Tamaşaçı "yox" dedi, kanal "hələ yox": Bağlanan verilişlər hansı qapıdan geri qayıdır?
17:45 SosialAzərbaycan televiziya məkanında müşahidə olunan dəyişikliklər, xüsusilə də bir sıra verilişlərin efirdən kənarlaşdırılması ictimaiyyətin diqqətini ciddi şəkildə cəlb edib. Tamaşaçıların sosial şəbəkələr vasitəsilə daha fəal mövqe nümayiş etdirməsi, televiziya məzmununa qarşı tələbkarlığın artması və ümumi media mühitində keyfiyyətə yönəlik çağırışlar bəzi layihələrin bağlanmasına səbəb olub. Bu qərarlar ilk baxışdan cəmiyyətin istəyinə uyğun addım kimi qiymətləndirilsə də, prosesin sonrakı mərhələsi yeni müzakirələrə yol açıb. Xüsusilə də tanınmış televiziya aparıcısı Zaur Baxşəliyev ilə bağlı baş verənlər bu kontekstdə daha çox diqqət çəkir. Onun uzun müddət ATV kanalında yayımlanan və geniş auditoriya qazanan layihələrinin bağlanması bir çox tamaşaçı tərəfindən müsbət qarşılanmışdı. İnsanlar düşünürdü ki, artıq narazı olduqları məzmun birdəfəlik efir həyatını başa vuracaq və televiziya məkanında yeni, daha keyfiyyətli layihələrə yer veriləcək. Lakin gözləntilərin əksinə olaraq, hadisələrin inkişafı fərqli istiqamətdə davam etdi. Mətbuatda yayılan məlumatlara əsasən, aparıcının birbaşa yeni verilişlərlə efirə qayıdışı baş verməsə də, onun əvvəlki layihələri yenidən tamaşaçıya təqdim olunmağa başlanıb. Belə ki, Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyevanın birgə təqdim etdiyi "Zaurla Günaydın" proqramı təkrar formatda yenidən efirə buraxılıb. Bu addım cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir tərəfdən, verilişin sadiq izləyiciləri üçün bu, nostalji hisslər yaradan və sevilən anların yenidən yaşanmasına imkan verən bir fürsət kimi qiymətləndirilir. Digər tərəfdən isə, məhz bu layihələrin bağlanmasını tələb edən tamaşaçı kütləsi üçün bu qərar müəyyən mənada əvvəlki narazılıqların yenidən aktuallaşması deməkdir.
Məsələnin daha maraqlı tərəfi isə ondan ibarətdir ki, verilişin təkrar yayımı da kifayət qədər geniş zaman kəsiyini əhatə edir. Hazırda hər həftənin şənbə və bazar günləri saat 10:00-da yayımlanan proqram, faktiki olaraq yenidən televiziya məkanında özünə yer tutmaqdadır.
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Olaylar.az-a danışıb: "Həyatımın böyük bir hissəsini televiziyada həm ekspert kimi, həm də müxtəlif verilişlərdə aparıcılara dəstək verən köməkçi qismində iştirak etdiyim üçün televiziya, ümumiyyətlə isə milli efir mədəniyyəti mənə çox yaxın anlayışdır. Bu sahənin daxili mexanizmlərini, yaradıcı proseslərini, redaksiya məsuliyyətini və tamaşaçı ilə qurulan incə əlaqəni yaxından müşahidə etmiş bir insan kimi deyə bilərəm ki, efir sadəcə əyləncə məkanı deyil - bu, cəmiyyətin aynası, kollektiv yaddaşın formalaşdığı platformadır. Məhz buna görə də hesab edirəm ki, istənilən sahədə olduğu kimi, televiziyada da hər hansı bir verilişin və ya telekanalın bağlanması, əgər burada siyasi və ya milli-mənəvi dəyərlərimizə ciddi şəkildə zidd olan böyük yanlışlar yoxdursa, qətiyyən doğru yanaşma deyil. Əslində, televiziya uzun illər boyu cəmiyyətin özünü tanıma vasitəsi olub. Bu gün də belədir. Yaxşı və ya zəif olmasından asılı olmayaraq, sosial verilişlərdən tutmuş müxtəlif şou proqramlara qədər Azərbaycan televiziyalarında yayımlanan verilişlərin böyük əksəriyyəti milli tamaşaçını yenidən öz efir məkanımıza qaytarır. Bu, çox vacib məqamdır. Çünki müasir informasiya mühitində tamaşaçı alternativsiz deyil. O, istədiyi an İran, Türkiyə, Rusiya, Avropa və Amerika kanallarına yönələ bilər, fərqli düşüncə modellərinin təsiri altına düşə bilər. Belə bir vəziyyətdə, hətta ən zəif milli televiziya məhsulu belə bizim üçün müəyyən dəyər daşıyır. Çünki orada Azərbaycan insanı var, onun dili, davranışı, psixologiyası, problemləri və sevincləri var. Bu isə gələcək üçün əvəzolunmaz bir "elektron arxiv" deməkdir. Televiziya efiri əslində zamanın canlı salnaməsidir. Bu gün yayımlanan hər bir proqram sabah üçün tarix materialıdır. İstər sosial mövzulara toxunan verilişlər, istər məişət problemlərini işıqlandıran proqramlar, istərsə də əyləncə formatlı şoular - hamısı birlikdə bir dövrün sosial portretini yaradır. Sabah hansısa tədqiqatçı, tarixçi və ya hətta süni intellekt sistemləri Azərbaycan cəmiyyətinin bu gününü öyrənmək istəyəndə məhz bu audiovizual materiallara istinad edəcək. Ona görə də hər bağlanan veriliş təkcə efirdən silinmir, eyni zamanda gələcəyin yaddaşından da çıxarılmış olur. Telekanallarda bağlanan sosial verilişlərlə bağlı biz dəfələrlə mövqeyimizi bildirmişik. Mən hesab edirəm ki, bu proqramları birdəfəlik bağlamaq əvəzinə, onların üzərində işləmək, formatını təkmilləşdirmək, etik çərçivələri daha da gücləndirmək və tamaşaçı zövqünü yüksəldən istiqamətə yönəltmək daha düzgün olardı. Çünki problem varsa, onu aradan qaldırmağın yolu məhv etmək deyil, inkişaf etdirməkdir. Bu gün isə fərqli mənzərə ilə qarşılaşırıq: bağlanan sosial verilişlərin yerini ya xarici televiziya məhsulları, ya da çox zəif, təsirsiz maarifləndirici proqramlar tutur. Nəticədə tamaşaçı yenidən milli efirdən uzaqlaşır. Bu, sadəcə media problemi deyil, bu, artıq milli informasiya təhlükəsizliyi məsələsinə çevrilə bilər. Çünki informasiya boşluğu heç vaxt boş qalmır; onu mütləq kimsə doldurur".
Kulturoloqun fikrincə, Zaur Baxşəliyev və digər aparıcıların verilişlərinin təkrar yayımlanmasında da heç bir təhlükəli məqam yoxdur. Bu verilişlər efirə getməzdən əvvəl çoxmərhələli yoxlamadan keçir: redaktorlar, telekanal rəhbərliyi və Audiovizual Şura tərəfindən nəzarət olunur. Üstəlik sosial verilişlərdə tətbiq olunan 5 dəqiqəlik gecikmə mexanizmi də riskləri minimuma endirir. Belə olan halda ciddi və təhlükəli səhvlərin efirə çıxması ehtimalı olduqca aşağıdır. Əgər bu verilişlərin bağlanmasının arxasında hansısa maraqlar dayanırsa, bunu qərar verənlər daha yaxşı bilər. Amma obyektiv reallıq ondan ibarətdir ki, bu cür addımlar Azərbaycan televiziyasının inkişaf tempinə mənfi təsir göstərir. Onsuz da telekanalların maddi vəziyyəti ağırdır. Milli reklam bazarı kifayət qədər inkişaf etməyib, qlobal reklamlar isə daha çox xarici platformalarda hazırlanaraq sifariş əsasında yayımlanır. Bu şəraitdə sosial və şou verilişləri az da olsa reklam cəlb etmək, sponsor marağı yaratmaq və maliyyə dövriyyəsini təmin etmək baxımından əhəmiyyətli rol oynayırdı. Digər mühüm məsələ isə sosial verilişlərin funksiyası ilə bağlıdır. Bu proqramlarda çox vaxt problemli ailələrin, sosial çətinlik yaşayan insanların taleyi işıqlandırılır. Əgər bu problemlərə aidiyyəti qurumlar vaxtında və adekvat reaksiya vermirsə, bu artıq televiziya yox, həmin qurumların fəaliyyətindəki boşluqlardan xəbər verir. Belə hallarda verilişləri bağlamaq problemin həlli deyil, sadəcə onun görünməsinin qarşısını almaqdır. Bu isə sanki cəmiyyətin qarşısındakı güzgünü örtmək kimidir. Halbuki güzgü olmasa da, problemlər mövcuddur. Onları görməmək, müzakirə etməmək və həll etməmək vəziyyəti daha da ağırlaşdırır. Əgər hansısa verilişlər bəyənilmirsə, konkret məsul şəxslər barədə qərar vermək olar, bu, daha məntiqli və ədalətli yanaşmadır. Amma bütövlükdə proqramların bağlanması həm yaradıcı mühitə, həm də informasiya müxtəlifliyinə zərbə vurur. Çünki hər bağlanan veriliş sabah bugünkü günümüzün vizual yaddaşının azalması deməkdir.
"Bu kontekstdə bir məqamı da xüsusilə vurğulamaq lazımdır: biz artıq rəqəmsal və süni intellekt dövrünə qədəm qoymuşuq. Sabah süni intellekt sistemləri Azərbaycanın tarixini, sosial həyatını və mədəni inkişafını məhz bu gün yaradılan audiovizual materiallar əsasında modelləşdirəcək. Əgər bu materiallar natamam olarsa, gələcək nəsillərə ötürülən təsvir də natamam olacaq. Bəli, tamamilə doğrudur ki, bəzi verilişlər hər kəsin zövqünə uyğun gəlmir. Milli-mənəvi dəyərlərlə bağlı müəyyən narazılıqlar da başa düşüləndir. Mən də bəzi məqamlarda bu tənqidlərlə razıyam. Amma bu, bütövlükdə proqramları bağlamaq üçün əsas olmamalıdır. Çünki cəmiyyət müxtəlifdir və bu müxtəliflik efirdə də öz əksini tapmalıdır. Bu gün tamaşaçının seçimi var. İstəmədiyi verilişə baxmaya bilər, kanalı dəyişə bilər, hətta kabel platformalarında həmin kanalı bloklaya bilər. Üstəlik, televiziya auditoriyasının əsas hissəsini orta və yaşlı nəsil təşkil edir və onların dünyagörüşünü bu tip verilişlərlə dəyişmək demək olar ki, mümkün deyil. Əgər kiminsə mənəvi dəyərləri zədələnirsə, bu, artıq daha əvvəl formalaşmış bir məsələdir. Digər tərəfdən, belə bir sual ortaya çıxır: biz interneti, sosial şəbəkələri, məsələn, TikTok və YouTube kimi platformaları da bağlaya bilərikmi? Əlbəttə ki, yox. Bu gün informasiya sərhədsizdir. Əgər müəyyən məzmun televiziya efirində yoxdursa, tamaşaçı onu mütləq başqa platformalarda tapacaq. Hətta daha təhlükəli tərəfi odur ki, bu boşluq xarici telekanallar tərəfindən doldurula bilər. Bu isə artıq milli informasiya məkanının zəifləməsi, xarici təsirlərin artması və ictimai düşüncənin kənardan yönləndirilməsi riskini yaradır. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu məsələdə daha ehtiyatlı, daha strateji yanaşma tələb olunur. Verilişləri birdəfəlik bağlamaq əvəzinə, onlara müəyyən müddət verilməli, formatlarını yeniləmək, etik və peşəkar standartları yüksəltmək üçün şərait yaradılmalıdır. Bu, həm yaradıcı heyət üçün stimul olar, həm də tamaşaçı zövqünün inkişafına töhfə verər. Milli televiziya məkanı yalnız texniki yayım platforması deyil, bu, milli kimliyin, ictimai düşüncənin və mədəni yaddaşın formalaşdığı strateji sahədir. Onu qorumağın yolu isə qadağalarla deyil, inkişaf, islahat və keyfiyyətli məzmun istehsalı ilə mümkündür", - deyə Aydın Xan Əbilov vurğulayıb.
Səidə Ramazanova