Əsl insan haqqında roman: Doktor niyə ölsün ki?

Milyonlarla türk dilində danışan adam Cavad Heyətin ölümünə susmaq istəyir. Kimsə haqqında ən kiçik nekroloq belə yazmağa əli getmir. Haqqında kitablar yazmaq olar. Lakin heç kim Cavad bəyin ölümünü anlatmaq istəmir. Sözü, yaratdıqları, sevgisilə, dönməzliyilə səhifələrdə yaşayırsa, o ölməyib. Bir sözü 350 milyon dodağı sevərlik sevdasına qaçırıbsa, o ölməyib. Düşüncəsilə özündən sonra milyonlara nəfəsdirsə, doktor niyə ölsün ki? Şəhid olub. Əqidə yolunda nəfəsi kəsilənlər şəhid olurlar. Şəhidlər isə ölmürlər. Şəhidlik sevginin rəmzidir. Cavad Heyət də türk sevdasının simgəsi, türklük eşqinin sevdasıdır. Atatürk Mədəniyyət Mərkəzinin İstanbulda keçirilən konfransında doktor türklük sevgisilə qəlblərə bir daha yol tapmışdı. Nəfəsləri belə kəsdi Cavad bəy: "İranda Pəhləvilər dönəmində dilim qadağan oldu. Mədəniyyətim inkar edildi. Buna görə, türk dilinə sevgim qisasımdan doğdu. Atam məni Türkiyəyə yalnız tibbi təhsil almaq üçün göndərmədi. Əslində türk tarixini və ədəbiyyatını öyrətmək üçün göndərmişdi". Çıxışının sonunu belə tamamlamışdı: "Bu dili biz yaratmadıq. Türk dili əsrlərdir ki, yaradılır. Dilçilər ona ancaq yol göstərir". O, təkcə alim deyildi, təkcə türkoloq da deyildi, mərdliyi, zarafatı və diqqət kəsməyə məcbur edən nitqilə əsl insan haqqında roman idi. Cavad Heyət türklüyün yaratdığı möcüzəydi. Türk dili idi. "Dil öldü, millət öldü" deyərdi. Türk dilində danışmağı o belə, eləsinə sevirdi.

***

Mətbuat yazır, ortaya sual qoyur: "Doktor Cavad Heyət harada dəfn olunacaq, Bakıda, yoxsa Təbrizdə". Türkiyədə dəfn olunsun, Özbəkistanda torpağa tapşırılsın, Kipr qucaqlasın, Azərbaycanda verilsin torpağa, Qazaxıstanı da sevirdi, bəlkə Qırğızıstanda, yox Türkmənistan daha yaxşıdır, Təbriz də pis deyil. Tatarıstan, Başqırdıstan, Şərqi Türküstan, Borçalı, Kərkük də küsər. Onları yaddan çıxarmayaq. Bu yerlərin hamısında dəfn olunsun. Heç biri özünü bu şərəfdən məhrum etməz. Türk bayrağının olduğu hər yer onun Vətənidir.

***

Cavad Heyət cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olub. 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almış, daha sonra tibb təhsilinə başlamış, ancaq üçüncu sinifdən sonra təhsilini davam etdirmək üçün İstanbula gedib. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdır. 40 ildən çox Tehran Universitetində calışıb. Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilib. Türkologiyaya aid yeddi cildli kitabın müəllifidir. Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur. Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31