Xanım İsmayılqızının ürək yanğısı (FOTO)
Şairə rəhmətə gedən oğluna şeir həsrət edib
8 İyul 2014 07:36 MədəniyyətŞairə, mahnı bəstəçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızının oğlunun şənbə günü qəflətən dünyasını dəyişməsi onu və yaxınlarını sarsıtdı.
ANS PRESS-in məlumatına görə, şairə Xanım İsmayılqızının sosial şəbəkədəki dostları, yaxınları, bir çox ziyalılar ona başsağlığı bildiriblər. Şairə isə bu gün bir neçə gün ərzində onun yanında olan, mənəvi dəstəyini göstərən bütün dost-tanışlara minnətdarlıq edib.
Daha sonra isə oğluna həsr etdiyi qısa bir şeiri sosial şəbəkə izləyiciləri ilə bölüşüb:
"Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum,
OĞLUM..."
Xatırladaq ki, şairənin oğlu Fəridi Əliyevin şənbə günü ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.