Müğənni Elçinin (“şipşirin”) plagiat klipinin analizi
Rejissor İlham Yaşaroğlu türkiyəli həmkarının bütün əziyyətlərini sözün həqiqi mənasında öz adına çıxıb
1 Sentyabr 2014 14:02 MədəniyyətAzərbaycan şou-biznesi boğaza qədər problemin içərisindədir. Əsas problem efir və internet saytlarında müğənnilərarası qalmaqalların, şəxsi həyatlarında baş verən hadisələrin çılpaqlığı ilə nümayiş olunmasıdısa, digəri sənətçilərə klip çəkən rejissorlarla bağlıdır, eyni zamanda bəstəkarlarla. Klip və mahnılarda plagiatlıq baş alıb gedir. Vəziyyət həddən ziyadə biabırçıdır. Belə mahnı və kliplər skandal yaradır. Rejissor və bəstəkarlar ya yeni klip çəkmək, yaxud mahnı yazmaq üçün istedaddan kasaddırlar, ya da mövzuları tükənib. Xüsusilə klip sahəsində son dövrlərdə rejissorlarımızın türkiyəli və avropalı həmkarlarını təkrarlamaq meylləri güclənib. Yazılan mahnılarda da "sənətkar"ların bu yeni şakərləri özünü açıq şəklində göstərir. Problemlər müğənnilər Elvin Abbasov və Elçin Cəfərovun ifa etdikləri mahnılara çəkilmiş kliplərdə daha qabarıqdır.
Aybəniz Güllər "Sevgilim" - İqor Krutoy "Peçalnıy anqel"
Gənc müğənni Elvin Abbasovun musiqisi Aybəniz Güllər, sözləri Gülər Qəmliyə aid səsləndirdiyi "Sevgilim" mahnısı tamamilə plagiatdır. Rusiyalı musiqiçi İqor Krutoydan ("Peçalnıy anqel") oğurlanıb. Görünür ki, bəstəkar Aybəniz Güllər musiqini "bəstələmək" üçün o qədər də əziyyət çəkməyib. Sadəcə notları özünün seçdiyi vərəqə köçürüb. Rejissor İlkin İmanovun çəkdiyi klipdən belə təəssürat yaranır ki, İqor Krutoy "Peçalnıy anqel"i öz klipində musiqini bəstələyir və mahnısının yazılması üçün Gülər Qəmliyə verir. Bundan əvvəl isə bizim "Krutoy" ona əməllicə göz gəzdirib Elvin Abbasova təqdim edir. Rus Krutoy "Peçalnıy anqeli"ni kofe içdiyi kafedə "xəyali piano"sunda bəstələdiyi halda Elvin Abbasov "bizim Krutoy"un bəstəsini gerçək pianosunda səsləndirir. Ola bilsin ki, Aybəniz Güllər musiqini heç mənimsəməyib, nə də ümumiyyətlə İqor Krutoy adlı rus musiqiçi yoxdur. Bəlkə də biz səhv edirik. Mümkündür ki, "Peçalnıy anqel"də çəkilən kişi qrimlənmiş qadındır, ya da Aybəniz Güllər elə İqor Krutoyun özüdür. Sadəcə başqa imzadan istifadə edib. Yaradıcılıq sahəsində bəstəkar, ya da yazıçıların özlərinə ayama seçməsi adi haldır. İqor da bu praktikadan istifadə edib. Məsələn, İlyas - Nizami Gəncəvi, Mirzə Fətəli Axundov - Səbuhi, Mirzə Ələkbər Sabir - "Hophop", elə İqor Krutoy - Aybəniz Güllər və s. Azərbaycanlı "Krutoy" musiqini bir az fərqli etmək üçün arasına alqış səsləri yerləşdirib. Bunun nə üçün edildiyini demək çətin olsa da, dəqiq heç bir məna ifadə etmir. Güllər yaxşı mənimsəməyib. Bəstəkarımızın musiqisi daha zingiltilidir, Krutoy isə özü bəstələdiyi üçün yaxşı məhsul ortaya qoyub. Dinləyəndə fərq görmək mümkündür. Rejissor işi də bərbad vəziyyətdədir. İlkin İmanov klipdə çaldığı pianonun təsirindən özünü sağa-sola yellədən müğənnidən dərhal sonra yol kənarında harasa gedən yarıçılpaq qızı ekrana gətirir. Qız daha çox podiumda moda nümayiş etdirən modelə oxşayır. Daha sonra pilləkəndə dizlərindən nağara kimi istifadə edən Elvin Abbasovun öz hayında olması sevgilisini əks istiqamətə baxmağa vadar edir. Sonra Elvin fikirli halda piano ifa edərək düşüncəli adam görkəmində gözlərini uzağa zilləyir, qız isə yol kənarında günəş vannası (rusca zaqar) qəbul edir. Diqqətçəkən məqam Elvinin musiqi fonunda hovuz kənarında asta hərəkətlərlə narazı görkəmlə rəqs etməyə çalışmasıdır. Yəni, onun orada nəyi başa salmağa çalışmasını bilmək müəmmalıdır. Daha sonra o sevincək şəkildə piano arxasında mahnını ifa etməyə başlayır. Müğənni sevinclə "Uzat mənə əllərini" deyir, qız isə elə bil onun yanında olmaqdan o qədər də məmnun deyil və düşüncəli halda pianonu sığallayır. Sanki həmin an onu sevgilisinin onun üçün səsləndirdiyi mahnı yox, pianonun qiyməti maraqlandırır. Klipin bütün yerlərində qızın üzündə narazılıq ifadəsi var. Elə bil Elvinlə sevgili olmağın peşmanlığını özünə bağışlaya bilmir. Müğənninin tərəf müqabilinin qeyri-peşəkar olması diqqət çəkir. Sanki klipdən əvvəl məşq vaxtı rejissor ona necə rol oynamağı başa salıb, lakin alınmayıb. Nəticədə isə məğlub olan rejissor "necə istəyirsən elə oyna" deyib və "motor" əmri verərək çəkilişə başlayıb. Eyni hərəkətlər klipin sonuna kimi təkrarlanır və klip sevglililərin biri-birlərini vecinə almaması fonunda başa çatır. Yəni heç bir mövzu yoxdur.
Elçin Cəfərov "Mənə onu çağırın gəlsin" - Yalın "Ah be kardeşim"
Müğənni Elçin Cəfərovun səsləndirdiyi mahnı plagiat olmasa da klip türk müğənni Yalnın ifa etdiyi "Ah be kardeşim" mahnısına çəkilən klipin eynisidir. Azərbaycanlı rejissor İlham Yaşaroğlu türkiyəli həmkarının bütün əziyyətlərini sözün həqiqi mənasında öz adına çıxıb. Elçinin klipində baş verənlərin tamamı Yalının klipindəki hadisələrdir. Fərq Yalının klipinin peşəkar, bizimkinin isə qeyri olmasındadır. Elçinin geyimi də Yalının təkrarıdır. Yalınının başlanğıca geyindiyi jiletin pencək forması Elçin öz klipinin əvvəlində geynir. Sonrakı mərhələdə isə Elçin də jiletə keçir. Hərəkətlər və mühit üçün seçilmiş elementlərdə fərq yoxdur. Yalının hərəkətlərində avropasayağı, Elçində isə milli rəqs elementləri görünür. Kameraarxası hərəkətlərin ekrana gətirilməsi və küçələri keçib mikrofoun üzərinə gəliş də hər ikisində var. Saç düzümü də oxşardır. Yalından fərqli olaraq Elçin kamera qarşısında olduğunu hiss etdirir. İlham Yaşaroğlu klipi pis mənimsəyib. Türkiyəli həmkarının ondan daha peşəkar olması hiss olunur. Əgər Yaşaroğlu türkiyəlidən daha yaxşı çəksəydi, ona plagiat demək olmazdı, əsər demək olardı. Yaşaroğlunun kamerası həvəskar, türkiyəlinin kamerası isə daha peşəkar görünür. Yalının klipində kino effekti var, Elçində bu yoxdur. Elçinin mahnısı toy üçün nəzərdə tutulduğu üçün ona klip çəkmək də düzgün deyildi. Yaşaroğlunun ekranları tez-tez müxtəlif dördbucaqlara bölməsi adamı əsəbləşdirir. Elçinin hərəkətlərində tələskənlik hiss olunur. Bədəninin müvazinətini saxlaya bilmir. "İndicə yıxılacaq" təəssüratı yaradır. Bədənini bir qədər qabağa itələyib, sanki ayaqları bədənindən bir qədər arxada qalıblar. Yalın isə daha sərbəstdir. Elçin sevgilisinin yanında olmamasından şikayət edir, lakin xoşbəxt görünür. Mahnısında hər şeydən narazılıq edən Yalının üzündə isə həyatdan narazılıq var. Rejissor buna da diqqət etməyib. Elçinin klipinin sonunda rəqs edənlərin arasında girən balaca uşağın rəqqas oğlanın ayağına ilişməsi görünür. Bu nöqsan rejissorun diqqətindən qaçıb və qüsurludur. Rəqqasların arasına girən uşağın ruh kimi qəfil yox olması da müəmmalı qalır. Sonluqda Yalın diskoteka açdığı halda Elçin küçənin ortasında toyxana qurur. Yeganə fərq Yalın avtomobilə minir, Elçin isə piyada gəzməyə üstünlük verir. Qalan hissələr isə 99.9% plagiatdır, özü də pis. Ümumilikdə isə hər iki klip heç bir məna ifadə etmir. Mövzu yoxdur. Müğənnilərin kliplərdə nə etmək istədikləri başa düşmək olmur. Prinsip etibarilə, Azərbaycan kimi kino və musiqi ənənəsinə sahib olan ölkənin sənət adamlarının özgə mədəniyyətinə istnad etməsi yaxşı deyil. Ermənistan, Yunanıstan, Rusiya, Gürcüstan, Özbəkistan, Latın Amerikası kimi ölkələrdən olan sənətçilərin Azərbaycan mahnılarını oğurlayaraq ad qazanmaları heç kəsə sirr deyil. Məsələn, Eldar Mansurovun "Bayatıları", "Sarı gəlin" və s.
Mənsur Rəğbətoğlu