Azərbaycanlı şair vəfat edib
20 Oktyabr 2014 12:39 MədəniyyətMilli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gün Azərbaycan ədəbiyyatı daha bir yazarını itirib. Şair-publisist, folklorşünas, filologiya elmləri doktoru Rüstəm Rüstəmzadə 84 yaşında vəfat edib. Gənc yaşlarından elmə, təhsilə marağı olan Rüstəmzadənin yaradıcılığında şifahi xalq ədəbiyyatının toplanması, tədqiqi və təbliği başlıca yer tutub. Rüstəm Rüstəmzadə ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. Onun dövri mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Müəllifin tərtib etdiyi "Xəyyam Mirzə", "Koroğlu nəvələri", "Əlimərdanlı Aşıq Nəcəf", "El qəhrəmanları xalq ədəbiyyatında", "Məhəbbət dastanları", "Aşıq Hüseyn Şəmkirli", "Azərbaycan tarixi qəhrəmanlıq dastanları" və "Azərbaycan şifahi xalq yaradıcılığının öyrənilməsinə dair metodik göstəriş" adlı kitablar və monoqrafik tədqiqat əsərləri kütləvi tirajla nəşr olunub. Mərhum Müəllimlər İnstitutunun Qazax filialında dekan, ədəbiyyat və onun tədrisi metodikası kafedrasında da çalışıb. Əmək veteranı, jurnalistlər birliyinin üzvü olan Rüstəm Rüstəmzadə ömrünün 62 ilini pedaqoji sahəyə həsr edib. 6 övlad atası olan Rüstəmzadə doğulub boya-başa çatdığı Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn edilib.