Azərbaycanlı aktrisa: "Ailə qurmaq barədə düşünmürəm hələ ki"

Gənc Tamaşaçılar Teatrının aktrisası Hüsniyyə Əhmədovanın Milli.Az-a müsahibəsi.

- Hüsniyyə xanım, siz də uşaqlıqdan aktrisa olmaq istəmisiniz, yoxsa?

- İncəsənətə meylim məktəb illərindən etibarən başlayıb. Bir dəfə müəlliməm tədbirlərin birində mənə şeir demək həvalə etdi. Çıxışım onun xoşuna gəlmişdi. Məni bu sahədə görmək istədiyini dedi. Düzdür, incəsənət sahəsinə gəlməyimə valideynlərim razı deyildilər, ancaq mən necə olursa olsun, qarşıma qoyduğum məqsədə çatmalı idim və şükürlər olsun ki, bunu bacardım.

- Teatra gəlmək sizin həyatınızda nəyi dəyişdi?

- Müəyyən qədər həyata, sənətə baxış bucağım dəyişdi. Bu sənət mənə çox şeyi öyrətdi.

- Nəzərə alaq ki, Azərbaycanda aktrisanın ailə qurmağı bir qədər müşkül məsələdir... Bəs sizdə bu baxımdan vəziyyət necədir?

- Mən hələ ailə qurmamışam. Heç bu barədə də düşünmürəm hələ ki. Ancaq həyatın işini bilmək olmur. Gec deyil. Bəlkə, gələcəkdə mən də ailə, uşaq sahibi oldum.

- Bu vaxta qədər neçə elçini "əliboş" geri qaytarmısınız?

- Elçilərim olub. İlk dəfə on səkkiz yaşımda qapımıza elçi gəliblər. Lakin mən istəmədim.

- Hüsniyyə Əhmədovanın karyerasında indi, sanki, bir durğunluq dövrü yaşanır, deyə bilərik?

- Zənnimcə, bu söz yerinə düşər. Həqiqətən də, yaş artdıqca durğunluq hiss olunur. Çünki mən indi iyirmi yaşlı gənc qız rolunu oynaya bilmərəm. Bunun üçün münasib gənc aktrisalarımız kifayət qədərdir, maşallah.

- Niyə belə düşünürsünüz? Buna potensialınız imkan vermir, yoxsa xarici görkəminiz?

- Düşünürəm ki, hərtərəfli uyğunluq olmalıdır...

- Məsələn, rejissorlara görə sizdə çatışmayan cəhət nədir?

- Əslində hər bir insan özündə olan çatışmayan cəhətləri bilməlidir. Mən də özümdə bunları tapmışam. Amma demək istəmirəm.

- Bu, sizdə kompleks yaradır?

- Müəyyən qədər kompleksli aktrisayam. Məsələn, heç vaxt açıq-saçıq səhnədə oynaya bilmərəm.

- Bu məsələdə yalnız kompleks amili dayanır?

- Həm kompleks, həm də bilirəm ki, elə səhnələri oynamaqla heç nə qazanmayacam, əksinə itirə bilərəm. Bu şeyləri nəzərə alıram.

- Siz də baş rol baxımından kasadçılıq çəkənlərdənsiniz?

- Bəli, demək olar ki, elədir.

- Bəs bunun səbəbi nədir?

- Yəqin ki, teatrımızda aktrisaların çox olmasında irəli gələn bir amildir.

- Hal-hazırda özfəaliyyətiniz nədən ibarətdir?

- İndi aktrisalardan ibarət "kvartet" yaratmışıq. Müxtəlif bölgələrdə konsert proqramları ilə çıxış edirik. Monoloqlar deyirik. Hətta xaricə qostrol səfərinə getməyi də planlaşdırırıq.

- Bu, sizin dolanışığınıza nə dərəcədə təsir edir?

- Müəyyən qədər təsiri var. Teatrda verilən məvacib hər kəsə məlumdur. Ona görə də istedadımızdan yararlanıb daşdan da "pul çıxartmaq" üçün əlimizdən gələni edirik (gülür).

Cavidan Abdullayev
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31