Azərbaycanlı aktrisa: "Elçilər gəlməyinə gəlir, amma..."

Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Səbinə xanım, yaşınızın az olmasına baxmayaraq, Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə daxil ola bilmisiniz. Bu uğuru ən çox nə ilə əlaqələndirmək olar?

- Heç özüm də bilmirəm (gülür). Yəqin ki, çalışqanlığım və böyük cəhdlər sayəsində səhnəyə çıxmışam. Bu da bir faktdır, mən yeganə aktrisalardanam ki, teatra rolla gəlmişəm.

- Bəs sənətə gəlişiniz necə oldu? Oxucuları bir az bu barədə məlumatlandırsanız, yaxşı olar.

- İncəsənət meylim uşaqlıqdan olub. Rəqs dərnəyini bitirmişəm. "Tanqo" rəqsi üzrə ixtisaslaşmışam. Bu maraq məni Dövlət Mədəniyyət və İncəsənt Universitetinə apardı. Oranı bitirdikdən sonra aktrisa kimi fəaliyyət göstərməyə başladım.

- Səhv eləmirəmsə, teatrdan qabaq seriallarda çəkilməyə başladınız...

- Bəli, "Həyat varsa", "Ultionis", "Bir ovuc torpaq" və s. kimi film və seriallarda baş rola çəkilmişəm. "Qanun naminə" adlı çoxserialı filmdə isə ikinci rejissor olmuşam.

- Maraqlıdır, rejissorluq qabiliyyətiniz də var?

- Var, ancaq sırf bu sahədə peşəkarlaşmaq və fəaliyyət göstərmək isətmirəm. Aktrisalıq mənə daha yaxındır.

- Hələ bir durğunluq yaranmayıb ki? Yenə də seriallardan təkliflər alırsınız?

- Sözsüz, təkliflər davam edir. Yeni serialın çəkilişlərinə başlamalıyıq, inşallah.

- Ailənizin, bu sənətdə olmağınıza münasibəti necədir bəs?

- Sağ olsunlar, onlar məni dəstəkləyirlər. Valideyinlərimin məsləhətinə hər zaman ehtiyacım var. Əksər məsələlərdə onların dedikləri ilə razılaşıram və xeyir tapıram.

- Dediniz ki, rəqslə məşğul olmusunuz. Həmin dövrlərdə qazanc məqsədi ilə toylara gedirdiniz?

- Bəli, gedirdim. Ancaq sonradan valideynlərimin məsləhəti ilə toylardan da "ayağımı kəsdim" (gülür).

- Ailəlisiniz?

- Xeyr, hələ subayam. Düşünürəm ki, ailə qurmaq üçün hələ tezdir.

- Belə gözəl bir xanıma, yəqin ki, elçi düşənlər çoxdur.

(gülür)... Elçilər gəlməyinə gəlir, amma qapını açmırıq, elə bilirlər ki, evdə yoxuq (gülür).

- Sizcə, gələcəkdə elə bir rol ola bilərmi ki, ondan imtina edəsiniz?

- Aktrisanın roldan imtina etmək hüququ varsa, ola bilər ki, hansısa bir roldan imtina edərəm. Amma düşünürəm ki, mənə həvalə olunan hər bir rolu oynamalıyam.

Cavidan Abdullayev
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31