Təhsildə yenilənmə prosesi: gözləntilər və reallıqlar

Təhsil hər bir cəmiyyətin təməl sütunlarından biridir. Bir xalqın gələcəyi, onun düşüncə tərzi, dünyaya baxışı və inkişaf potensialı məhz təhsil üzərində qurulur. Bu baxımdan təhsil sadəcə bilik ötürən mexanizm deyil, eyni zamanda insanı formalaşdıran, ona kimlik qazandıran, onu cəmiyyətin fəal üzvünə çevirən bir sistemdir. Təhsilin gücü də məhz buradan qaynaqlanır o, yalnız öyrətmir, həm də dəyişdirir.
Orta təhsil bu sistemin başlanğıc nöqtəsidir. Uşağın dünyanı tanıdığı, ilk sosial münasibətləri qurduğu, özünü ifadə etməyi öyrəndiyi məkan məktəbdir. Düşünürəm ki, məhz bu mərhələdə verilən biliklərdən daha çox, formalaşan düşüncə tərzi və yanaşma vacibdir. Şagirdin sual verməyi, araşdırmağı, müstəqil düşünməyi öyrənməsi onun gələcək həyatına birbaşa təsir edir. Ali təhsil isə artıq bu təməlin üzərində qurulan daha dərin və ixtisaslaşmış mərhələdir. Universitet illəri insanın yalnız peşəkar biliklər qazandığı dövr deyil, eyni zamanda onun dünyagörüşünün genişləndiyi, fərqli baxış bucaqları ilə tanış olduğu bir mərhələdir. Məncə, ali təhsil insanı yalnız peşə sahibi etmir, onu daha məsuliyyətli, daha analitik və daha çevik düşünən bir fərd kimi yetişdirir. Bu isə müasir dövrdə ən çox tələb olunan keyfiyyətlərdəndir. Magistratura təhsili isə bu prosesin daha seçilmiş və məqsədyönlü davamı kimi çıxış edir. Düşünürəm ki, bu mərhələ artıq yalnız bilik əldə etmək deyil, həmin bilikləri tətbiq etmək, araşdırmaq və yenilik yaratmaq mərhələsidir. Magistratura oxuyan gənclər yalnız mövcud biliklə kifayətlənmir, həm də yeni ideyalar formalaşdırmağa çalışır. Bu isə cəmiyyətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Son illərdə isə təhsil sistemində aparılan yeniliklər bu sahəyə marağı daha da artırıb. Müasir dövrün tələblərinə uyğunlaşmaq, beynəlxalq standartlara inteqrasiya olunmaq və təhsilin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Məncə, bu da təbiidir. Çünki təhsil hər kəsə toxunan bir sahədir və burada atılan hər addım birbaşa olaraq gələcək nəsillərə təsir edir.
Xüsusilə 11-ci sinif buraxılış imtahanlarına esse tapşırığının əlavə olunması, attestatların elektronlaşdırılması və magistratura səviyyəsində imtahanlara speaking mərhələsinin daxil edilməsi kimi yeniliklər fərqli yanaşmalar doğurur. Bəzi insanlar bu dəyişiklikləri müasir və zəruri addım kimi qiymətləndirir, digərləri isə müəyyən çətinliklər və risklərdən narahat olduqlarını bildirirlər. Düşünürəm ki, burada əsas məsələ yeniliyin özü deyil, onun necə tətbiq olunması və cəmiyyət tərəfindən necə qəbul edilməsidir.
Əslində hər bir islahat müəyyən suallar doğurur. Bu suallar isə inkişafın ayrılmaz hissəsidir. Məncə, vacib olan bu proseslərə emosional deyil, daha çox rasional yanaşmaq, həm müsbət, həm də mənfi tərəfləri obyektiv şəkildə qiymətləndirməkdir. Təhsil kimi həssas və strateji bir sahədə atılan addımlar yalnız bu gün üçün deyil, sabah üçün də hesablanmalıdır.
Bu baxımdan son dəyişikliklərə yalnız "doğrudur" və ya "yanlışdır" prizmasından baxmaq kifayət etmir. Düşünürəm ki, daha geniş perspektivdən yanaşaraq bu yeniliklərin təhsilin ümumi inkişafına necə təsir edəcəyini anlamağa çalışmaq lazımdır. Mövzu ilə bağlı  "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib:
" Suallarınıza cavab olaraq bildirmək istəyirəm ki, ilk növbədə 11-ci sinif səviyyəsində xarici dillə bağlı buraxılış imtahanına essenin daxil edilməsini məqsədəuyğun hesab etmirəm. Mənim fikrimcə, bu bacarıqların ayrıca qiymətləndirilməsi daha düzgün və effektiv model ola bilər. Daha optimal yanaşma kimi, xarici dil biliklərinin əlavə sertifikatlaşdırma mexanizmi vasitəsilə qiymətləndirilməsi nəzərdən keçirilə bilər. Belə ki, gələcəkdə abituriyentlər xaricdə təhsil almaq istədikdə və ya ölkə daxilində universitetlərin xarici dilli bölmələrini-məsələn, ingilis bölməsini seçdikdə, bu zaman xüsusi dil sertifikatlarının tələb olunması daha məntiqli görünür. Bu, həm də beynəlxalq təcrübəyə uyğun bir modeldir. Məsələn, ingilis bölməsində təhsil almaq istəyən tələbələr üçün müvafiq səviyyəni təsdiqləyən sertifikatın təqdim olunması şərt kimi qoyula bilər. Bu halda abituriyentlər əlavə imtahan verərək həmin sertifikatı əldə edə bilərlər və bu proses birbaşa buraxılış imtahanının tərkib hissəsi olmamalıdır. Sertifikatlaşdırma prosesi daha çevik və əlçatan formada təşkil olunmalıdır. Məsələn, il ərzində müəyyən aralıqlarla-ayda bir dəfə və ya iki aydan bir belə imtahanların keçirilməsi şagirdlərə əvvəlcədən hazırlaşmaq və nəticələrini planlaşdırmaq imkanı yaradar. Bu həm də onların stress yükünü azaldar və bir imtahandan asılılıq riskini minimuma endirər. Eyni zamanda, şagirdlər artıq 10-cu sinifdən etibarən bu sistem barədə məlumatlı olmalı, hansı hallarda bu sertifikatın tələb olunacağını dəqiq bilməlidirlər. Bu, onların vaxtlarını daha düzgün planlaşdırmasına və əlavə vaxt itkisi ilə qarşılaşmamasına şərait yaradar. Sertifikatın müəyyən müddət ərzində qüvvədə olması da mühüm amillərdən biridir və bu məsələ də əvvəlcədən aydın şəkildə tənzimlənməlidir.
Digər tərəfdən, bu digər istiqamətlər üçün- başqa peşə məktəblərinə, kolleclərə və ya xarici dillə birbaşa əlaqəsi olmayan sahələrə yönələn abituriyentlər üçün belə bir tələb əlavə yük və bəzən də motivasiya azaldıcı faktor kimi çıxış edə bilər. Xarici dil bilikləri isə ayrıca, daha çevik və məqsədyönlü sertifikatlaşdırma mexanizmi ilə ölçülməlidir. Bu yanaşma həm şagirdlərin fərdi inkişaf trayektoriyasını dəstəkləyər, həm də təhsil sistemində daha balanslı və ədalətli qiymətləndirmə mühiti yaradar.
Eyni yanaşma magistratura səviyyəsi üçün də keçərlidir. Artıq bu mərhələdə ingilis bölməsində təhsil almaq istəyənlər üçün müəyyən dil tələbləri mövcuddur və bu tələblərin ayrıca sertifikat vasitəsilə yoxlanılması daha məqsədəuyğundur. Bu, həm qəbul prosesinin şəffaflığını artırar, həm də namizədlərin real dil biliklərini daha obyektiv qiymətləndirməyə imkan verər. Hesab edirəm ki, ingilis dilinin bu qədər mürəkkəb formada-danışıq, yazı, dinləmə və anlama kimi bütün komponentlərlə birlikdə vahid bir imtahan modelinə daxil edilməsi praktik baxımdan da çətinliklər yaradır. Bu, şagirdləri öz əsas ixtisaslarından yayındıraraq diqqəti tamamilə dil öyrənməyə yönəldə bilər. Nəticədə isə nə əsas ixtisas üzrə, nə də dil bilikləri üzrə arzuolunan nəticələr əldə olunur. Bu baxımdan daha çevik, mərhələli və məqsədəuyğun qiymətləndirmə mexanizmlərinin tətbiqi daha effektiv hesab edilə bilər". 
Təhsil hər bir fərdin həyatına birbaşa təsir edən sahədir və burada atılan hər addım müxtəlif baxış bucaqlarından qiymətləndirilir. Bu baxımdan səslənən fərqli fikirlər əslində prosesin daha geniş və hərtərəfli müzakirəsinə şərait yaradır. Qeyd olunduğu kimi əsas məsələ yeniliklərin olub-olmaması deyil, onların hansı formada tətbiq edilməsi və nə dərəcədə effektiv nəticə verməsidir. Bu isə yalnız zamanla, praktik tətbiq və real nəticələr əsasında daha aydın görünə bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31