“Durnalar qayıdanda” teleserialına baxış olacaq
Müdhət Aydın: “Çalışmışıq ki, serial uğurlu olsun”
20 Oktyabr 2014 16:27 MədəniyyətPrezident İlham Əliyevin məlum sərəncamından sonra milli teleserialların çəkilməsinə diqqət artırılıb. Dövlət qurumlarının maliyyə dəstəyi ilə çəkilən bu seriallar artıq geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Son dövrlərdən çəkilən baxımlı serialların baş rol ifaçılarından biri, tanınmış aktyor, Beynəlxalq müsabiqələr laureatı Müdhət Aydınla bu mövzuda danışdıq.
Müdhət müəllim yerli seriallar əleyhinə yazılanlarla razı deyil:
-Elə bil kimlərisə öyrədirlər ki, deyin ki, seriallarımız zəifdir, bayağıdır. Mənə elə gəlir ki, bunu bütün seriallara şamil etmək heç də düzgün deyil. Belə bir fikir var: "Hər sey gözəldir həyatda. Təki bu gözəlliyi duyub anlaya biləsən". Bu çəkilən seriallar da, pis də, yaxşı da olsa özümüzünküdür. Milli seriallarımızın hər birinin əvvəli qəmli olur. Sonra həyat axını onu öz qaydasına salır. Mən Azərbaycan telekanallarının çoxu ilə əməkdaşlıq edirəm. Çəkildiyim filmlərin də xeyli tamaşaçısı var. Tezliklə isə "Lider" televiziya kanalında, 40 bölümlü "Durnalar qayıdanda" bədii serialının baxışı olacaq. Serialın ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Emil İmamverdiyev, bəstəkar Vüsal Ömərov, işıq ustası Qahir Bağırovdu. Filmdə 100-ə qədər aktyor çalışıb. Serialda tanınmış aktyorlardan Əlibala Əsgərov, Səidə Quliyeva, Qurban İsmayılov, Ramin Zeynalov, Sərdar Gözəlov, Qorxmaz Əlilicanzadə, Yuri Baluyev, Natalya Babayeva, Elşən Carxanlı, gənc aktyorlardan Cövdət Şükürov, Günel İmanova, Səfa Mehdi və başqaları çəkilib. Çəkilişlər Şamaxı, İsmayıllı və Bakıda aparılıb. Film 1968-1988-ci illərdə baş verən hadisələr özündə əks etdirir. Mən də bu filmdə iki rol almışam. Ata Mürvət və oğul Hümmət. Çalışmışıq ki, serial uğurlu olsun.