“Radikal müxalifət təmsilçiləri bir-biri ilə yola getmir”

Niyaməddin Orduxanlı: “Bolşevik təfəkkürlü Əli Kərimli ilə hansı müzakirəni aparmaq olar?”

Bu il ölkədə keçiriləcək parlament seçkilərinə müxalif düşərgə vahid mərkəzdə getmək istəyir. Artıq bu istiqamətdə ayrı-ayrı partiyalar tərəfindən müxtəlif təşəbbüslər də irəli sürülüb və müzakirələr aparılıb. Bəs görəsən müxalifətin parlament seçkilərinə birgə getməsi nə dərəcədə mümkün olacaq. Bu və ya digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlıya müraciət etdik.

-Niyaməddin bəy, parlament seçkiləri ilində yenidən müxalifətin bir mərkəzdə birləşməsi, seçkiyə blok şəklində getməsi ilə bağlı təşəbbüslər irəli sürülür. Bu günlərdə Demokratiya və İnsan Hüquqları Mərkəzi də belə bir təkliflə çıxış edib. Sizcə, bu birlik nə dərəcədə mümkün olacaq?

-Sizin söhbət acdığınız çağrışları ancaq radikal siyasi düşərgənin nümayəndələri edir. Birmənalı olaraq deyə bilərəm ki, bu siyasi müxalifət son illərdə keçirilən parlament seçkilərində bir siyasi blokda iştirak ediblər. Yəni bir-birinə patoloji nifrət bəsləyən iki tərəf-Əli Kərimli ilə İsa Qəmbər məcburən birgə seçkiyə qatılıblar. Bunların seçkiyə birgə qatılmasının səbəbi beynəlxalq təşkilatların göstərişi və əmri olub. Bu əmrdən heç biri kənara çıxa bilməyib. Azərbaycan cəmiyyəti açıq-aydın görür ki, uzun illərdi yola gedə bilməyən adam, özlərinin mətbuat şəbəkəsində ən aşağlayıcı təhqirləri edən siyasi partiya seçkiyə 1 ay qalmış olurlar "dost", "qardaş", "müttəfiq". Seçki bitən kimi yenidən qarşılıqlı ittihamlar başlayır. Bir -birinə "satqın", "xəyanətkar", "hakimiyyətin mandatını alan" və s. kimi daha ağır təhqirlərə əl atırlar. 2000-ci il parlament seçkilərində Əli Kərimli radikal müxalifətin hazırladığı birgə sənədə qol çəkdi ki, parlamentin işinə qatılmayacaq. Ancaq Konstitutsiya Məhkəməsi nəticələri elan edən kimi, Əli Kərimli imzaladığı sənədə əhəmiyyət verməyib, 4 nəfərlə birlikdə parlamentə getdi. Bax, Əli Kərimlinin əsl sifəti onda göründü. Bütün radikal müxalifət təmsilçiləri Əli Kərimlini satqın adlandırdı. 2005-də ildə də Müsavat Partiyası parlamentə 4 nəfərlə qatılanda eyni ittihamı Əli Kərimli etdi. İndiki vəziyyətdə bu partiyalar gözləyirlər ki, əgər beynəlxalq təşkilatlar göstəriş versələr, əvvəlki illərdə olduğu kimi yenə seçkiyə birgə qatılacaqlar.

-Maraqlıdır ki, AXCP və Müsavat birlik təşəbbüslərinə qoşulmur. Bu onu deməyə əsas verirmi ki, hər iki partiya yenidən bir araya gəlmək üçün xarici dairələrdən sifariş gözləyir?

-Birbaşa indiki vəziyyətdə bu partiyalar gözləyirlər ki, əgər beynəlxalq təşkilatlar göstəriş versələr, əvvəlki illərdə olduğu kimi yenə seçkiyə birgə qatılacaqlar. 2013-cü prezident seçkilərində Rusiyanın əl buyruqcusuna çevrilən Əli Kərimli özünü indi Rusiyanın qatı "əleyhdarı" kimi göstərir. Guya bu adam təzədən dönüb olub "qərbyönümlü" siyasətçi. Bu faktın özü onu göstərir ki, artıq bütün beynəlxalq təşkilatlar da bilirlər ki, Əli Kərimliyə etibar etmək olmaz. Bu adam hakimiyyətə gəlmək üçün İran molla rejimindən də dəstək istəyər.

-Ümumiyyətlə, mümkündürmü ki, 2013-cü ilin prezident seçkiləri kimi parlament seçkilərində də Rusiya və ya bir başqa dövlət AXCP-Müsavat cütlüyünə stavka etsin?

-2013-cü il prezident seçkilərində Rusiya Rüstəm İbrahimbəyov vasitəsi ilə bu adamların hakmiyyətə gəlmək sevgisindən istifadə edib, çox məharətlə yararlana bildi. Görün vəziyyət nə yerdə idi ki, Əbülfəz Elçibəyə güzəştə getməyən İsa Qəmbər 75 yaşlı siyasi təcrübəsi olmayan qoça kino çəkənə güzəşt etdi...Yəni Rüstəm İbrahimbəyov Əbülfəz Elçibəydən önəmli adamdır?! Bütün ömrünü İsa Qəmbərlə mübarizəyə həsr edən Əli Kərimli bu adamlarla hakmiyyətdə birgə təmsil olunmağa razılıq vermişdi. Çox gülməli addımlar atırdılar, vəzifə bölüşdürürdülər, icra başçıları, Milli Məclsin deputatlarını seçirdilər. Ancaq sonradan bildilər ki, sən demə, Rusiya bunlara stavka etməyib, sadəcə, uşaq kimi başlarını aldadıb. Rusiya heç vaxt bu cür siyasi düşərgəyə stavka etməz. Yalnız öz məqsədləri üçün yararlanar. Neçə ki etdi də. Rusiya İlham Əliyevə "təzyiq" etmək istəyirdi, ancaq gördü ki, bu qüvvələrin cəmiyyətdə heç bir nüfuzu və elektoratı yoxdur. Ondan sonra Azərbaycana olan basqısını saxladı. Bu il keçiriləcək parlament seçkilərindəki stavkaya gəldikdə isə, şəxsən ciddi bir dəstəyin olacağına inanmıram. Ancaq hakmiyyətə yenə də "təzyiq" etmək fikrini istisna etmirəm. Bunu gözləmək olar.

-Sizcə, müxalifəti düşərgəsi bu seçkilərdən necə ayrılacaq. Uzun illərin uğursuzluğunu hansısa nailiyyət əvəz edə biləcəkmi?

-Bu qüvvələr 2010-cu il parlament seçkilərində 125 dairədən bir mandat belə əldə edə bilməyiblər. Və son 5 ildə bu düşərgədən xeyli şəxs istefa verərək siyasətdən kənarlaşıb. Mənim gözləntim odur ki, bu dəfə də radikal müxalifət parlament seçkilərində hər hansı qələbə qazana bilməyəcək. Düşünürəm ki, artıq Azərbaycan cəmiyyəti 22 illik siyasi düşmənçilik edən bir qrup şəxsi siyasətdə görmək istəmir və parlament seçkilərində bunu öz verdiyi səslə göstərmiş olacaqlar.

-Ümumiyyətlə, hazırkı situasiyada müxalif düşərgədəki partiyalararası münasibəti necə xarakterizə edərdiniz?

-Yalnız radikal müxalifət təmsilçiləri bir-biri ilə yola getmir. Ancaq ölkənin konstruktiv müxalifət təşkilatları ilə, parlamentdə təmsil olunan siyasi partiyalarla münasibətlər çox normal şəkildədir. Və bilirsiniz ki, bu yaxınlarda hakmiyyətin yüksək nümayəndələrindən biri olan hörmətli Əli Həsənov ondan artıq partiya rəhbərləri ilə görüş keçirdi. Və bu görüş çox müsbət addım kimi xarakterizə olundu. Bir masa arxasında oturub birgə müzakirələr aparıldı. Ölkədə mövcud problemlərdən danışıldı. Hər kəs öz istək və arzularını ifadə etdi. Ancaq bu gün bolşevik təfəkkürlü Əli Kərimli ilə hansı müzakirəni aparmaq olar?! Onunla danışmağın heç bir mənası yoxdur.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31