Almaniyada ilk dəfə Azərbaycan mədəniyyətinə həsr olunmuş kitab
18 Avqust 2014 18:04 MədəniyyətAlmaniyada ilk dəfə olaraq alman və ingilis dillərində Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab işıq üzü görəcək. "OLAYLAR"-ın xəbərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən layihənin məqsədi Azərbaycanın milli mədəniyyətini, qədim ənənələrini, zəngin irsini və mətbəxini avropalılara tanıtmaqdır. Bu məqsədlə Almaniyanın tanınmış fotoqraflarından biri, bu sahədə 40-dan artıq kitabın müəllifi Barbara Lutterbek artıq 10 gündən çoxdur ki Azərbaycanda fotoçəkilişlər edir, lazımi materialları toplayır. Barbara Lutterbek hesab edir ki, özünü, ölkəni, mədəniyyətini təbliğ etməyin əsas yolu onun mətbəxindən başlayır, çünki cəmiyyət yeni insanlarla qarşılaşdıqda, ilk növbədə onların adət-ənənəsinə, mətbəxinə, həyat tərzinə diqqət yetirir. Məhz bu məqsədlə Barbara Lutterbek 17 illik fotoqraf fəaliyyəti dövründə Mərakeşdən Nepala qədər onlarla ölkənin mədəniyyəti ilə yaxından tanış olub və maraqlı kitablar ərsəyə gətirib.