Mənsum İbrahimov: “Mənim səsim Şuşaya bənzəyir”
22 İyul 2014 10:28 MədəniyyətXalq artisti Mənsum İbrahimov 1937.az-ın "BAŞI DUMANLI" layihəsində Şuşa ilə bağlı xatirələrini bölüşür.Şuşa bizim yaylağımız, Ağdam qışlağımız idi. Üç aylıq yay tətilini Şuşada - düşərgədə keçirərdik. Həmin vaxtlar şəhərin əhalisi üçqat artardı. Əyri-üyrü küçələrdə xaricdən gələn turistlər qaynaşardı.Açıq havada konsert səhnəsi var idi. Bax mən səsimi ilk dəfə orda kəşf elədim. Həmin səhnədə ilk dəfə "Qarabağ şikəstəsi"ni oxudum. Orda nə qədər adam var idisə, iynə atsan, yerə düşməzdi. Axırıncı zənguləni vurub-qurtarandan sonra elə alqış qopdu ki, özümü itirdim. 10 yaşlı bir kənd uşağının ilk böyük alqışı idi bu. Məni səhnədən düşməyə qoymurdular. Sonra hər gün o səhnədə oxumağa başladım. O səhnə mənim səsimin kəşf olunduğu yer idi...Soltanbud meşələrində, Soltanbud təpəsinin dikində qoyun-quzu otaranda "Qarabağ şikəstəsi"ni çox oxumuşdum. Amma "Qarabağ şikəstəsi"nin Şuşa tarixçəsi mənim gələcək həyat yolumu cızdı. Şuşa bütün mədəniyyətimizin beşiyi idi. Axı o yerlər, o gözəlliklər bizim idi...Şuşada balaca bir bağ varıydı. Mən Xan əmini ilk dəfə o bağda görmüşdüm. Həmin bağda onun xudmani yeri varıydı. Ora gəlib öz yerində oturar, fikirləşər, yaxınlıqdakı nağıl aləmini andıran hovuzda qızıl balıqlara baxardı. Biz də maraqla Xan əmiyə baxar və yaxınlaşmağa cəsarət etməzdik. Şuşa mənim həyatımda iki dönüşün vətənidir: Bir səsimi kəşf etdiyim, bir də Xan əmini gördüyüm yer kimi...Cıdır düzünə gedərdik, ordan baxanda İbrahim xanın evi görünərdi. Adam olmayanda əlimi qulağımın dibinə qoyub zəngulə vurardım. Bütün zəngulələrim qayalara dəyib, üstümə qayıdardı. Bu mənə elə xoş gələrdi ki... İndi heç bir səsgücləndirici o əks-sədanın adamda yaratdığı sevinci və gözəlliyi verə bilmir. Onda elə bil adam qayalarda öz səsinə baxırdı. Mən öz səsimə çox baxmışam. Mənim səsim o torpaqlara, Şuşaya bənzəyir.1988-ci ilin payız ayları olardı. Laçından, tələbə yoldaşımın dəfnindən qayıdırdım. Yol yoldaşlarıma dedim ki, mütləq Şuşaya da dəyməliyik. Elə bil ürəyimə dammışdı ki, bu, axırıncı və sonuncu gedişimdir. O vaxt şəhərə girmək çox çətin idi. Hər yerdə postlar qoyulmuş, gediş-gəliş çətinləşmişdi. Ermənilər gəlib-gedən maşınları daşa tuturdular. Nə isə, birtəhər şəhərə girdik. Hər yerini gəzdim Şuşanın. Uşaqlığımın izlərinə sığal çəkdim, Xan əminin yerinə baxdım, Cıdır düzündə son dəfə "Qarabağ şikəstəsi"ni oxudum. Hiss edirdim ki, gözlərim dolub.Şuşanın, Qarabağın adını yaşatmaq üçün triomuza "Qarabağ" adı vermişəm.Harda olur-olsun, necə olur-olsun, hər dəfə bütün konsertlərin axırında "Qarabağ şikəstəsi"ni oxuyuram. Bir dəfə Latviya səfərində olanda onların prezidenti də konsertdəydi. Konsertdən sonra mənimlə görüşdü və "Qarabağ şikəstəsi" haqda soruşdu ki, o, nə musiqiydi elə. Dedim ki, o, bizim ağımızdır, kədərimizdir, harayımızdır. Prezident riqqətə gəlmişdi: "Yox, o, Yer musiqisi ola bilməz, onu bir Göy musiqisi kimi dinlədim. O, kosmik musiqi idi". Gördüm ki, prezidentin gözləri parıldayır "Qarabağ şikəstəsi"ndən danışdıqca. Biz ayrılanda o, hələ də musiqinin təsirində idi.Deyəndə Şuşaya getmirsiniz? Mən də deyirəm ki, heç vaxt Şuşaya vətəni işğal edilmiş biri kimi getməyəcəyəm. Mən ora qalib kimi getmək istəyirəm. Çünki mən Şuşanın -Qarabağın Məcnunuyam. Və mən Şuşada - uşaqlığımın səhnəsində yenə də "Qarabağ şikəstəsi"ni oxuyacağam!