"Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" işə başlayıb
4 İyul 2014 17:45 MədəniyyətBu gün Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" öz işinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunan konfransın devizi "Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması"dır. Tədbirə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutlarının və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçı qatılıb. Tədbirdə Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Mərasimi açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürdükdən sonra istər ölkəmizdə, istərsə də Strasburqda silsilə tədbirlər keçirilir. Bütün bunlar Avropanın Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmasına, eləcə də bu qitənin qabaqcıl təcrübəsindən istifadə etməyə imkan yaradır. Bugünkü konfransın olduqca maraqlı mövzuya həsr olunduğunu deyən Ə.Qarayev XXI əsrdə rəqəmsal daşıyıcılarda mədəni proseslərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda tam və sərbəst açıq internet məkanı var: "Hər dövlət orqanı öz işində bu sahənin inkişafına əhəmiyyət verir. Azərbaycanda "GoMap" sistemi nazirlik tərəfindən təsdiq edilib. Həmçinin ölkəmizdə ilk kitabxana, muzey və bir çox müəssisələrin internet şəbəkəsi yaradılıb. Hazırda 26 proqram üzərində iş aparmaq planlaşdırılıb. Belə bir şəraitdə bu işi kimin aparacağı, texniki avadanlıqdan istifadə məsələsi ortaya çıxır. Bu baxımdan konfransın materiallarında yer alan müəllimlərin hazırlanması proqramı olduqca vacibdir. Müvafiq sahələrdə çalışanların 60 faizi öz təcrübələrini internetdən əvvəlki dövrdə əldə etdiklərindən müasir avadanlıqdan istifadə bəzi çətinliklər yaradır. Ona görə də daha qətiyyətlə müasir avadanlıqdan istifadə etməyə yiyələnmək vacibdir". Nazir deyib ki, digər vacib məsələ isə internet istifadəçilərinin daha geniş auditoriyası olan gəncləri mədəniyyət sahəsində gedən proseslərə cəlb etməkdir. Konfransın Azərbaycanda keçirilməsini yüksək dəyərləndirən nazir burada müzakirə olunacaq mövzuların müvafiq məsələlərin həllinə öz töhfəsini verəcəyini qeyd edərək onun işinə uğurlar arzulayıb.
Sonra çıxış edən Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru xanım K.Luçiani konfransın formatını yüksək qiymətləndirərək bu tədbirdə qarşıda qoyulan hədəflərə nail olunacağına əminliyini ifadə edib. O, konfransda müzakirə olunacaq mövzular barədə məlumat verib. Bildirib ki, ikigünlük konfransda mövzuya aid məqamlara aydınlıq gətiriləcək. Sessiyalarla işini davam etdirən konfrans iyulun 5-də başa çatacaq.