Muzeylərə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
25 Sentyabr 2014 18:23 MədəniyyətNoyabrın 12-14-ü tarixlərində Türkmənistanda "Muzeylər və arxeoloji tapıntılar" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icraçı direktoru İlqar İlkinin "OLAYLAR"-a verdiyi məlumata görə, paytaxt Aşqabadda baş tutacaq konfransda Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək: "Türkmənistanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq konfransda iştirak etmək üçün bizə də dəvət gəlib. Konfransda Türkmən xalqının tarixinə dair və dünyanın digər ölkələrinin muzeylərində olan eksponatlar haqqında məlumatlar veriləcək, bu sahədə dünyanın digər ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq". Konfrans iştirakçılarının Türkmənistandakı muzeylərə ekskursiyası da nəzərdə tutulub.