Ermənistan Rusiya üçün yükə çevrilməkdədir
Mütəllim Rəhimli: “Bu ölkə Rusiya üçün əvvəlki kimi strateji əhəmiyyət daşıyan tərəfdaş deyil”
28 Yanvar 2015 13:44 MüsahibəSon günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi və atəşkəsin müntəzəm şəkildə pozulması genişmiqyaslı hərbi əməliyyatların başlayacağı ehtimalını artırıb. Təsadüfi deyil ki, bəzi beynəlxalq təhlilçilər və belə bir iddia ilə çıxış ediblər. Bu arada Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı hədəlməsi və ordumuza sarsıdıcı zərbələrin vurulacağı xəbərdarlığı da müharibə riskini artırıb. Bəs görəsən Ermənistan ordusu ikinci Qarabağ savaşına hazırdırmı və müharibə başlayacağı təqdirdə Rusiya işğalçı ölkəyə hərbi dəstəyini nümayiş etdirəcəkmi? Bu və ya digər suallarla bağlı Ədalət Partiyasının sədr müavini, analitik Mütəllim Rəhimli ilə söhbətləşdik.
-Mütəllim bəy, Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə Azərbaycanı hədələyən bəyanatı nədən xəbər verir və bu ölkə Azərbaycan Silahlı Qüvvələrinə hansısa sarsıdıcı zərbə vurmaq iqtidarındadırmı?
-Hazırda Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bu iki ölkə bir-birinə qarşı düşmən mövqedə dayanır. Demək olar ki, müharibə vəziyyətindədirlər. İndiyədək də düşmənlərin bir-birini tərifləməsi hallarına rast gəlinməyib. Həm daxili ictimai rəyi təyin olunan vəziyyətdə saxlamaq, həm də beynəlxalq ictimai fikirlə oynamaq və qarşı tərəfə psixoloji təsir göstərmək məqsədilə hədələrdən istifadə olunur. Burada əsas diqqət hədələr zamanı nəyin və necə deyilməsi, ifadə edilməsinə yox, onun təsir gücünə yönəldilməlidir. Çox yaxşı haldır ki, Ermənistanın istənilən səviyyədə səsləndirilən hədələri Azərbaycan ictimaiyyəti tərəfindən olduqca qeyri-ciddi qəbul edilir və demək olar ki, ona ciddi əhəmiyyət verilmir. Azərbaycan vətəndaşları və ordumuz üçün erməni hədələri təsirsizdir. Çünki xalqımız həm faktiki, həm də psixoloji olaraq əmindir ki, Ermənistanı yerində oturtmağa, torpaqlarımızı azad etməyə qadirdir. Ona görə də Ermənistan rəsmilərinin, o cümlədən prezident Sarkisyanın bu taktikası tamamilə səmərəsizdir. Düşünürəm ki, Sarkisyanın dediklərini yalnız onun müttəfiqləri ilə perspektiv addımları baxımından öyrənmək faydalı olar. Yəni onu Azərbaycanı hədələməyə sövq edən hansısa beynəlxalq anlaşması mövcuddurmu? Ola bilər ki, Ermənistanı aldadaraq yenidən müharibəyə başlamaq istəyən və bölgədə gərginliyin artmasında maraqlı olan qüvvələr mövcud olsun. Ona görə də Sarkisyan belə iddialı danışa bilər. Amma proseslərin analizi göstərir ki, Ermənistanın müttəfiqi olan Rusiyaya sərhədləri yaxınlığında belə bir əlavə gərginlik lazım deyil. Rusiya onsuzda Ukraynada kifayət qədər vaxt, enerji, maliyyə və s. itirməkədir. Birləşmiş Ştatlar və Fransanın da müharibənin başlanılmasında maraqlı olması ehtimalı Rusiyadan çox olsa da yetərli deyil. Bütün bunları nəzərə alaraq demək olar ki, Emənistanın özünün iradəsinə söykənərək müharibəyə başlamaq cəsarəti ola bilməz. Beynəlxalq situasiya da hələlik bunu istisna edir. Ona görə də bu uğursuz taktikadan başqa bir şey deyil.
-Bu arada iddia edilir ki, Rusiyaya qarşı artan Qərbin təzyiqlərinin fonunda Kreml Qarabağda müharibəni başlada bilər və Qərbin Azərbaycandakı maraqlarına zərbə vurmaq üçün Ermənistana güclü hərbi dəstək verər. Sizcə, bu variant nə dərəcədə mümkündür?
-Zənnimcə, Respublikamızda Rusiya-Ermənistan münasibətlərinin yaxın olması barədə fikirlər həddən çox şişirdilir. Ermənistan artıq Rusiya üçün əvvəlki kimi strateji əhəmiyyət daşıyan tərəfdaş deyil. Hətta getdikcə bu ölkə Rusiya üçün yükə çevrilməkdədir. Qərb üçün də Azərbaycan 10 il əvvəl olduğu kimi əhəmiyyətli enerji təchizatçısı statusunu daşımır. Artıq Avropanın enerji təhlükəsizliyi üçün alternativ variantlar tapılıb. İraq, Liviya, hətta İran nefti Avopanın ehtiyaclarını ödəməyə yönəldilib. Azərbaycan getdikcə Ermənistan və Gürcüstanla birlikdə Qərbin geosiyasi maraqlarına çevrilməkdədir. Ona görə də Rusiyanın indiki dövrdə Qərbin maraqları əleyhinə Ermənistanı müharibəyə həvəsləndirməsi ehtimalı inandırıcı deyil. Əslində Rusiyaya sərf edir ki, Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olaraq Azərbaycanın simasında özünə güvənilən müttəfiq qazansın.
-Rusiyanın yenidən Ukrayna ilə hərbi dildə, güclə danışmağa üstünlük verməsi hansı fəsadlara yol aça bilər?
-Ukraynada sabitliyin tezliklə bərqərar olacağı görünmür. Çünki bu ölkə artıq daxilində baş verən prosesləri özü idarə etmir. Əslində Ukrayna bu gün Qərblə Rusiyanın münasibətlərini aydınlaşdıracağı bir poliqona çevrilib. Baş verən qanlı toqquşmalar da bunun bariz nümunəsidir. Rusiyanın artıq geriyə yolu qalmayıb. Onun Ukraynadan geri çəkilməsi yalnız Qərblə razılaşma şəraitində mümkündür. Görünən odur ki, Qərb dialoqa hazır deyil və yalnız əmr formasında danışır. Ukraynada hərbi qarşıdurmanın alovlanmasını təkcə Rusiyanın istədiyini düşünmürəm. Hesab edirəm ki, ABŞ və Avropa da bunda maraqlıdır. Əslində nəzəri olaraq Ukraynada qarşıdurmanın dərinləşməsində Rusiyadan daha çox Qərbin maraqlı olduğu variantı üstünlük təşkil edir.
-Ümumiyyətlə, hadisələrin bu cür gedişi Ukrayna üçün nə vəd edir?
-Ukraynada hadisələrin gedişi pessimist proqnozlar üzə çıxarmaqdadır. Beynəlxalq güclər ortaq razılaşma əldə etməsələr və hadisələr bu cür davam etsə dünyada maliyyə və iqtisadi böhran dərinləşəcək. Ukraynanın bir dövlət kimi daxili infrastrukturu getdikcə daha çox dağılacaq. Münaqişə növbəti kənd təsərrüfatı mövsümünə mənfi təsir edəcək, ötən illərdən qalan ehtiyat da tükənəcək. Beləliklə, ölkə daxilində əhalini ciddi ərzaq böhranı gözləyir. Bu da indiki hakimiyyətə qarşı ictimai fikrin dəyişməsinə və Ukraynada üstəlik yeni siyasi böhranın yaranmasına gətirib çıxara bilər.
-Bəs Qərbin sanksiyaları Rusiyanı nə dərəcədə dayandıra biləcək?
-İranı bu sanksiyalar nə qədər dayandıra bildisə, Rusiyaya da elə təsir edəcək. Əslində sanksiyalar İranın bir dövlət kimi müstəqilləşməsinə imkan yaratdı. Onu xarici asılılıqdan qurtardı və öz daxili ehtiyatlarını səfərbər etməyə, işə yönəltməyə sövq etdi. İndi Qərb İrana qarşı istifadə edə biləcəyi bütün rıçaqlardan məhrum olub. Rusiya böyük ölkədir, sanksiyalarla onu nəyəsə məcbur etmək mümkün deyil. Tarix də göstərib ki, ruslar müharibə şəraitində daha yaxşı birləşə, inkişaf edə bilirlər.
Füzuli