Nazir müavinindən təklif gəldi
“Azərbaycan tolerant mədəniyyətinin qlobal səviyyədə təbliğində istənilən dəstəyi göstərməyə hazırdır”
28 Avqust 2012 14:17 Mədəniyyət"Qloballaşan dünyada mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün medianın üzərinə mühüm vəzifələr düşür. Bu sahənin genişləndirilməsində həssas yanaşma olmalıdır, media bu sahədə özünü tapmalıdır". Bu fikirləri Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda keçirilən beynəlxalq seminarda Mədəniyyət və Turizm Nazirliyi xarici əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə deyib. Şöbə müdiri qeyd edib ki, beynəlxalq korporasiyalara bu sahənin inkişafı, təbliği və digər məsələlərlə bağlı xüsusi tövsiyə verilməlidir ki, onlar da öz gündəlik təqdimatlarında xalqların bir-birinə yaxınlaşmasına töhfə versinlər: "Bəzən biz bu halların əksini görürük, bəzən xalqlar arasında ksenofobiya kimi mənfi amillərin təsirinə şərait yaradan xüsusi qruplarla rastlaşırıq. Amma bacardığımız qədər ümumbəşəri bir məsuliyyət olaraq hər birimiz daxildə mədəniyyətlərarası dialoqun inkişafını bir ideya olaraq möhkəmləndirməliyik". Onun bildirdiyinə görə,
təmsil olunduğu nazirlik mədəniyyətin təbliği, xalqların mədəniyyətlərarası dialoqa cəlb edilməsi, həm də Azərbaycanın tolerant mədəniyyətinin qlobal səviyyədə təbliğində istənilən dəstəyi göstərməyə hazırdır: "Azərbaycan tərəfi mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsində, şəbəkələndirmə, mərkəz, əsas platforma rolunu oynamağa hazırdır. 2008-ci il konfransında BMT-nin Sivilizasiya Alyansı ilə YUNESKO arasında əməkdaşlıq məhz Bakıda imzalandı. Yəni onu göstərir ki, Azərbaycan əsl mədəniyyətlərarası modelini dünyaya təbliğ etməyə qadirdir".