Əliqismət Lalayev: “Şəki I Beynəlxalq Teatr Festivalı bizim üçün daha dəyərli idi, çünki ....”
24 Sentyabr 2014 18:24 MədəniyyətSentyabrın 10-dan 19-dək Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdikləri I Beynəlxalq Teatr Festivalı başa çatdı. Festivalın son günü, sentyabrın 19-u, görkəmli gülüş ustası, xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri ilə yadda qaldı. Həmin gün Şəkidə, Lütfəli Abdullayevin adını daşıyan küçədə, sənətkarın büstünün açılışı oldu. Xatırladaq ki, 35 ildən çox Azərbaycan Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri kimi Lütfəli Abdullayev, məhz bu teatrın səhnəsində bir-birindən maraqlı, koloritli və yaddaqalan obrazlar yaratmışdır. Festivalın yekun günü Azərbaycan Dövlət Musiqili Teatrının təqdimatında Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında rejissor İradə Gözəlovanın quruluş verdiyi "Kimdir müqəssir?" iki hissəli komediyası oynanıldı. Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev festivalla bağlı təəsüratlarını bölüşdü: "Teatr mövsümü çox uğurlu başladı. Azərbaycan Dövlət Musiqili Teatrı dünyanın bir çox ölkələrində qastrol səfərlərində, festivallarda, görüşlərdə iştirak edir. Amma Şəki I Beynəlxalq Teatr Festivalı bizim üçün daha dəyərli idi, çünki bu, doğma ölkəmizin teatr bayramıdır. Festivalı Dövlət Musiqili Teatrı yekunlaşdırdı. Məlum məsələdir ki, bu missiya əsasən sayılıb-seçilən kollektivlərə həvalə olunur. Bildiyiniz kimi, tədbirin bağlanışında "Kimdir müqəssir?" tamaşası göstərildi bə buna görə kollektivimiz Mədəniyyət və Turizm Nazirliyinin diplomuna və Şəki şəhər İcra Hakimiyyətinin xüsusu prizinə layiq görüldü. Bu mükafatların kollektivimizə xalq artisti, böyük sənətkarımız Fərhad Bədəlbəli tərəfindən təqdim edilməsi isə xüsusi qürur hissi yaşadır. O səbəbdən ki, Fərhad Bədəlbəylinin atası, böyük rejissor və teatr təşkilatçısı Şəmsi Bədəlbəyli uzun illər bu teatrda çalışıb. Demək olar ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının ikinci yaradıcılıq həyatı məhz Şəmsi müəllimin adı ilə, onun uzunillik yaradıcılıq fəaliyyətilə bağlıdır. Şəmsi Bədəlbəylinin teatra rəhbərlik etdiyi illər "teatrın qızıl dövrü" sayılır. Və belə böyük sənətkarın övladı, ömrünü bu teatrda keçirən, uşaqlıqdan bu teatra bağlı olan, bu teatrda böyüyən bir insanın bizi dəyərləndirməsi, mükafatı şəxsən təqdim etməsi teatr kollektivi üçün stumil oldu".
Qeyd edək ki, festival iştirakçıları da Azərbaycan Dövlət Musiqili Teatrının göstərdiyi "Kimdir müqəssir?" tamaşasını yüksək qiymətləndirdilər.