Məşhur azərbaycanlı rejissor toya hazırlaşır
13 Avqust 2014 18:02 MədəniyyətMəşhur azərbaycanlı rejissor Şahin Zəkizadə ailə qurmağa hazırlaşır. Rejissorun sevib-seçdiyi xanım isə tanınmış model Səbinə Allahverdiyevadır. Bu barədə Milli.Az-a rejissor özü məlumat verib. Şahin Zəkizadə və Səbinə Allahverdiyevanın bu günlərdə nişanı olacaq. Sentyabr ayında isə toy etməyi planlaşdırırlar. Rejissorun sözlərinə görə, toy bir qədər də tez olacaqdı, lakin atasının səhhətində problemlər yarandığı üçün bir müddət təxirə salınmışdı. "Atam əməliyyat olunub və artıq evə qayıdıb. Səbinə ilə ailə qurmağımızla bağlı ailələrimizin də razılığı var. Həri olub. Onun da valideynləri, mənim də valideynlərim evlilik üçün xeyir-dua veriblər", - o əlavə edib. Səbinə Allahverdiyeva isə modellik fəaliyyətini artıq başa vurmaq qərarına gəlib. Bundan sonra model xanımı yalnız hicabda görə biləcəyik. Evlilikdən sonra Səbinə xanım İslam modası ilə bağlı fəaliyyət göstərəcək. O, hicablı xanımlar üçün geyim, vizaj və başqa məsləhətlər verə bilən jurnal təsis etməyi də planlaşdırır. Rejissor Şahin Zəkizadə bir neçə gün öncə mətbuatda yayılmış xəbərlərə də münasibət bildirib. O media qurumlarına məsləhət görüb ki, barələrində dəqiqləşdirilməmiş məlumatlar yazmasınlar. Xəbər saytlarında onların sevgili olduğu qeyd olunmuşdu. Rejissor isə münasibətlərinin daha ciddi olduğunu, ailə qurmaq ərəfəsində olduqlarını bir daha diqqətə çatdırıb.