Birbaşa ticari əlaqələr: Etimad körpüsü qurulur, yoxsa sülh uzaqdadır?- ÖZƏL
17:16 SiyasətErmənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan iş adamlarının artıq hökumətlərin vasitəçiliyi olmadan, birbaşa əlaqə qura biləcəklərini bəyan edib. O bildirib ki, əvvəllər mal siyahıları rəsmi qurumlar vasitəsilə mübadilə edilsə də, hazırda buna ehtiyac qalmayıb. Baş nazir tədarük olunan məhsulların çeşidinin genişlənə biləcəyini, lakin təhlükəsizlik səbəbindən azərbaycanlı rəsmilərlə görüşən erməni iş adamlarının adlarının gizli saxlanılacağını vurğulayıb.
İş adamları arasında birbaşa təmasların qurulması siyasi sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilərmi? Bu ticari əlaqələr hansı nəqliyyat dəhlizləri üzərindən həyata keçiriləcək və Zəngəzur dəhlizi məsələsinə təsiri nə olacaq?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" İş adamları arasında birbaşa təmasların qurulması, əlbəttə ki, tərəflər arasında etimad mühitinin formalaşdırılması deməkdir. Etimad mühiti isə sülh müqaviləsinin imzalanması üçün lazım olan əsas amillərdən biridir. Etimad mühitinin qurulması və daha da möhkəmləndirilməsi ciddi nəticələrə gətirib çıxara bilər. Eyni zamanda iş adamları iki dövlət arasında gələcəkdə reallaşdırılması planlaşdırılan regional marşrut xətlərinin açılması, tranzit məsələlərin həlli istiqamətində də ilkin təcrübələr əldə edə bilərlər və bu təcrübələr gələcəkdə bir yol xəritəsinə çevrilə bilər.
Ancaq sülh müqaviləsinin imzalanması məsələsinə gəldikdə, bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəblər arasında iqtisadi faktorlar yoxdur. Yəni iş adamları hansısa iqtisadi faktoru dəyişməklə və ya yaxşılaşdırmaqla sülh müqaviləsinə ciddi təsir göstərə bilməzlər. Çünki artıq iqtisadi baxımdan anlaşılmayan hər hansı bir məsələ qalmayıb. Hər iki tərəf razıdır ki, regional xətlər açılmalıdır, iqtisadi məsələlər həllini tapmalıdır və hər kəs bundan faydalanmalıdır. Geri qalan əsas problemlər isə ərazi iddiaları, şovinist yanaşmalar, Ermənistan Konstitusiyası və digər hüquqi məsələlərlə bağlıdır. Bu problemlər iqtisadi məsələlərdən qaynaqlanmadığı üçün biznesmenlərin bu sahədə təsiri o qədər də ciddi hesab olunmur. Bununla belə, müəyyən yumşalmalar əldə edilə bilər, iqtisadi mühit formalaşdırıla bilər. Amma qalan problemli məsələlərin- ərazi iddialarından tutmuş konstitusion və hüquqi məsələlərə qədər həlli Ermənistan tərəfinin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən asılıdır. Şovinist iddialardan və yanaşmalardan imtina edilməlidir.
Ticarət əlaqələrinin hansı nəqliyyat dəhlizləri üzərindən həyata keçiriləcəyinə gəldikdə isə, hazırda bunun üçün xüsusi və iri miqyaslı nəqliyyat dəhlizlərinin nəzərdə tutulduğunu demək çətindir. Çünki bu mərhələ başlanğıc addımları əhatə edir və hələ ki, kiçik həcmli ticarət əməliyyatlarından söhbət gedir. Həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Azərbaycana daşınacaq məhsullar kütləvi xarakter daşımadığı üçün bu yüklərin adi nəqliyyat vasitələri -yük maşınları və ya mövcud marşrutlar vasitəsilə daşınması mümkündür. Əvvəllər də yüklər Rusiya və ya Qazaxıstan üzərindən qatarlarla daşınıb və hazırda da həmin marşrutlardan istifadə edilə bilər. Gələcəkdə sülh müqaviləsi imzalandıqdan sonra regional xətlərin açılması və iqtisadi-ticari əlaqələrin genişlənməsi gündəmə gəldikdə isə nəqliyyat marşrutları daha böyük əhəmiyyət kəsb edəcək. Bu marşrutların başında isə Zəngəzur məsələsinin dayanacağı gözlənilir.
Zəngəzur dəhlizinin açılması aktual məsələ kimi ön plana çıxacaq. Lakin bu dəhlizin hansı şərtlərlə açılacağı, necə adlandırılacağı kimi məsələlər tərəflər arasında aparılacaq danışıqlar nəticəsində müəyyən olunacaq.
Bu mövzular rəsmi səviyyədə müzakirə ediləcək, tərəflər ortaq məxrəcə gəlməyə çalışacaq və hüquqi məsələlər öz həllini tapacaq. Amma bir reallıq var ki, ortaq nəqliyyat dəhlizlərinin ən mühüm həlqələrindən biri məhz Zəngəzur marşrutu olacaq. Ermənistan ərazisindən keçən hissənin necə adlandırılması isə gələcəkdə həll ediləcək məsələdir.
Azərbaycan üçün bu marşrut Zəngəzur dəhlizi kimi qəbul olunur. Bu, tarixi Azərbaycan toponimidir və bu adın qorunması məsələsində Azərbaycan tərəfi öz mövqeyində qətiyyətli qalır".
Zeynəb Mustafazadə