“Əjdaha” Nadirin maralı, Röyanın açıq göbəyi, Üzeyirin kəsilən damarları...

Mətbuat müğənni olduğu iddia edilən Üzeyir Mehdizadəni bayağılığına görə, tənqid müstəvisində oturdanda həmişə onu təxmini olaraq eyni qaydada, belə müdafiə edirlər: "Gedib terrorçulara qoşulsaydı, qatil olsaydı, yaxşı olardı? Adam halal yolla çörək pulunu qazanır də". Həqiqətən o, çörək pulunu halal qazanır. Buna şübhə ola bilməz. Mahnılarını özü yazır, inanmıram ki, kimsə beləsini yaza bilsin. Yaza bilməz, ümumiyyətlə yazmaz. Özünə sənətçi deyən istənilən adam yazmaz. Bəli, yaxşı ki, Üzeyir terrorçu, yaxud qatil olmayıb. Buna mən də sevinirəm. Amma bu gün Üzeyir təhlükəli terror təşkilatıdır. "Kamikadze" yetişdirir. Təfəkkür terroru ilə beyinləri işğal edir. Sübut: Repertuarı; Nümunə: "Kəsəcəm damarları", "Avara sevə bilməzmi?", "Simpatiçni oğlanam", "Не Будем Спать" və s. və i.a. Başlığı belə olan mahnının içi də belə olar: Simpatiçni oğlanam, Çölə çıxmağıma peşimanam! Var maşınım, var imkanım, simpatiçni oğlanam, Özümə görə var ad-sanım, simpatiçni oğlanam!". Bu işğaldır, bu seperatçılıqdır, bu milləti təhlükəyə sürükləməkdir.

Üzeyirin mahnıları elə bil Çernobıl qəzasına düşüb. Faktlardan da açıq görünür ki, sözləri tamamilə mutasiyaya uğradıb. Mutasiya - dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm formasıdır. Mahnıları isə mutantdır. Mutant - orqanizmlərin x, y, z, qamma və hiper aşmalara məruz qalması nəticəsində hüceyrə nüvəsindəki DNT sırası və sarmallarında pozulmalar nəticəsində canlının fizioloji və bioloji sistemində gözlə görülən dəyişməsidir. Üzeyir də sözlərin genetik strukturunu tamamilə dağıdıb. Ortaya isə çox eybəcər "mutant canlı" çıxarıb. Söz yox, fikir yox, yeni düşüncə yox, tərbiyəvi əhəmiyyəti yox. Nə var? Heç nə! Amma etiraf etmək lazımdır ki, beyinləri mutogen mahnıları ilə asanlıqla işğal edə bilir. "əl-Qaidə" insan fizikasını, Üzeyir isə beynini məhv edir. "əl-Qaidə" kamikadze yetişdirir, Üzeyir seçdiyi "qurbanları"nın əlinə "lezva" verir: - Gedin damarlarınızı kəsin, mən "simpatiçni oğlanam!

Problemlər təkcə Üzeyirlə məhdudlaşmır. Şou əhli insan psixikasını və fiziologiyasını generativ aşınmalara da məruz qoyur. Məsələn, müğənni Eldar Qasımov Avropanın "ikiayaqlı ayğır atı"na - Konçitaya sevgi etirafı edib. Antopotoloji quruluşu fiziki və kimyəvi qanunvericiliyə əsaslanmayan Konçitanı sevmək kişilərin ən sonuncu istəyi olmalı idi. Eldar isə bunu əvvəldən etdi. İnanıram ki, Eldarın Konçitadan zəhləsi gedir. Lakin o, başa düşür ki, bu gün istənilən müğənni qeyri-adi "Troya atı"nın adını çəkməklə asanlıqla gündəmə gələ bilər.

Nüşabə Ələsgərli "İnstaqram"da qızı Nigarın şəklini paylaşıb; Zaur Baxışəliyevin məşhur "Fort Boyard" yarışmasının tanınmış simaları Monika, Paspartu və Müdriklə şəkilləri yayıldı; Müğənni Aygün Rəhimova Amsterdama istirahətə gedib; Elşad Xose cavanlığında təkər qaraldıb; Məşədi qaynına kəllə atıb; Masazır təsbeh zavodunun Parisdə filialı açılıb; "əjdaha" Nadir Çində "Lord Drakon" festivalında çıxış edib; Afrikada Elza Seyidcahana dəstək kampaniyası başladılıb; Samir Bağırov Samiraldoya "adam kişi olar" deyib; Arzunun güzgüdən zəhləsi gedir və s. Nooolsun?!

Bunlar fikir azadlığı deyil, beyin terrorudur. Onu qətl etməkdir. Röyanın açıq göbək reklamı düşüncə terrorizminin edonist formasıdır. Yəni sərhədsizdir. Mətbuat bu gün tale yüklü məsələlərin üzərinə göbək reklamı qədər getmir. Bu bizi narahatlığa hamilə buraxır. Cəmiyyətin dincliyi pozulur, beyinləri qarışdırır. Buna heç kəsin haqqı yoxdur: nə göbəyin, nə drakonun, nə mutantın, nə də ağ budların. Adama qayıdıb deyərlər ki, görməmisən hardan bilirsən? İnanın ki, çağrılmayan qonaq kimi hər yerdə adamın gözünə girirlər.

Onlar adamı Əsədin kimyəvi silah cəbbəxanası kimi içindən partladır.

Röyanın göbək məsələsini zehni xəstəliklərin simptomu kimi dəyərləndirmək olar. Bu hal psixiatriyanın əsas problemlərindən biridir. Beyin psixoz vəziyyətdə problemlərini nəinki kompleks, heç pərakəndə şəkildə belə həll edə bilmir. Nəticədə isə məntiqdəki qüsurlar aşkara çıxır. Növbəti mərhələdə isə koqnitiv pozğunluqlar görünür ki, belə hallarda ortada olan faktlara məna verə bilmirik. Bəli, biz Röyanın açıq göbəyinə və Üzeyirin terrorçu mahnılarına məna verə bilmirik. Buna görə də onların hərəkətlərini mənalı hesab edirik. Medianın qənaətini də doğru istiqamətləndirə bilmirik. Üzeyirin mahnıları beynimizə elə oturub ki, onu təmiz gəmirib yeyib. Nəticədə isə üzərimizdə məchul başlar gəzdiririk. Ən pisi isə odur ki, şou əhlinin qəribə hərəkətlərini tənqid edəndə əksəriyyətin başı lakatr kimi aşağı yuxarı sallanır. Sənə haqq qazandırır. Sonradan isə məlum olur ki, bu hərəkət sadəcə lakatr refleksi imiş. Çünki şou və intim xarakterli xəbərlər beyinlə vasitə arasında olan informasiyanı manipuliyasiya edir. Nəticədə isə lazım olan nöqtəyə Röyanı soyunduran səbəb yox, göbəyi çatır. Ekranlardan, kompüter monitorlarından gözlərimizi "əjdaha" Nadirin maralı buynuzlayırsa, görməməliyik də. Kar olmalıyıq.


Mənsur Rəğbətoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31