Gənc Tamaşaçılar Teatrından 87-ci teatr mövsümü üçün yeniliklər

Sentyabrın 10-da Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci mövsümünün təntənəli açılışı Şəkidə olacaq. Ayın 11-dən isə Şəkidə I Beynəlxalq Teatr Festvalı start götürəcək. Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı nəzərdə tutulmuş festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə çıxış edəcək. Festvalda həmçinin bir sıra xarici ölkələrin teatr kollektivlərinin iştirakı da nəzərdə tutulub. Gənc Tamaşaçılar Teatrı özünün 87-ci teatr mövsümünə isə sentyabr 20-də saat 12:00-da Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Danışan gəlincik" tamaşası ilə start verəcək. Həmin gün saat 19.00da görkəmli dramaturq İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" romanı əsasında hazırlanmış eyniadlı yeni tamaşanın premyerası olacaq. Sentyabrın 12-20 tarixlərində Belarusiyanın Brest şəhərində keçiriləcək XVIII "Belaya Veja" ("Ağ qala") Beynəlxalq Teatr Festivalında Gənc Tamaşaçılar Teatrı da iştirak edəcək. Eyni zamanda ayın 18-23 tarixlərində teatrda Rusiya Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçiriləcək. Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçiriləcək rejissor laboratoriyasında iştirak edəcək Rusiya və Azərbaycanın tanınmış teatr rejissorları dəyirmi masalar keçirəcək, ölkəmizin aparıcı teatrlarının tamaşalarına baxaraq müzakirələr aparacaq. Oktyabr ayının 2-8-dək Gürcüstanda keçiriləcək "Gürcüstan vitrini + Qafqaz və Qara dəniz bölgəsi yeni teatr marketi" adlı festvalda İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə çıxış edəcək. ("Olaylar.az")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31