ATƏT-in Minsk Qrupu münaqişənin həllini uzadır

Rufiz Qonaqov: “Beynəlxalq güclər Ermənistana öz yerini göstərməli, onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq olunmalıdır”

Ermənistanda daxili siyasi vəziyyət hər ötən gün daha drammatik xarakter alır. Gümrü hadisəsindən sonra Sarkisyan hakimiyyətinə qarşı başlanan etiraz aksiyasının əhatə dairəsi və elektoratı da getdikcə artmaqdadır. Artıq siyasi müxalifət deyil, müxtəlif sahələrdə çalışan insanlar, o cümlədən ölkənin biznes və nəqliyyat sektorunun nümayəndələri də Serj Sarkisyanın istefasını tələb edirlər. Bu günlərdə Qarabağ ermənilərinin də Sarkisyan hakimiyyətinə qarşı çıxması və Yerevana yürüşə cəhd olunması, buna qarşı isə hakimiyyətin gücdən istifadə etməsi xalqın hakimiyyətə qarşı olan hiddətini daha da artırıb. Təsadüfi deyil ki, bir çox ekspertlər artıq Ermənistanın hakimiyyət dəyişikliyi ərəfəsində olduğunu bildirirlər. Qeyd olunur ki, hətta Rusiya da Ermənistanda Sarkisyan hakimiyyətinin devrilməsində maraqlıdır. Bəs görəsən reallıq nədən ibarətdir və Ermənistan həqiqətənmi hakimiyyət dəyişikliyi astanasındadır. Bu və ya digər suallarla bağlı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovla söhbətləşdik. BMAM sədri "OLAYLAR"-a veridyi müsahibədə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan da söhbət açıb.

-Rufiz bəy, Ermənistanda baş verən proseslər, qarabağlıların yerevanlılara qarşı etiraz aksiyasına qalxması nədən xəbər verir?

-Ermənistanda hazırkı vəziyyət ondan xəbər verir ki, artıq erməni xalqı cinayətkar rejimin rəhbərliyindən cana doyub, bezib. Çünki xalq səfalət, aclıq içərisindədir. Belə bir vəziyyətdə Ermənistanın hazırkı dövlət başçısı Serj Sarkisyanı hakimiyyətə gətirən keçmiş prezident Robert Köçəryanın da mövcud iqtidara qarşı çıxması və açıq-aşkar müəyyən fikirlər səsləndirməsi onu göstərir ki, ölkədə vəziyyət olduqca gərgin və ağırdır. Əslində işğalçı ölkədə vəziyyət çoxdan ağır idi. Əgər Rusiyanın hər hansı bir müdaxiləsi və dəstəyi olmasaydı, Sarksiyan hakimiyyəti indiyə qədər hakimiyyətə davam gətirə bilməzdi. Ümumiyyətlə, bu rejim hərb, silah gücünə hakimiyyətdə qalmaqda davam edir. Yəni hakimiyyət əsasən silahlı qüvvələrin gücünə arxalanaraq özünü saxlayır. Ancaq erməni xalqı çoxdan bu hakimiyyətə qarşı öz sözünü deyib. Hesab edirəm bu proseslər Ermənistanın hazırkı iqtidarının sonunu yaxınlaşdırır. Çünki həm Qarabağda gedən proseslər, həm də Ermənistanın daxilində cərəyan edən hadisələr bir daha onu deməyə əsas verir ki, Sarkisyan hakimiyyəti özünün çətin dövrünü yaşayır. Bu gün Ermənistanda təkcə siyasi müxalifət deyil, eləcə də biznes sahəsinin adamları da Sarkisyan hakimiyyətindən narazıdır. Bir neçə gün əvvəl kiçik və orta sahibkarların  yürüş təşkil etməsi, hətta Prezident Aparatı və Nazirlər Kabinetinin binasına qədər irəliləməsi onu göstərir ki, ölkədə sosial partlayış həddi yaxınlaşır və Ermənistan hakimiyyəti bunun qarşısını ala bilməyəcək. Ya Ermənistan hakimiyyəti müxalifətlə hansısa dialoqa getməli, ya da hakimiyyət silah gücünə müxalifəti zərərsizləşdirməli  və xalqın iradəsini qırmalıdır. İstənilən halda Ermənistan Qafqaz regionunda bütün proseslərdən kənarda qalıb və bu ölkədə bir dənə də olsun erməni Ermənistanın hansısa xoşbəxt gələcəyinə inanmır. Hətta onların imkanı olsa bu gün Ermənistanı tərk edərlər. Çünki bu ölkədə vəziyyət kifayət qədər acınacaqlıdır. Həmçinin bu gün erməni xalqı Dağlıq Qarabağda döyüşmək istəmir və bundan beziblər  Onlar artıq bilirlər ki, bütün bunlar siyasi oyunlardır və bu oyun hansısa rejimin hakimiyyətdə qalmasına xidmət edir.

-Bəs, Kreml indiki halda Sarkisyanın  hakimiyyətdən devrilməsində maraqlıdırmı?

-Ümumiyyətlə, Kreml hər zaman Ermənistanda rəsmi Moskvanın tapşırıqlarımı yerinə yetirə bilən bir hakimiyyətin mövcud olmasını istəyib. Eyni zamanda Rusiya maraqlıdır ki, Ermənistanda kütləni sakitləşdirərək hakimiyyətə sahiblik edə biləcək bir qüvvə iqtidarda olsun. Bu günə qədər Ermənistanda olan hakimiyyətlər Kremlin maraqlarını təmin edirdi. Ancaq son proseslər onu deməyə əsas verir ki, Kreml istəyib-istəməsə də Ermənistanda yeni hakimiyyətin formalaşmasına baxmalı olacaq. Hesab edirəm ki, hazırkı vəziyyət Kremlin maraqlarını təmin etmir. Bu səbəbdən Serj Sarkisyan getdikcə öz dayaqlarını itirəcək və bununla da cinayətkar rejim Kremlin də etimadını itirəcək. Kreml heç cür razılaşa bilməz ki, indiki şəraitdə Ermənistanın daxilindəki gərginlik daha da artsın. Eyni zamanda son günlər Dağlıq Qarabağda gedən döyüşlər və atəşkəs rejiminin pozulmasının intensivləşməsi də onu göstərir ki, bu da Kremlin maraqlarına xidmət etmir. Çünki hazırkı şəraitdə Rusiya Ukraynada böyük bir hərbi əməliyyatlarla məşğuldur. Belə bir şəraitdə Kreml istəməz ki, Qarabağda münaqişə yenidən alovlansın və Azərbaycanla Ermənistan arasında döyüşlər şiddətlənsin. Bu hazırda Rusiyanın maraqlarına ziddir, uyğun deyil. Lakin Ermənistan bu kimi addımlar atmaqla Rusiyanı da bir növ qıcıqlandırır və Moskvadan  əlavə güzəştlər qoparmaq istəyir. Bu isə indiki vəziyyətdə Rusiyanın maraqlarına xidmət etmir.

-Proseslər daha da gərginləşib Sarkisyan hakimiyyətinin devrilməsi ilə nəticələnəcəyi təqdirdə Qarabağ probleminin həlli bir qədər də yubanmayacaqmı. Çünki yeni formalaşacaq hakimiyyətə Qarabağ danışıqlarına qoşulmaq, bu problemlə maraqlanmaq üçün müəyyən zaman tələb olunacaq.

-Ermənistanda kimin hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq iri dövlətlərin maraqları ortada olmalıdır. Əgər Birləşmiş Ştatlar və Rusiya, eləcə də Avropa Ermənistana təzyiq etməsə, bu ölkəyə işğalçılıq siyasətinə görə, hər hansı bir sanksiyalar tətbiq olunmasa, eləcə də Avropa Şurasında işğalçı ölkə ilə bağlı sanksiyalar qəbul edilməsə Ermənistanda kimin hakimiyyətdə olub-olmamasının Dağlıq Qarabağ probleminin həllinə ciddi əhəmiyyəti olmayacaq. Çünki yeni iqtidara gələcək qüvvə də öz hakimiyyətini qorumaq üçün Dağlıq Qarabağı itirmək istəməz. Ona görə də nəyin bahasına olursa olsun beynəlxalq güclər Ermənistana öz yerini göstərməli, onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq olunmalıdır. Necə ki, bu gün  Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq edilir, düşünürəm ki, həmin sanksiyalar ilk növbədə Ermənistana tətbiq edilməlidir. Çünki Ermənistan uzun illərdir ki, Azərbaycanın dünya tərəfindən tanınan ərazilərini açıq-aşkar işğal edib. Lakin bu günə qədər Ermənistana qarşı beynəlxalq birlik tərəfindən hansısa ciddi sanksiyalar tətbiq edilməyib. Nəinki, sanksiyalar tətbiq edilməyib, hətta problemin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu səviyyəsində bu münaqişənin həlli süni şəkildə uzadılır.

-Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə Almaniya və Davosda keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi baxımından nə dərəcədə əhəmiyyətli sayıla bilər? 

-Bu görüşlərin çox mühüm əhəmiyyəti var. İlk növbədə ona görə ki, Qərb, Avropa, xüsusilə Avropanın mərkəzi sayılan, NATO, Avropa Birliyi, eləcə də Avropa Şurasında söz, sahibi olan Almaniya kimi nüfuzlu bir ölkə ilə münasibələrin inkişaf etdirilməsi əhəmiyyətlidir. Eyni zamanda cənab prezidentin Davosdakı çıxışı və oradan dünyaya ciddi mesajlar verməsi bir daha Azərbaycanın nüfuzunu, Azərbaycan diplomatiyasının gücünü göstərdi. Dövlət başçısı bununla da sübut etdi ki, hazırda Azərbaycan heç bir dövlətdən asılı deyil. Azərbaycan müstəqil siyasət yürüdən bir ölkə kimi istənilən beynəlxalq qurumda öz sözünü deməyə qadirdir. Azərbaycan müstəqil olduğu kimi özünün müstəqil fikirləri və müstəqil şəkildə atdığı addımlar var. Məhz bu baxımdan hazırkı şəraitdə cənab prezidentin Avropaya səfəri və səfər çərçivəsində Almaniya kansleri Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər bir daha onu nümayiş etdirdi ki, Azərbaycanla Avropanın münasibətlərində hər hansı gərginlik, problem olduğunu düşünənlər, Qərbin Azərbaycandan üz döndərdiyini iddia edənlər yanılırlar. Hesab edirəm ki, dövlət başçısının məlum səfərindən sonra iddia edilən həmin fikirlər alt-üst oldu. Həmin ölkələr də öz növbələrində bəyan etdilər ki, onlar Azərbaycanla hər cür əməkdaşlığın tərəfdarıdırlar və Azərbaycan enerji ölkəsi kimi Qərbin maraqları çərçivəsində olan bir dövlətdir. Həmin ölkələr həmçinin Azərbaycanda hansısa bir münaqişənin alovlanmasının tərəfdarı deyillər və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdırlar. Əlbəttə ki, bu cür fikirlərin səslənməsi Azərbaycan diplomatiyasının uğuru idi.

-Rəbərlik etdiyiniz Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi hansı layihələr, tədbirlər həyata keçirməyi düşünür?

-Yaxın vaxtlarda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin ümumi yığıncağı keçiriləcək və həmin toplantıda mərkəzin gələcək fəaliyyət proqramı, cari il ərzində görüləcək işlərin tədbirlər planı təsdiqlənəcək.  Mərkəzin tədbirlər planı təsdiqləndikdən sonra hesab edirəm ki, mart ayından etibarən aktiv fəaliyyətə başlanılacaq. Bu il məlum olduğu kimi həm Birinci Avropa Oyunları, həm də parlament seçkiləri ilə yadda qalacaq. Düşünürəm ki, bu tədbirlərlə bağlı da müəyyən fəaliyyətlərimiz olacaq.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31