Azərbaycanlı rəqqasə-müğənni gizli ailə qurması haqda danışdı

Milli.Az müğənni Sevda Sanaliyevanın qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Yaradıcılıq fəaliyyətiniz davam edirmi? Yoxsa ana olmağınızla bağlı fasilə vermisiniz?

- Çətin hamiləlik keçirirəm. Lakin yaradıcılıq fəaliyyətimi bacardıqca davam etdirirəm. Hazırda daha çox istirahətə üstünlük verirəm.

- Keçən ilin sonlarında sizi şantaj etdikləri ilə bağlı məlumat vermişdiniz. O məsələ necə bitdi?

- Keçənilki hadisələr keçən ildə qaldı. İndi yeni həyata yeni qərarlarla başlamışam. İnşallah xeyirlisi olar.

- Gizli ailə qurmağınıza səbəb nə idi?

- Əslində, ailəni gizli qurmadım. Yaxınlarım, dostlarım və sənət dostlarım yanımızda idilər. Mən də, yoldaşım da toyumuzun efirdə yayımlanmasını və qəzetlərdə, saytlarda yazılmasını istəmədik. Özəl həyatımızın müzakirə olunmasının tərəfdarı deyilik.

-  Bir az ailə həyatınızdan danışın.

- Ailə həyatımız normal keçir. Hamıda necədirsə, bizdə də elədir. Heç bir qeyri-adilik yoxdur.

- Həyat yoldaşı Sevdaya hansı qadağaları qoyub?

- Həyat yoldaşım mənə qadağa qoymur. Əslində, mənə qadağa qoymasına ehtiyac yoxdur. O nə deyirsə, edirəm. İstəmədiyi heç nəyi etmirəm.

- Sevda xoşbəxtdirmi?

- Şükür Allaha ki, xoşbəxtəm. Bütün xanımlara xoşbəxt olmağı arzulayıram.

- Analıq necə hisdir?

- Hələ ki, özümü ana kimi hiss etmirəm, çünki tezdir. Övladıma nəsə olar deyə daha çox həyəcan və qorxularım var. Təki salamatçılıq olsun.

- Körpənizin cinsiyyəti bəllidirmi?

- Cinsiyyəti hələ bəlli deyil. Qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas salamat və xeyirli övlad olsun. Allah bilən məsləhətdir.

-  Evləndikdən, ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Ailəli olmaq, ana olmaq hər ikisi məsuliyyət deməkdir. Hər şeyə, danışığıma, hərəkətlərimə daha çox diqqət edirəm.

- Modanı izləyirsinizmi? Geyim seçərkən nələrə diqqət edirsiniz?

- Dəb mənim üçün mənə yaraşan geyim deməkdir. Amma dəblə uyğunlaşmağa da çalışıram. Kilo aldığım üçün nə geyinsəm, özümə yaraşdırmıram. Ona görə də geyim seçmirəm.

- Rəqqasə olmaq çətindir, yoxsa müğənni?

- Rəqqasə olmaq müğənni olmaqdan daha çətin idi. Amma müğənnilik də asan deyil.  İnsanların qəlbinə yol tapmaq, seçdiyin, oxuduğun mahnıların sevilməsi çox vacibdir. Əsas da insanların qəlbində qalmağı bacarmalısan. 

- İncəsənət adamları hər zaman birmənalı qarşılanmayıb. Sizcə, buna səbəb nədir?

- Meşə çaqqalsız olmur. Hər işdə olduğu kimi bizim sənətdə də pisi və yaxşısı var.  Buna görə hamıya eyni gözlə baxmaq düzgün deyil.

- Ananızın xərçəng olduğunu söyləmişdiniz. İndi səhhəti necədir?

- Anamın böyrəyində xərçəng var idi. Əməliyyatla götürdülər. Hazırda vəziyyəti ağır olaraq qalır. Allah anama  şəfa versin. Bütün anaları övladlarına bağışlasın. Amin...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31