Azərbaycan manatı sabit qalacaq
Fikrət Yusifov: “Bu ili də pozitiv nəticələrlə başa vura biləcəyik”
16 Yanvar 2015 13:08 MüsahibəSon aylar dünya bazarında neftin qiymətinin aşağı düşməsi əksər neft ixrac edən ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib. Bu amil ayrı-ayrı ölkələrin milli valyutasının sürətlə dəyərdən düşməsi fonunda da özünü göstərir. Bəs görəsən neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərəcəkmi? Bu və ya digər suallarla bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov 2015-ci ilin "Kənd Təsərrüfatı İli" elan olunması, bu sahənin inkişaf perspektivləri məsələsinə də toxunub. İqtisadçı aqrar sahədə bir sıra tədbirlərin görülməsini də vacib hesab edib.
-Fikrət müəllim, 2015-ci il üçün Azərbaycanın iqtisadi göstəricilərini necə xarakterizə edərdiniz. Bu il ölkə iqtisadiyyatı üçün nə dərəcədə uğurlu və ya uğursuz olacaq?
-Keçən ilin ortalarından başlayaraq dünyada baş verən iqtisadi və maliyyə təlatümləri ilk növbədə iqtisadiyyatı neftlə bağlı olan ölkələrə təsirsiz ötüşmədi. Şimal qonşumuz Rusiyada baş verənlər isə orada ağır iqtisadi nəticələrə gətirib çıxardı və bu proses bu gün də davam edir. Belə bir vəziyyətdə ölkəmizin 2014-cü ili uğurlu göstəricilərlə başa vurmasını müsbət dəyərləndirmək lazımdır. Yola saldığımız ilin Azərbaycan üçün əlamətdar hadisəsi Cənub qaz dəhlizinin təməlinin qoyulmasıdır. Bu XXI əsrin çox böyük layihəsidir və onun icrası Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirəcək. Ötən ildə Ümum Daxili Məhsulun həcmı 2,8, qeyri-neft sektoru isə bundan 2,5 dəfə çox yəni 7,0 faiz artıb. Ölkədə orta illik infilyasiya 1,4 faiz olduğu halda əhalinin pul gəlirləri 4,8 faiz və ya infilyasiyanın səviyyəsindən 3,4 dəfəyə üstün artıb. Keçən il regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri tikilib istifadəyə verilib və ümumilikdə 123 mindən çox yeni iş yerləri yaradılıb ki, bunun da 100 minə qədəri daimi iş yerləridir.
-Dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata öz mənfi təsirini göstərməyəcək?
-Ötən ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında Prezident 2015-ci ilin dünya iqtisadiyyatı üçün çox ağır il olacağını bildirdi. Bu həqiqətən də belədir. Neftin qiymətinin dünya bazarlarında aşağı düşməsi prosesi bu gün də davam edir. Bu gün dünyanın çox tanınmış iqtisadçıları belə yaxın bir neçə ay ərzində qiymətin neçə olacağını dəqiq deyə bilmirlər Çünki bu, sırf siyasi məsələdir və yalnız bu prosesi idarə edən müəyyən qüvvələr bilir ki, başladıqları prosesi harada bitirəcəklər. Bu vəziyyət sözsüz ki, hasilat ölkələrinin hamısını vurur və burada Azərbaycan da kənarda qalmır. Vəziyyətin bu həddə gəlib çatmasında neft istehsal edən ölkələrin günahı yoxdur. Təbii ki, bu proses Azərbaycanın gəlirlərini xeyli dərəcədə azaldır. Ancaq bundan faciə düzəltmək lazım deyil. Azərbaycanın çox böyük rezervləri var. Digər tərəfdən, neftsiz Azərbaycanın maliyyə imkanları qonşu dövlətlərin heç birindən aşağı deyil, əksinə, bir neçə dəfə yuxarıdır. Eyni zamanda unutmaq olmaz ki, son 10 ildə neftin qiymətləri bir neçə dəfə belə kəskin dəyişmişdi. Hesab edirəm ki, hökumət yaranmış vəziyyəti tənzimləməyin optimal variantlarını artıq çoxdan hazırlayıb və ehtiyac olduğu tədqirdə o variantlar işə düşəcək. Burada söhbət ilk növbədə ikinci dərəcəli investisiya layihələrinin icrasının qismən və ya tamamilə dayandırılmasından gedir. 2015-ci ildə yarana biləcək bütün çətinliklərə baxmayaraq inanıram ki, biz bütövlükdə bu ili də pozitiv nəticələrlə başa vura biləcəyik.
-Rus rublu və dolların məzənnəsinin dəyişməsi manatın stabilliyinin saxlanmasına necə təsir edəcək?
-Rus rublunun kursunun ilin ortalarından başlayaraq kəskin dəyişməsi bu müddət ərzində bizim milli valyutamıza heç bir təsir göstərməyib və inanıram ki, rublun kursunun bundan sonra da necə dəyişməsindən asılı olmayaraq Azərbaycan manatı sabit qalacaq.
-2015-ci ilin "Kənd Təsərrüfatı İli" elan edilməsi bu sahənin inkişafına nə dərəcədə təkan verəcək?
-Son bir ildə ölkəmizdə aqrar sektorunun inkişaf etdirilməsi üçün çox ciddi işlər görülüb. Bu günlərdə isə prezident İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı İli" elan edilməsi haqqında olduqca yerinə düşən sərəncam imzaladı. Sizi əmin edirəm ki, bu sərəncam ölkədə aqrar sektorun qısa müddət ərzində daha ciddi inkişafını təmin edəcək. Burada sahənin işlərini yüksəltmək imkanları çox genişdir. İnanıram ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bu sahədə çox ciddi dönüş edilməsinə nail ola biləcək. Ancaq unutmaq olmaz ki, aqrar sektorda yaxşı nəticələri bir ilə deyil, ən yaxşı halda 2-3 ilə əldə etmək realdır.
-Siz bir iqtisadçı kimi kənd təsərrüfatı ilində bu sahənin inkişafı üçün konkret nələri təklif edərdiniz?
-Fikrimcə, aqrar sahədə ilk növbədə fermer təsərrüfatlarının genişləndirilməsinə və onlara dövlət dəstəyinin artırılmasına və bu dəstəyin ünvanlılığına daha çox diqqət verilməlidir.
-Bu günlərdə dövlət başçısı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə Fərman imzaladı. Bu fərmanı necə qiymətləndirirsiniz və fərman vətəndaşların həyatına hansı formada təsir edəcək?
-Bu Fərman insanların illərlə arzuladığı məsələnin həlli yolunda yaşıl işıq yandırdı. Şübhə etmirəm ki, illərdən bəri bu problemi yaşayanların əksəriyyəti son imkanlarını bir araya gətirib özlərinə mənzil tikmiş insanlardır. Onlar çətinliklə inşa etdikləri mənzillərinin taleyinin necə olacağını bilmədiklərindən narahat idilər. Bu baxımdan Fərmanın sosial-iqtisadi əhəmiyyəti çox böyükdür və on minlərlə evin sənədləşdiriləcəyinə nail olunacaq. Ancaq burada diqqəti çəkən ən ciddi problemlərdən biri Fərmanının ikinci bəndində nəzərdə tutulan məsələlərin həlli ilə bağlıdır. Söhbət əmlakın magistral boru kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, nəqliyyat infrastrukturu obyektləri, suların mühafizə zonaları, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi hallarından gedir. Hesab edirik ki, belə hallar üçün xüsusi qaydaların işlənib hazılanmasına ehtiyac olacaq. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bir çox hallarda adları çəkilən ərazilərdə tikintilər yerli idarəetmə orqanlarının məsuliyyətsiz yanaşması nəticəsində aparılıb. Həmin sahələrdə daşınmaz əmlakın - mənzillərin tikintisinə rəsmi icazə verən yerli icra orqanı və vəzifəli şəxs, hazırda harda işləyir, məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyətsiz qərar nəticəsində vətəndaşa dəyən zərərin həmən vəzifəli şəxsin hesabından, yaxud yerli icra orqanının büdcəsindən ödənilməsı gündəmə gəlməlidir. Əgər vətəndaş rəsmi icazə almadan qadağan olunmuş ərazini zəbt edərək, orda mənzil tikibsə artıq özü məsuliyyət daşıyır. Fərman belə mənzillərin qeydiyyatını nəzərdə tutmur.
Süleyman İsmayılbəyli