəşəriyyət “Sülh günü”nü qeyd edir - MÜSAHİBƏ
Azərbaycan isə müharibə şəraitində yaşayır
18 Sentyabr 2012 16:13 MüsahibəRəbiyyət Aslanova: "Xalqımız dünyanın ən sülhsevər xalqı kimi 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllini seçim edib"
Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır.
-Rəbiyyət xanım, hər il bütün dünya 21 sentyabr tarixini "Sülh günü" kimi qeyd edir. Artıq növbəti "sülh günü"nə də saylı günlər qalır. İnsan hüquqları ilə məşğul olan bir şəxs kimi bu günün tarixi zəruruliyi ilə bağlı nə deyərdiniz?
-Bəşəriyyət yaranandan bəri sülh axtarışındadır. Əbədi sülh ideyasının dünya qədər yaşı var. Bütün dövrlərin mütəfəkkirləri sülh idealını təqdir edib, ona yaxınlaşmağın yollarını arayıblar. Hələ XV əsrdə Erazm Potterdamlı "Sülh şikayəti", XVIII əsrdə İmmanuil Kant "Əbədi sülhə doğru"əsərini yazıb. Sülh arzusu, məramı dünyanın demək olar bütün böyük dinlərinin ilk kəlamı, salamıdır. İslamda "Əssəlamu-əl-leyküm", iudaizmdə "Şolom aleyhem"- "Qoy evinizdə sülh olsun" deməkdir. Dünyanın müasir tarixində "Sülh uğrunda hərəkatlar" təsis olunub, "Sülhün təmin edilməsinə" görə mükafatlar verilir, abidələr ucaldılır. Sülh bəşəriyyətin məqsədi, missiyası, həm də halal haqqıdır. Lakin bu da acı reallıqdır ki, tədqiqatçı R.Ceksonun hesablamasına görə "1945-ci ildən üzü bəri planetdə cəmi 26 dinc gün mövcud olmuşdur". Bununla belə, ümidlər də az deyil. 21 sentyabr bütün dünya ökələrində "Sülh günü" kimi qeyd olunur. Beynəlxalq Sülh Günü 1982-ci ildən keçirilir və bu gün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunur. Sülh gününü təsis edən BMT Baş Assambleyası onu dövlətlərarası və ölkələr daxilndə əbədi sülhün təmin edilməsi yolları haqda birgə düşüncələrə təkan vermək məqsədi ilə təsis edib. Ancaq hətta sülh günündə belə ümumi məqsədlər naminə dövlətlər bir-birilə dil tapa bilmir, həmin gün də dünyada zorakılıq sədaları səngimir.
-Hər halda bu yöndə belə demək mümkünsə, "sülh statistikası"na nəzər salmaqla, bir çox məqamlara daha dəqiq aydınlıq gətirmək olar...
- İndiyə qədər bəşəriyyətdə 14000 muharibə olub və bu muharibələrdə 3.5 milyard insan öldürülüb. Əlil olanların, yaralananların, mülkiyyətə vurulan ziyanın həddi-hüdudu yoxdur. Dünya o qədər təhlükəli olub ki, ölkələrdə istifadə olunan şəxsi mühafizə xidmətlərinin sayı, həmin ölkələrin rəsmi polisi və jandarmalarının sayını keçib. Şəxsi təhlükəsizlik vasitələrinə xərclənən vəsaitin sayı-hesabı yoxdur. Məsələn, I və II dünya müharibələri arasında yalnız 20 il sülh "fasiləsi" olmuşdursa da, son dünya müharibəsindən artıq 70 ilə yaxın sülhlə müşayiət olunan bir müddət keçir. Amma bu günün gerçəkliyi həm də odur ki, dünyada tam sülh şəraitinin bərqərar edilməsi və müharibələrsiz bir dünya düzəninin formalaşması obyektiv olaraq mümkün deyil. Bunun üçün dünya çox böyük və rəngarəngdir.
-Yəni, fikrinizcə, dünyada regional və lokal müharibələrin baş verməsi gələcəkdə də istisna deyil.
-Təəssüflər olsun ki, bu, acı bir reallıqdır. Tədqiqatlara görə, bütün dünyadakı aclıq problemini aradan qaldırmaq üçün ildə 30 milyard dollar pula ehtiyac var, bu rəqəm dünyada bir həftədə müharibə üçün xərclənəni məbləğə bərabərdir. 2007-c ildən etibarən dünyada "ən sülhsevər xalq"ları müəyyən etmək üçün qlobal reytinqləri də keçirilir. Reytinqlərdə konkret dövlətlərdə cəmiyyətin birgəyaşayış ənənələri, iqtisadi inkişafın səviyyəsi, ölkə ərazisində münaqişənin olub-olmaması və sair göstəricilər əsas hesab edilir. Azərbaycan haqsız münaqişəyə cəlb edilən, ərazisində mühariibə gedən dövlət kimi burada təbii olaraq ilk yerlərdə deyil.
Lakin hesab edirik ki, xalqımız dünyanın ən sülhsevər xalqı kimi 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllini seçim edib. 2011-ci ilin statistikasına görə, bu reytinqdə sülh vəziyyətinin ən çox təmin edildiyi ölkə kimi İslandiya 1-ci yerdə durur, ən az sülh şəraiti olan ölkə isə Somalidir. Bu iki ölkəni mədəni, iqtisadi və siyasi cəhətdən müqayisə etsək aradakı dağlar boyda fərqi görə bilərik. Deməli, müharibələr insanları öldürməkdən əlavə onların inkişafını da ləngidir. Eleanora Ruzvelt yazırdı ki, "Sülh haqda danışmaq kifayət deyil, kimsə sülhə inanmalıdır. İnanmaq da kifayət deyil, kimsə sülh üçün nəsə etməlidir". Bu gün Avropa məkanında 2-ci dünya müharibəsindən sonra sülhün bərqərar olduğu ən böyük mərhələnin yaşanması, reallıq olması böyük ümidlərdən xəbər verir. Dünyada ən uzun müddətli (1814-cü ildən bəri) fasiləsiz sülh şəraitində yaşayan ölkə İsveçrədir. Bu onu göstərir ki, sülh və inkişaf arasında sıx əlaqə mövcuddur. ABŞ prezidenti Barak Obamanı özünün Nobel sülh mükafatı mərasimindəki nitqini Ədalətli sülh və ədalətli müharibə " mövzusuna həsr edib. O qeyd edirdi ki, "Biz acı həqiqəti etiraf etməliyik: nə qədər ki, yaşayırıq münaqişələri həyatımızdan yox edə bilməyəcəyik. Elə məqamlar olacaq ki, dövlətlər təklikdə yaxud birlikdə qüvvə tətbiqinin nəinki zəruri olduğunu, hətta mənəvi-əxlai baxımdan doğru olduğu qənaətinə gələcəklər". Ədalətli müharibə isə yalnız öz ərazisində düşmənə müqavimət göstərildiyi müdafiə edildiyi müharibədir. Baxmayaraq ki, İraq ABŞ-a hücum etməmişdi, bununla belə həmin müharibəni amerikalılar ədalətli hesab edirlər.
-Bir qədər gülməli və qəribə olsa da, hazırkı geosiyasi vəziyyətdə Ermənistanın işğalçı müharibəsi ədalətli sayıla bilərmi?
-Onlar ədalətsiz və işğalçıdırlar. Yenə də Barak Obamanın çıxışına qayıdaraq qeyd etmək istəyirəm ki, onun məlum nitqi "müharibə müdafiə deməkdir" qənaəti üzərində qurulmuşdu. "Ədalətli müharibə", sitat: "öz dövlətimi qorumaq və müdafiə etmək"( "to protect and defend my nation) deməkdir. Deməli, ədalətli müharibə sənin öz torpaqlarında müdafiə olunduğun , təcavüzə qarşı durduğun müharibədir. Deməli, sənin torpaqlarına təcavüz edən işğalçıdır və bu, ədalətsiz müharibədir. Biz nə etsək, haqlıyıq! Azərbaycan işğala qarşı torpaqlarını azad etmək hüququna malikdir, lakin 20 ildir ki, sivil və beynəlxalq hüquq qaydalarına əməl edərək sülh yolunu üstün tutub. Eyni zamanda, sülh təkcə aşkar görünən münaqişənin olmaması demək deyil, ədalətli sülh ədalətli müharibə nəticəsində qazanılır. Azərbaycan bu gün atəşkəs rejimindədir, lakin ədalətli sülh yoxdur, çünki beynəlxalq hüququn ədalətli qərarı ilə həll olunmayıb. Sülh ümumbəşəri dəyər, fundamental hüquqdur. Sülh olmayanda başqa dəyərlər də qiymətdən düşür. Müharibələr dünyasında sülh adlı "nəfəs dərimi" fasilələri var. Bu gün ən böyük fasilə-70 il yaşanılır. Sülh missiyadır. Sülh və qlobal təhlükəsizlik demək olar ki, qoşa anlayışlar ,fenomenlərdir. Sülh və əməkdaşlıq Azərbaycanda dövlət siyasətidir. Azərbaycan antiterror koalisiyasında öz yerini tutur və dünyada sülhə öz töhfəsini verir. Yaxşı məlumdur ki, Ulu Öndər Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti və xidmətləri ilə də tarixdə qalıb. Ümummilli lider, dünya siyasətinin və Azərbaycanın tanınmış lideri Heydər Əliyev məhz böhranlar dövründə öz ölkəsinə sülh və sabitlik gətirməklə bugünkü tərəqqimizin təməlini qoyub. Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi dövrdə ABŞ və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ müharibəsində atəşkəsin bəyan edilməsi, sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynayıb. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırıb və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaradıb.
-Rəbiyyət xanım, məqamı düşmüşkən, dünyada sülh və sülhsevər lider amilini necə dəyərləndirirsiniz?
-Bütün müharibələri liderlər başlayır və onlar sona çatdırır. Bu o deməkdir ki, dünyada sülh sülhsevər liderlərə möhtacdır. Bu gün dünya sülhsevər lider qıtlığını yaşayır. İşğalçı siyasətlə hakimiyyətə gələn, hərbi cinayətlərdə iştirak edən ölkənin lideri heç vaxt sülhün qədrini dərk edə bilməz. Tanınmış italyan tarixçisi V.Mançelli beynəlxalq konfransların birində deyib ki, "Xoşbəxtlikdən dünyada davakar siyasətçilərlə yanaşı sülh fəlsəfəsini formalaşdıran siyasətçilər də olmuşdur və var". Yəni, onlar sülh konsepsiyasını verməklə yanaşı, onun həyata keçməsi üçün çalışmışlar. Heydər Əliyevin " Bəli, sülhün nə olduğunu biz bilirik. Atəşkəs olmasaydı müstəqillik olmazdı. Lakin biz ədalətli sülh istəyirik"-fikirləri də bu gün beynəlxalq sülhə verilən töhfələri yada salır. Ölkə Prezidenti İlham Əliyev dünyaya inteqrasiya qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə sülhsevər lider kimi tanınır. Ölkəmiz regionda inkişaf və sabitliyin təminatçısı kimi tanınır. Sabitlik isə məlum olduğu kimi sülhün əsas şərtlərindən biridir. Dünyada hər bir ölkənin öz yeri və məqsədləri, bəzən haqlı gözləntiləri və əksər hallarda isə əsassız iddiaları mövcud olur. Bu da çoxlarının etiraf edə bilmədiyi bir reallıqdır. Bu reallıqda Azərbaycanın komplekslərdən azad olmaq kimi üstün xüsusiyyətə malikdir. Belə ki, bəzi dövlətlər qədim tarixi sərhədlərini bərpa etməyə, bəziləri fövqəldövlət statsusunu qaytarmağa, digərləri yeni dünyanın hegemon gücü olmağa iddia edir. Kimisə özünütəcrid, kimisə qarşıdurma, beynəlxalq birgəyaşayış prinsiplərinə zidd, kimi də ərazi bütövlüyünü pozan işğalçı dövlət imicini qazanıb. Azərbaycan bütün bunlardan azaddır və bu da onun daxili və xarici siyasət resursu, rəqabət üstünlüyü kimi mövqe tutmağa əsas verir. Həmçinin, sülhün təmin edilməsi mexanizmlərindən biri də işğalçı ölkənin beynəlxaq birliyin iradəsinə tabe edilməsi, ortaq səyləri ilə ədalətli sülhə məcbur olunması ola bilər. Müharibə yalnız indiki deyil, gələcək nəsillərə də böyük ziyan vurur. Əgər sülh ənənəyə çevrilməyibsə, deməli, bəşəriyyətin dinc gələcəyi haqda düşünməyə dəyməz. Əgər, hətta, XXI əsrdə bir dövlət başqa dövləti ərazisini işğal altında saxlayırsa, deməli, sülh haqqında danışılanlar hələlik yalnız söz olaraq qalmaqdadır.
İstənilən lüğətə baxsaq, sülh "müharibənin olmaması, olmadığı" vəziyyət kimi tərif edilir. Sülh vaxtı hər hansı bir dövlətin ərazisində müharibənin olmaması mənasını verir. Azərbaycanın üzləşdiyi və yaşadığı reallığa tətbiq edilərsə, deməli, xalqımız sülh zamanında yaşamır. Həll olunmamış münaqişələr insanların ürəyində qalan sülh arzuları, milyonlarla vətəndaşın etnik təmizləməyə məruz qalması, öz tarixi torpaqlarından qaçqın düşməsi deməkdir. 1988-ci ildən üzü bəri dünyanın dəyişən mənzərəsində Azərbaycan Qafqaz regionunda daha çox qanlı müharibəyə məruz qalan ölkə oldu. Azərbaycan təcavüzkar Ermənistan dövlətinin işğalçı siyasətinə məruz qalaraq müharibə şəraitində yaşayır. Yenicə qazandığı müstəqilliyin şirinliyini dadmağa çalışan vətənimiz Ermənistan tərəfindən silahlı təcavüz nəticəsində torpaqlarının 20%-ni itirdi. Hərb müdaxilə və işğala məruz qalan, artıq 20 ildən çox müddətdə hərbi çəkişmələr poliqonuna çevrilən Azərbaycan cəmiyyətinin gündəmində sülhdən çox hər gün müharibə xronikası, mövzusu daha aktual yer tutur. Bu yerdə məşhur "Sülh istəyirsənsə, müharibəyə hazır ol!" şüarı öz təsdiqini tapır. Azərbaycan xalqı sülhsevər xalqdır. Xalqımız heç vaxt başqa dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməyib, heç kəsin torpağına göz dikməyib. Lakin tarixi torpaqlarımız işğalçı müharibəyə məruz qalıb. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməyə qadir qüdrətli ordusu var. Reallıqda dərk edilməsə də, Azərbaycan münaqişənin həllinin sülh yolunu tutmaqla əslində sülhə sadiq olduğunu çoxdan sübut edib.
Alim