Oxumaq lazımdır, Nadir, Namiq, Aygün, Elza...

Salam.

Heç birisini görməyə gözüm yoxdur. Hamısını səhnədən təmizləyib oranı mükəməlləşdirmək istəyirəm. Onların 80%-i müğənni deyil. Adamı sosiofobik edirlər. Musiqiyə lənət etdirirlər. Lənət şeytana! Bütün bunların vicdanımdakı təsirləri məni tərk etdiyi boşluqda dəli olmasam yaşayacam. "Xaltura" edirlər. Toy mahnılarından başqa heç nə oxuya bilmirlər. Məsələn, Nadir Qafarzadəyə görə, şəxsən heç bir televiziya kanalına baxmaq istəmirəm. Ümumiyyətlə heç yaşamaq istəmirəm. Nəyə görə, "əjdaha"nın maralı əzişdirib xürd-xəşil etməsinə baxmalıyam? Adı qırmızı kitaba düşmüş heyvandır, qoy rahat yaşasın də. Problem təkcə Nadir deyil. Başqaları da onun kimidir. Nadir onların ümumiləşdirilmiş obrazıdır. "Əjdaha" həmişə ekran qarşısına keçəndə mənim də adımdan danışır. O deyir ki, "xalq məni sevir". Mən də bu xalqın nümayəndəsi deyiləm? Mən səni sevmirəm axı. İndən sonra belə bir ehtimal da yoxdur. Yəqin ki, heç vaxt olmayacaq da. Oxumağı yox, özünü tərifləyir, danışmağa başlayanda elə bilirəm ki, 15-20 adam danışır. Efirdə qışqırmazlar. Qaşlarını aldırıb, pomada sürtməyə nə var ki? Oxumaq lazımdır, yoldaş Qafarzadə!  Müğənnilərin az qala 100%-ə dirənən nisbəti televiziyalarda canlı oxuya bilmirlər. Məsələn, bu yaxınlarda Britni Spirsə aid yayılmış video onun bütün prestijini ayaqlar altına atdı. Məlum oldu ki, Spirs müğənni deyilmiş. Səsyazma studyasında montaj olunmuş səslə disk, kaset çıxaran "xalturşik" imiş. Mən axırıncı dəfə nə vaxt elə Aygün Kazımovanın da canlı oxuduğunu görməmişəm. Oxu görək kimsən də? Dodaqları şişirdib "İnstarqam"da şəkil paylaşmaq lazım deyil. Yoxsa ki, Molla Nəsrəddin kimi səsinizin yaxşı çıxması üçün hamızını tutub hamama basaq?! Yox. Keçəl suya getməz, çoxdan evinə su çəkdirib.

Eldar Qasımovu da bacarıqsız və işini bilməyən adam kimi tanıyıram. Eldar "Avroviziya"dan sonra dərsindən 2 almış şagird kimi yaddan çıxdı. Tanınmaq üçün efirdən əvvəl, xəbər başlığı üçün qeyri-adi fikirlər söyləməkdən qabaq, oxumaq lazımdır. Oxumağı bacarmayan Eldar gündəmdə qalmaq üçün Nigar Camaldan bir dəqiqə də olsun kənar qaçmır. İndi də qalxıb deyir ki, Avropanın "ikiayaqlı Troya atı"nı (Konçita Vürst) sevir. Nə olsun ki? Bundan mənə nə! 

Harada tarixin, ya da bəşəriyyətin sonunun çatdığı, yaxud qaçınılmaz şəkildə gələcəyindən bəhs edən birini görsəniz, bilin ki, orada bir məhvedici var. O isə  musiqinin qiyamət kəhanətidir. Musiqi adına etibarsızlığın ifadəsidir. Üzeyirdən danışırıq. Qardaşım, sən bu işin adamı deyilsən, çıx get. Üzeyir, sənin "Kəsəcəm damarları"n musiqidə sıçrayış deyil axı. Başa düşürəm, bunu bacarmadığın üçün damarımızı kəsməklə bir növ mənəvi dinclik tapırsan. Həm də özünü aldadırsan. İllüziyaya qapılırsan. Bu, özünü pərdə arxasında gizlətmiş mürtəcelikdir.

Elza Seyidcahan. Elzanın bacarıqsızlığını ortaya çıxarmaq üçün üzərinə geyindiyi estetika paltarını nəzərə almadan, ortaya qoyduğu çirkin məhsullara baxmaq lazımdır. Küçədə kimi dindirsən, Elzadan heç nə oxuya bilməyəcək. Bəli, heyvanlara mahnı oxumaq yaxşıdır. Lakin musiqi insanlar üçündür. Allah lazım bilsəydi, zürafəyə əl yaradıb mikrofon verib səhnəyə çıxarardı. Hələ sən bir bizim üçün oxu, qalanına sonra baxarıq. Elza kimi digərilərinin də çoxusu vizuallığa müraciət edirlər. Bu vəziyyətdə isə sənət palçıqlı zəminə düşür. Oxumaq bacarıqsızlıqları bir kənara, müğənnilərin özlərini təqdim etdikləri kimi deyillər. Hamısı açıq tənqidə qapalıdırlar. Tənqid bombardmanı altındakı müğənni üçün bu dağılmış, formal estetikasının sıra xaricindədir. İstər Röyası, istər Aygünü, istər Rəqsanəsi onu tənqid edənləri hədələyirlər. "Əjdaha"nı tənqid etmək olar? Adamı tikə-tikə edər. Çoxusu metafizik hisslərlə yaşayır. Məsələn, Namiq Qaraçuxurlu bilir ki, toyun sonunda bərbad performansından əldə etdiyi qazancı 10-15 min manat olacaq. Namiq üçün sənətin gözəlliyini yox, toy sahibinin ciblərini qucaqlamaq vacibdir. Çünki sənət nə Namiqə, nə də elə Nadirə lazım deyil. Heç birisi avanqard sənətçi deyil. Üzərlərində işləmirlər, sənətin ibtidai dövrünə ilişib qalıblar. Çoxusunun özlərini tərifləməsi topal atın yarışı birinci bitirməsi kimidir. Mikroskop altına salsan, bir moekul boyda səsləri yoxdur. Məsələn, Sevda Ələkbərzadənin səsini tərifləməsi fəlsəfənin və yaradılışın duyğusuna ziddir. O, indən sonra da peşəkar olmamağın ən nadir xülasəsidir. Onun antalogiyasında üzə çıxarılası bir mahnısı belə yoxdur. Başa düşürəm, musiqi sevdalısı adamdır, amma oxuya bilmir. Oxuya bilsə, mütləq müğənni ola bilər. Dostoyevski deyirdi ki, hər adamın içində bir şeytan var. Yəni ki, zəfərin yolu onu tapıb üzə çıxarmaqdadır. Amma Sevdanın içində heç şeytan da yoxdur axı. Boğazında olmayan səsi orada axtarmaq məntiqli deyildi. Kobud düşüncədə məntiqli söz ola bilməz. Onların heç intellektualları da yoxdur. Onlarda mütləqiyyətlik qazanmaq iddiası ululaşma psixologiyasına güc verir. Müğənnilərin çoxusu imic əsrində yaşayırlar. Müxtəlif sifətlər sarmaşıq kimi evimizə qədər dolaşıblar. Rəqəmsal dilləri var. Bu onlara toy tutmaq gözəl fürsətlər yaradır. Əvəzində isə əsl toyu həm cibimizə, həm də zövqümüzü kökündən qazımaqla mənəviyyatımıza tuturlar. Ümid dilənçisi həmişə utopiya duası oxuyar. Məsələn, "mən sağalmayacaq xəstəyə pul yatırmaram" deyən Röyanın məqsədi ancaq pul kapitalı yığmaq olar. Yaxud Elza, Rəhim Rəhimli, Samir Bağırov, Sevda Ələkbərzadə səhnəyə niyə çıxırlar? Özlərinin qeyri-adi olduqlarını sübut etmək üçün? Beynimizi xarab etməyə? Bu heç kəsə lazım deyil. Sevda özünü əsdirir, Rəhim əyir, Elza ilan-qurbağanı şlyapasına yığıb deyir, qeyri-adiyəm. Bir dəfə də olsun, Rəhimi səhnədə düz dayanan görməmişəm. Bu adam səhnəyə boğazdan aşağı əyilmiş formada çıxır. Sənətçi əyilməli deyil, sənəti baş əydirməlidir. Mən gələcək övladıma Rəhimi, yaxud Elzanı, Sevdanı niyə örnək göstərməliyəm ki? Dəliyəm?

"Əjdaha" Nadir səhnəyə çıxanda...
"- Sənə əjdaha lazımdır?
- Yox.
- Elə mənim özümə də lazım deyil. Nə var nə yox, bradyaqa?" ("Bəyin oğurlanması")


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31