"Kulinariya, Mədəniyyət və Turizm"

Bakıda beynəlxalq konfrans keçiriləcək

6-7 sentyabr tarixində Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda BMÜTT-nin baş katibi Taleb Rifai, BMÜTT-nin məruzəçiləri, ekspertləri, BMÜTT üzv dövlətlərinin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının və dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.  Mədəniyyyət və Turizm Nazirliyinin mətbuat хidmətindən "Olaylar"a verilən məlumata  görə, konfransın açılışı sentyabrın 6-da "Jumeirah Bilgah Beach Hotel"ində keçiriləcək. Konfrans iştirakçıları İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar. Tədbirin ilk günü "Qida və Turizm: Qlobal meyllər və imkanlar", "İpək Yolunun Kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar təşkil ediləcək. Tədbirin ikinci günü isə "İpək Yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: Sosial media və səyahət" mövzularında dəyirmi masalar keçiriləcək. Həmçinin tədbir çərçivəsində Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və master - klaslar təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31