“Şou-biznes göyərti növlərilə dolub”

Tural Məmmədli: “Çoxusunu heç bizim ölkədə yaxşı tanımırlar, nəinki onlar öləndə fləşmob keçirsinlər”

Müsahib gənc bəstəkar Tural Məmmədlidir. 1989-cu ildə Bakıda doğulan Tural məşhur gitara ifaçısı Rəhman Məmmədlinin oğludur. O, musiqi sevgisinin ona irsən atasından keçdiyinə inanır. 2011-ci ildə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsini qırmızı diplomla, mərhum Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi "Zirvəyə doğru" simfonik poeması ilə bitirib. Bir müddət pedoqoji fəaliyyətlə məşğul olan Tural Məmmədli hazırda Milli Konservatoriyada bəstəkarlıq üzrə magistr təhsili alır. Akademiyada təhsil aldığı illərdə əməkdar incəsənət xadimi Nazim Mirişlinin sinfində oxuyub. O, bunu musiqi sahəsində yüksəlmək üçün şans hesab edir. Bəstəkarlığın sirlərini Nazim müəllimdən öyrəndiyini deyir. İndiyədək böyük simfonik orkestr üçün simfonik poema, fortepiano və böyük simfonik orkestr üçün konsert, simli kvartet üçün 5 hissədən ibarət süita, duet, fortepiano əsərləri və digər alətlər üçün əsərlər bəstələyib. Yazdığı mahnılar tanınmış Azərbaycan müğnniləri tərəfindən ifa olunb. Lakin, T.Məmmədli həmin müğənnilərin adlarına aydınılıq gətirmədi: "Adlarını açıqlamağı özümə utanc bilmirəm. Sadəcə min nəfərdən biri olmaq istəmirəm. Azlıqda seçilənlərdən olmaq istəyirəm. Təhsil aldığım Musiqi Akademiyasında Qara Qarayev dərs deyibsə, kafedra müdirimiz Arif Məlikov kimi korifey sənətkarımız varsa, nəyə görə öz ciddi sənətimdən imtina edib əyləncəyə üstünlük verməliyəm? Lakin müğənnilər üçün mahnı yazılmasına pis baxmıram. Məvacib, qazanc baxımından onları başa düşürəm. Amma bu işlə savadlı bəstəkarlar məşğul olmalıdır. Məsələn seriallarımız üçün bəstələnmiş musiqilər və yazılmış mahnılar bərbad gündədir. Əgər keyfiyyətli məhsul istəyiriksə, hər komponenti keyfiyyətli etməliyik. Musiqini də, ssenarini də, aktyor oyununu da və s. Çox istedadlı bəstəkar nəslimiz var, keyfiyyətli iş üçün onlara müraciət etmək olar". Populyar müğənnilərlə işbirliyi olsa da, Tural Məmmədli şou-biznesə iddialı olmadığını bildirib. O, Azərbaycan şou-biznesinin dünya şou-biznesindən tamamilə fərqləndiyi qənaətindədir.

- Musiqi sahəsində sözünü demiş bəstəkarlar, müğənnilər, tamaşaçıların da şou-biznesə çəpəki baxışları var. İnsanları şou əhlindən iyrəndirən nədir, yaxud kimlərdir?

- Məndən əvvəlkilər də şou-biznesə nifrət ediblər deyə, mən də nifrət etmirəm. Bu belə deyil, bu dəbdi deyə də deyil. Birinci səbəb şou aləmindəki qeyri-ciddilikdir, paralel olaraq, keyfiyyət aşağıdır. Zövq genetik keçən prosesdir. Valideynlər uşaqlarını muzeylərə, ciddi konsertlərə apararaq, kitab oxumaq, mahnı diləmək kimi yaxşı vərdişlər aşılayaraq, zövqləqini formalaşdırırlar. Əgər 25 yaşlı gənc bayağı mahnılara qulaq asırsa, bayağı şou hadisələrə meyllidirsə, 26 yaşından sonra ondan keyfiyyətli zövq formalaşdırmaq çətindir. Tanınmış dediyimiz müğənnilər arasında bayağıları, zövqsüzləri kifayət qədər çoxdur. Şou-biznes tanınmış-bayağı, tanınmış-zövqsüz, tanınmış-qıjı və bütün göyərti növləri ilə doludur. Bunlar davamlı şəkildə tv ekranlarından kənara çəkilmirlərsə, bu bayağılığı reklam etmək deməkdir. Nəzakət Teymurovaya, Alim Qasımova və klassiklərə qulaq asmağın yolunu bilmirik. Əsas silahımız təbliğat olmalıdır. Televiziya məkanında klassik konsertlərə az yer verilir. Bəstəkar Xəyyam Mirzəzadə deyirdi ki, bir dəfə avtomobillə gedərkən radioya qulaq asırmış, aparıcı səhvən klassik musiqi səsləndirib. Yəni ki, radiolar və telekanallar klassikanı da səhvən verirlər. Bu məsələdə radio və televiziyanın üzərinə böyük vəzifə düşür.

- Tural bəy, mümkün problemləri sadaladız. Bəs, musiqi zövqünü yüksəltmək üçün bu günki bəstəkarlıq məktəbinin vəziyyəti nə yerdədi?

- Kifayət qədər istedadlı və gənc bəstəkarlar yetişdirir. Məsələn, ABŞ-da təhsil almış Türkan Qasımzadə, İsveçrədə magistr təhsili almış Firudin Allahverdi, müsabiqələr laureatı, keçən il Avropada birincilik qazanmış Ayaz Qəmbərli, Tahir İbişov kimi istedadlı gənc bəstəkarlarımız çoxdur. Əgər onlar tanınmırlarsa, bu insanların yox, telekanalların qəbahətidir. Bu gün qeyri-peşə sahibləri var ki, hərəsi bir mahnı yazıb özlərinə "bəstəkar" adı veriblər. Bunun adına bəstə demirlər, qoşmaq deyirlər, yazmağın öz çərçivəsi var. Bunları insanlara demək lazımdır. Şou-biznes adlanan alanın istedadlı, istedadsız nümayəndələri hamımızı elə təngə gətiriblər ki, izləmək istəmirsən. Bizim elə gənc yazıçılarımız var ki, çox gözəl əsərlər ərsəyə gətirirlər. Amma gənclərimiz onları oxumurlar.

- Telekanalların səhv təbliğatını tənqid etdiniz. Lakin etiraf etmək lazımdır ki, efirlər insanların tələbatına uyğun proqramları yayımlayırlar. Bəlkə ən böyük problem elə insanların bayağılaşmasındadır?

- Telekanallar da bunu iddia edirlər. Bəs bunların pis olduğunu bilə-bilə belə verlişləri necə yayımlamaq olar? Hansı ana öz övladına zərərli qida verər? Yazıçılar, rəssamlar, bəstəkarlar, bütün yaradıcı insanlar kütləni öz çiyinləri üzərində daşımalıdır gələcəyə. Onlar kütlənin arxasınca getməməlidir. Düzdü, uzun prosesdir, amma nəticəsi yaxşı olur. Yaradıcılar kütlənin zövqünə əyilməməlidir.

- Əgər kütlə onların çiyinlərinə çıxmaq istəmirsə, nə etməli?

- Bu bir neçə ildə baş verəcək və nailiyyət qazanılacaq məsələ deyil, uzun vaxt lazımdır. Zaman çərçivəsində problemlər həllini tapacaq. Piyadalarımız artıq yollarda işıqforu gözləyirlər. Avtomobillər də artıq piyada keçidlərində insanların rahat hərəkəti üçün dayanırlar. Böyük uğurdur. Əvvəllər belə deyildi. Bunların hamısı mədəniyyətdir. Zövqlü kütlə istəyiriksə, onu hər tərəfli formalaşdırmalıyıq. Bunun üçün kitab oxunmalıdır, zövqlü musiqi dinlənilməlidir. Heç bir cəmiyyət ideal deyil. İstəsək də hamının ancaq, klassikaya qulaq asmasını görməyəcəyik. Dünyanın ən inkişaf etmiş ölkələrində də sövqsüz musiqiçilər var. Onlardan biri də koreyalı müğənni PSY-dır. Yaxın gələcəkdə arzuladığımız cəmiyyəti görəcəyik.

- Belədirsə, nəyə görə, bir çox peşəkar bəstəkarlar ciddi musiqilərin yox, bayağı toy mahnılarının üzərinə qaçırlar?

- Yalnız qazanc məqsədiylə. Kütlə beləsini istədiyi üçün də bunu edir. Qazanc isə əsas rol oynayır. Məsələn, mənim ciddi simfonik əsərim kimin nəyinə lazımdır?

- Bu o deməkdir ki, problem kütlədə yox, bəstəkarlardadır.

- Bəs mən neyləyim?

- Bəstəkar bilə-bilə nəyə görə, bunu etməlidir? Xatırladım ki, bayaq telekanlları bilə-bilə insanların zövqlərini korlamaqda ittiham etmişdiz.

- Bu məsələdə bir vətəndaş kimi sizin fikirləriniz bilmək istərdim.

- Sırf musiqidən söhbət gedirsə, bəstəkarlardan heç birinin adını çəkə bilmərəm. Amma müğənnilərdən Teymur Əmrahı deyə bilərəm. Kifayət qədər ciddi musiqiçidir. Bu adam toylardan imtina edib. Nadir Qafarzadə kimi toy biznesi yoxdur. Teymur Əmrah sənətini pula dəyişmədi. Bunun qarşılığında ciddi sənətçi imici yarada bilib, lakin digərlərindən maddi zəngin deyil. Teymur Əmrahın "Maral" kimi bayağı mahnılarla insanların zövqlərini bombaladığını görməmişəm.

- Teymur Əmraha böyük hörmətim var. Yaradıcılığını və musiqi zövqünü bəyənirəm. Gəlin etiraf edək ki, sənətinin üzərində möhkəm dayananlar istədikləri kimi yaşamırlar.

- Mən də bu baxımdan Teymur Əmrahı misal çəkdim. Məşğul olduğu sənətdən yaxşı maddi qazanc götürmür, amma bunun qarşılığında beyinləri Üzeyir kimi də darmadağın etmir.

- Tanıdığımız müğənnilərin çoxusu mahnılar üçün mənə müraciətlər ediblər. Aralarından bayağı kimi tanıdıqlarımız var. Atam Rəhman Məmmədli şou-biznesdə deyil, amma toylara gedir. Onun vasitəsiylə mənə müraciət edənlər var. Lakin bunlardan imtina etmişəm. Adımı qorumuşam, bəs cibimi kim qoruyacaq?

- Aydındı. Lakin problemlər təkcə sadalananlarla bitmir. Artıq son illərdə tendensiyaya çevrilmiş bir problem də var. Müğənillərimiz repertuarlarında daha çox türk mahnılarına üstünlük verirlər.

- Azərbaycan musiqisinin səviyyəsi Türkiyə musiqisindən on qat üstündür.

- Tural bəy, söhbət mövcud musiqi mühitindən gedir? Xahiş edirəm, Qara Qarayev və Tofiq Quliyevdən danışmayağın. İndiki mühitin yetişdirdiyi bəstəçilərdən danışağın.

- Bəli, mən indiki mühiti nəzərdə tuturam. Azərbaycanın bu günki bəstəkarlıq məktəbi çəkilidir. Dünya artıq onu tanıyır. Türkiyə musiqisinin Azərbaycan musiqisindən üstün olduğuna inanmıram. Bizim bəstəkarlıq məktəbində Dmitri Şostakoviç var, Qara Qarayevin müəllimi olub. Türklərin özləri də Azərbaycan musiqi məktəbinin üstünlüklərini etiraf edirlər.

- Bir az da müğənnilərimizdən danışağın. Avopa, yaxud Amerikanı demirəm, onların böyük əksəriyyəti heç adlarıyla Yalama postundan Rusiyaya keçə bilmirlər. Lakin yunan müğənni Demis Russos vəfat edəndə onun azərbaycanlı pərəstişkarları sosial şəbəkələrdə şəkillərini profillərinə qoyaraq fləşmob keçirdilər. Bu gün inanmıram ki, bizim şou-biznesdəki hansısa müğənni ölsün və onun şərəfinə Russosun vətəindən yox, Gürcüstanda belə bir aksiya keçirsinlər.

- Şou-biznesdəki müğənnilərin çoxusu iki ay efir məkanında olmayan kimi unudulurlar. Onları gündəmdə saxlayan efirdir. Çoxusunu heç bizim ölkədə yaxşı tanımırlar, nəinki onlar öləndə fləşmob keçirsinlər. Sərhədləri ona görə keçə bilmirlər ki, ölkə xarici keyfiyyətli iş tələb edir. O ölkələrə göyərti mahnılar lazım deyil, səhnə performansı lazımdır. Bizimkilərin belə bir üstünlüyü yoxdur. Müğənillərin əksəriyyəti rəqqasələrlə eyni performansı göstərirlər, bütün fəaliyyətlətini toy üçün qurublar.

- Bu gün Üzeyir tipli - özü yazıb özü oxuyan, özünə klip çəkən, özü-özünü alqışlayan müğənnilərin səhnə ilə bir olmasında bəstəkarların günahı varmı?

- 12 ölkədən 92 iştirakçı arasında yazdığım fortepiano-skripka əsərinə görə, qran-pri mükafatı aldım. Səfir Vilayət Quliyev buna görə, Macarıstanda məni qəbul etdi. Gənc bəstəkarlarımıza yer vermirlər. Ay bədbəxt, onsuzda bu yarım saatına 4 min manat alır də. Bəs biz haradan çörək yeyək?

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31