Azərbaycanda qıza görə dostunu öldürənə 9 İL HƏBS CƏZASI
10 Oktyabr 2014 19:21 MədəniyyətBakı Ağır Cinayətlər Məhkəməsində Zəngilan rayon sakini Natiq Hüseynovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb. Lent.az-ın "qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, 2013-cü il sentyabrın 14-ü axşam saat 19 radələrində Sabunçu qəsəbəsində Natiq Hüseynov məhəllə dostu 26 yaşlı Elmir Quluzadə ilə N.Məlikov küçəsi, 48-də yerləşən kafeyə gediblər. Pivə içərkən ümumi tanışlarının bacısından söz düşüb, qızın qardaşının dostu ilə görüşüb-görüşmədiyi barədə aralarında mübahisə düşüb. Münaqişəni aydınlaşdırmaq üçün 67 saylı məktəbin yanına yollanıblar, dava vaxtı Natiq cib bıçağı ilə Elmirin sinə və qarın nahiyəsinə ümumilikdə 4 zərbə endirib. Zərərçəkən 3 saylı klinik xəstəxanada kəskin qan itirmədən vəfat edib, Hüseynov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Məhkəmə prosesində Natiq Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və əməlindən peşman olmadığını qeyd edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını cəza-çəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.