Namiq Mənadan Bayram Kürdəxanlıya: “Bu şeytani hisslərdir”
“Onlar da hansısa vasitələrdən istifadə etmədən, siqaret belə çəkmədən öz işlərində uğur qazana bilirlər”
17 İyul 2014 14:47 MədəniyyətMeyxanaçı Bayram Kürdəxanlının polisdə dindirilməsi vaxtı narkotik maddələrdən istifadə etməsinə gətirdiyi səbəb mətbuat və sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kürdəxanlı narkotikdən yalnız "təb gətirmək" üçün istifadə etdiyini bildirib. Məsələyə münasibət bildirən meyxanaçı Namiq Məna meyxana zamanı narkotik və digər vasitələrdən istifadəni qəbul etmədiyini deyib. N.Məna hesab edir ki, meyxanaçıya təbə gəlməsi üçün zəngin mütaliə lazımdır. O, hansısa vasitədən istifadə edib təbə gəlməyin əleyhinə olduğunu qeyd edib. Namiq Məna bu cür vərdişləri "şeytani hisslər" adlandırıb: "İnsan Allaha güvənsə, sevsə o sevgidən təb ona bəxş olunur. Narkotik vasitələrdən istifadənin birmənalı şəkildə əleyhinəyəm. Bitki tərkibli yüngülləşdirici təbii dərmanlar var ki, onlar həyəcanı aradan qaldırmaq üçün yaxşı təsir edirlər. Onlar narkotik kimi ziyanlı deyillər. Amma narkotik və psixatrop dərmanlardan istifadə yaxşı hal deyil. Sənətə gələn gənc nəslin belə mənfi yollara düşməsi üçün mübarizə aparıram. Hansısa vasitədən istifadə etməyib bədiyyə deyə bilirəm. Heç siqaret çəkmirəm, idmanla məşğulam. Mənim kimi tanıdığım bu sənətin daşıyıcıları var ki, onlar da hansısa vasitələrdən istifadə etmədən, siqaret belə çəkmədən öz işlərində uğur qazana bilirlər. Spirtli içki və digər vasitələrdən istifadə yalnız məclislərdə həyəcanı aradan götürə bilər. Həmin anda ola bilər ki, beyinin işləməsinə kömək edir. Amma sənin zəngin söz balansın olmasa, nə qədər içirsən iç, nə qəbul edirsən et, o sənə nə kömək edəcək ki? Əksinə səni xalqın gözündən salacaq. Arzuolunmaz işdir. Hərdən belə hallarla rastlaşmaq təəssüf hissi doğurur". ("OLAYLAR" İA)