Qara dənizin qara gözlü kapitanı: Barış Akarsu

4 iyul – türk rok musiqisinin məşhur siması Barış Akarsunun ölümündən 7 il keçir

Musiqi fərqli dünyalara açılan qapıdır. Bizi azad buraxır. Saxta dünyanın köklərini təməlindən çürüdür. Hüzn beynimizin ətini gəmirməyə başlayanda musiqi çıxış yoludur. Həyatı, səni, gerçəklə gerçək olmamağı, həyatdan danışan, narahatlığın dincliyini pozan, yoxluğunu inkar edən kəlimələr - bu musiqidir. Yalnız ruhunu bədənindən qopara bilən bu işin adamı olur. Amasranın coşqun dalğası, Qara dənizin qara gözlü kapitanı - Barış Akarsu. O, musiqinin abzası və nöqtəsi idi. Barışın mahnılarında həyata dair hər şey var. Barış Akarsu musiqisi sözün bitdiyi yerdi. Üzərinə söz deməməkdi. Vazkeçilməzdi. Barış Akarsu musiqisi ölüm ovuclarının içərisindən axıb keçərkən əlində sıxdığın zəhərli həbi xəbərsiz alıb aparır. Yaşamaq istəyirsən. Boynuna keçirdiyin kəndiri həlqəsindən qoparır. Yaşdır. Ölüm sənə aid olmaqdan çıxır. Unudursan! Ələyə tökülmüş qum kimi narın-narın ələnirsən. Axırsan başqa dünyalara. Barış Akarsu mahnıları sənin zövqlə düşmək istədiyin tələdir. Qarmağın ucundakı balıq kimi çırpınsan da çıxmaq istəmirsən. Barış Akarsu mahnıları cadudur. Quru qışı, fırtınası, qaynar yayı, coşqun dalğası, Amasrası var. Təsəllidir. Üşüdür. Hər zəngi basılan qapını açmaqdan vaz keçdirir. Sahilinə çökdüyün dənizin mənasını yükləyir. Kədəri önəmsizləməyin ünvanıdır, Barış mahnıları. Sevgi yağdırır. Sevgilər cücərdir içində: həyata, məhəbbətə, məmləkətə, anaya, musiqiyə dair hər şeyə... İçləri titrədir. Xoşbəxtliyi Günəş dadında bədənində isidir. Özünün də dediyi kimi həyat torpaq, sevda qoxur. Şəfəqin ömrünü də sevgi seli ilə uzadır. Postmodern zamanlara axırsan. Mahnıların sahilindən ümidsizcə keçərkən Barış Akarsu qulaq kəsdirir xoşbəxtliyin simfoniyalarına. Şairlərin şeir sözü, rəssamların rəngli palitrası, romanların al yazmalı tarla çiçəyidir. Sevgilinin pəncərədən şəhla baxışıdır. Bir fincan qəhvənin qırx illik həsrətini udumlarkən, heç nə olmamış kimi yenidən doğuluşdur. Cavabsız suallar içərisindəki sayıqlamalarda dəniz sahilində bir qədəh şərabdır. Barış Akarsu mahnıları - dərinə lağım atmış alın xətlərinin dayazlığıdır. Dənizdən gəlib ulduzlara gedən adam - Barış Akarsu təkcə musiqilərinə görə sevilmədi. Səsilə yanaşı, humanist, yaradıcı, paylaşan, içdən insan idi. Bunlara görə də sevildi. Barış Akarsu səhnədə hər kəsi ovsunlaya bilirdi. Musiqini sevməyənlərə onu da sevdirirdi. Rok Tanrısı idi. Türk musiqisinin Barış Manço və Cem Karaca kimi nəhənglərinin vəliəhdi adlandırılırdı. Lakin Barış Akarsu səhnəyə çıxdığının ilk günündə onların kölgəsində qalmayacağını sübut etdi. İdealları uğrunda getdiyi yerlərdə sevildi. Səsi onun uğuru idi. O, oxumağı əla bacarırdı. Əsl səhnə adamıydı Barış Akarsu. Uğurun sirri iki dodaq arasından çıxaracağın sözlərdədir. Barış sözünün adamıydı. Çox yaşamadı, çox şey etdi. Öz işinin adamına uzun ömür də lazım deyil. Anası Xədicə xanım oğlu Barış Akarsu haqqında xatirlərəindən danışarkən deyirdi ki, o, körpə olanda beşiyinə bir kəpənək qonur. Kəpənəyi dəfələrlə qovsalar da o Barışın bələyi üzərində qalmaqda israr edir. Bilirsiniz, kəpənəklərin ömrü pupa dövründən çıxandan sonra 1 gündür. Və bir gün Barış gedər sən üzülərsən. İndi yaşasaydı 35-də olacaqdı. Adını və özünü sayğıyla anırıq. Onu bizdən cəmisi 7 il ayırır. Məkanın cənnət olsun, gülən adam. Adına yazılmış mahnılarda olduğu kimi soruşanlara heç vaxt öldüyünü deməyəcəyik. Sadəcə uzaqlardadır deyəcəyik, bir gün dönəcək deyəcəyik.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31