“Ukrayna Rusiya-Qərb qarşıdurmasının qurbanıdır”
Mayis Güləliyev: “Bu böhranın yaxın illərdə həll edilməsi gözlənilən deyil”
23 Yanvar 2015 14:51 MüsahibəSon günlər Ukrayna böhranı yeni bir mərhələyə qədəm qoyub. Rusiyanın yenidən hərbi güc amilindən istifadə etməsi Ukraynada onsuz da ağır olan vəziyyəti bir qədər də drammatikləşdirib. Baş verən hadisələrə Qərb də öz reaksiyasını bildirməkdədir. Avropa ölkələri Rusiyaya bir daha Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağı tövsiyyə edib. Bəs görəsən bundan sonrakı proseslər necə cərəyan edəcək. "Vətən" Siyasi Blokunun icra katibi Mayis Güləliyev "OLAYLAR"-a verdiyi müsahibədə Rusiya-Ukrayna böhranı və Qərbin mümkün təsirlərindən danışıb.
-Mayis bəy, Ukraynada gərginliyin yeni bir mərhələyə qədəm qoyması Qərb-Rusiya böhranının yenidən dərinləşəcəyindən xəbər vermirmi?
-Ukrayna Rusiya-Qərb qarşıdurmasının qurbanıdır. Odur ki, Ukrayna ətrafında baş verən hadisələrə bu kontekstdən yanaşmaq lazımdır. Qərb hər hansı bir məqamda Rusiyaya, eləcə də Rusiya Qərbə təzyiq göstərmək istəsə Ukrayna kartından bundan sonra da istifadə edəcək. Bu mənada dünən də bu gün də, sabah da Ukraynada baş verən hadisələrin arxasında Qərb-Rusiya qarşıdurmasını görmək zəruridir.
-Sizcə, sonrakı proseslər hansı məcrada davam edəcək?
- Son bir ildə Rusiya-Ukrayna münasibətlərində ciddi səngimə hiss olunmur. Lakin hadisələrin iki ölkə arasında açıq müharibəyə çevrilməsi də baş verə bilməz. Çünki belə qarşıdurmanı heç bir tərəf, hətta bu qarşıdurmanın saxlanmasında maraqlı olan Qərb də istəmir. Gələcəkdə də Qərb və Rusiya Ukraynadan bir-birilərinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə davam edəcəklər. Yəni Ukrayna böhranının yaxın illərdə həll edilməsi gözlənilən deyil.
-Bu arada Almaniya kansleri Angela Merkelin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə cəbhə xəttində baş verənlərdə Rusiyanın əlinin olması barədə açıqlaması nəyə işarə idi?
-Qərbin siyasəti bütün hallarda "parçala hökm et!" prinsipinə əsaslanır. Odur ki, onlar Azərbaycanın da Rusiya ilə yaxşı münasibətinə gizlincə qısqanclıq edirlər. Qərb bütün ölkələrdə bu işi görür. Özünün siyasətini həyata keçirmək üçün müxalifətdən, qeyri-hökumət təşkilatlarından və sair istifadə edərək cəmiyyəti parçalamağa cəhd edirlər. Bu gün Azərbaycan hakimiyyətinin region ölkələri ilə yaxşı münasibəti və xarici siyasətdə "balanslaşdırma" prinsipinə üstünlük verməsi Qərbi xeyli qıcıqlandırır. Onlar müxtəlif bəhanələrlə Azərbaycanla qonşu ölkələr, xüsusilə Rusiya arasında nifaq salmağa cəhd edirlər. Təəssüf ki, Qərbin bu siyasəti Ukraynada işlədi. Amma Azərbaycan hakimiyyəti inanıram ki, Ukraynanın səhvini təkrar etməyəcək. Gələcəkdə də "balanslı" xarici siyasət davam edəcək. Bu siyasətin mahiyyətində heç bir bloka qoşulmamaq və heç bir xarici münaqişələrə dəstək verməmək, bütün ölkələrlə əlaqələri beynəlxalq hüquq əsasında qurmaq dayanır. Bu siyasət Azərbaycan üçün ən əlverişli siyasətdir.
-Ümumiyyətlə, alman kanslerin belə bir ifadə işlətməsi Avropanın Qarabağ probleminin həllinə marağının artmasına nə dərəcədə təsir edəcək?
-Mən dəfələrlə Alman bundestaqının deputatları ilə görüşmüşəm və Dağlıq Qarabağla bağlı Azərbaycanın maraqlarını və istəklərini onlara çatdırmışam. Amma təəssüf ki, nə Birləşmiş Ştatlarda, nə də Avropa ölkələrində Dağlıq Qarabağla bağlı aydın siyasət yoxdur. Onlar bu problemin həllinin dondurulmasında və neft-qaz ixracının təhlükəsizliyində daha çox maraqlıdırlar. Odur ki, xanim Angela Merkelin hər hansı ifadəsinin arxasında bizim maraqlarımıza uyğun "ümidin" gizləndiyinə inanmıram. Qərbi qətiyyən Azərbaycan maraqları düşündürmür. Onlara öz maraqlarını təmin etmək lazımdır. Belə ifadələrlə onlar Azərbaycan cəmiyyətində müəyyən dəstək qazanmaq istəyirlər. Azərbaycan isə öz maraqlarından çıxış etməlidir. Allaha şukur ki, Azərbaycan hakimiyyəti belə "gəlişi gözəl" ifadələrə aldanaraq öz xarici siyasətində kəskin dönüş etmir və "balanslı" xarici siyasəti davam etdirir.
-Sizcə, qarşıdakı zaman ərzində Cənubi Qafqaz regionuna Qərbin, yoxsa Rusiyanın təsir dairəsi artacaq?
-Əlbəttə, regionda yalnız Ermənistan və Gürcüstana olan təsirlərin dəyişməsindən söhbət gedə bilər. Bu ölkələr öz siyasətlərində "lazım olan balansı pozublar". Birincisi daha çox Rusiyaya, ikincisi isə daha çox Qərbə meyllənib. Odur ki, yaxın gələcəkdə Qərbin və ya Rusiyanın regionda təsir dairəsinin genişlənməsi onların hər hansı birinin daha güclü təsirə məruz qalmasına səbəb ola bilər. Məncə, Cənubi Qafqazda yaxın gələcəkdə kimin təsirinin nə qədər artması Azərbaycanın xarici siyasətinə elə də təsir göstərməyəcək. Çünki bu regionda ciddi maraqları olan bütün qüvvələrlə Azərbaycanın münasibətləri normaldır. Bu qüvvələrin demək olar ki, hamısının Azərbaycanla yaxşı iqtisadi əlaqələri var. Azərbaycanın "böyük güclərlə" münasibətlərdə "nə qədər yaxınlıq" varsa, "o qədər də məsafə" saxlanılıb. Bu xarici siyasətdə çox mühümdür. Bu balansın saxlanmaması Ukraynaya fəlakət gətirdi.
-Ermənistanın Cankaya köşkü və Atataürk Hava Limanına iddiasını necə dəyərləndirərdiniz?
-Ayrıca bir adamın xəstə düşüncəsi ictimai şüur üçün o qədər böyük bəla gətirmir. Amma bu xəstəlik ictimai şüurda olanda o ciddi bəladır. Mən onların "alimlərinin" yazdıqları məqalələri tez-tez oxuyuram. Siyasətçilərinin regionla bağlı fikirləri ilə tanışam. "Öz yalanına inanmaq" sindromu artıq Ermənistan ictimai şüuruna hakim olub. Odur ki, Cankaya köşkü və Atatürk limanı ilə bağlı iddialar da bu qəbildəndir. Biz çalışmalıyıq ki, onların bu xəstəliyinə "yoluxmayaq". Bu çox ciddi xəstəlikdir və millətin gələcəyi üçün ziyanlıdır.
Füzuli