Musiqiçilərin və aşbazların inhisarına düşmüş toylar

Ssenariçilərə və rejissorlara maraqlı və bol əyləncəsi olan toylar sifarış verək

Hafiz Mirzə

 www.hafizmirza.com

Toy özündə onlarca komponenti daha uğurla  birləşdirən fərdi, ailəvi və milli xarakterli bir şənlikdir. Şənlik isə təkcə bol yeyib-içməkdən və musiqi dinləməkdən ibarət olmur. Toy bir evin, ailənin sevincini, ən şad gününü paylaşmaq, onu ictimailəşdirmək və el şənliyi səviyyəsinə qaldırmaq deməkdir. Digər məziyyətləri də az deyil. Ən əsası isə toy yeni ailə quruculuğunun təntənəsidir. Dövlət ailədən başlanır. Möhkəm ailə təməlçiliyi olan ölkələr, xalqlar qüdrətlidir, dövləti güclüdür. Digər xalqların etnoqrafiyasına nəzər saldıqda onlarda da qismən belə olduğunun şahidi olarıq, amma bizim toylarda bu xüsusiyyət daha geniş əhatə olunmuşdur. Bu səbəbdən toylarımız daha fərqlidir. Ailəcanlı xalq olmağımız da buradan qaynaqlanır.Hüzr və ziyafət məclislərimiz bir xalq olaraq bizim milli simamızı ifadə edir. İnsanı şad və pis günündə tanıyarlar. İslam dini hüzr mərasimlərini  kifayət qədər dolğun əlamətlərlə tamamlayıb. Bunlar İlahi mənalar daşıdığı üçün ona zaman-zaman əlavələr etməyə ehtiyac qalmır. Toy isə büsbütün milli xarakterli  adət olduğu üçün daha geniş əhatəlidir, fərdidir, onu zənginləşdirmək, milli və fərdi cəhətlər əlavə etmək daha asan və mümkündür. Toyda yeniliyə, zənginliyə meyl etməklə, mənalı əlavələr qatmaqla  yeni ailə quranların gələcək ailə həyatına yeni-yeni müsbət çalarlar  əlavə etmiş olarıq. Toy zamanı  icra edilən hər bir elementin məna çaları olmalıdır. Mərhumla bağlı ötən 40 gün çox mühüm əhəmiyyət kəsb etdiyi kimi yenicə ailə quran bəy və gəlin üçün də 40 gün çilə dövrü başlanır və bu dövr ərzində onlar üçün edilən hər bir duanın, icra olunan ayinin, hər bir əməlin özünün metafizik məna və təsir gücü yaranır. Çilə dövrü hamilə qadın üçün də, yenicə doğulmuş körpə üçün də, hətta yenicə köçdüyün mənzil üçün də   mövcuddur. Onu bir növ şəxsin, məkanın aurasının zəif, təmiz və açıq olması kimi deşifrə edə bilərik. Fərdin aurası bu zaman həddən artıq həssas və kövrək olur. Bu zaman həm də bəylə gəlini pis üzdən, bəd gözdən, niyabətli nəfəsdən və digər akkultik bəlalardan qoruyurlar.  Əvvəllər buna daha çox əməl edilir və bu da ailələrin daha möhkəm formalaşmasına təkan verir, ona bir qalxan olurdu. İndi isə ağsaqqallıq, ağbirçəklik missiyası itdiyindən, ruhanilik öz missiyasını düzgün icra etmədiyindən, bu sahədə maariflənmə işi aparılmadığından, 70 il əks təbliğat aparıldığından bir çox ayin və əlamətlər unudulmuş, sıradan çıxmışdır. Adicə, gəlinin başına atılan duvağın qırmızı rəngdə olmasının da elmi və akkultik tərəfləri mövcuddur.  İndi hansı gəlin məclisə qırmızı paltarda daxil olur? Hələlik bu əlamət bir azca  nişan mərasimlərində qalmışdır. İlk baxışdan bu kimi cəhətlər çox mürəkkəb və ya müasir dövrün tələbləri prizmasından baxdıqda  artıq bir iş kimi görünə bilər, amma metafizik  biliyi və ya elementar anlayışı olan kimsə bunları əhəmiyyətsiz hesab edə bilməz. Təəssüflər olsun ki, hazırda müasirlik anlayışı əvvəlkini inkar, köhnədən imtina və tam yeni və ya özgə formanın tədbiği kimi başa düşülür. Əslində isə müasirlik köhnənin təzələnməsi, zənginləşməsi və inkişaf etdirilməsi kimi qəbul olunmalıdır. Milli folklor və etnoqrafiya sahəsində son 25 ildə çox az zənginləşmə halına rast gəlmişik? Sovetləşmə -ruslaşma milliləşməyə və fərdiyyətə ciddi mane olurdu. İndi isə nailiyyətimiz guya avropalaşmadır, amma bu avropalaşma Avropanın özünü ağ günə çıxarıbmı? Özümüz ola bilmədiyimiz halda avropalaşacağımız absurddur.Daha çox diqqət, qorunma və zənginləşmə tələb edən toylarımızdır.Toy həm də bizim bir fərd və xalq olaraq gələcəyimizə, davamiyyətimizə, mövcudluğumuza hesablanmış ailə mərasimidir. Etiraf etdik ki, xalqımız daha çox ailəcanlı və ailə təməlçiliyinə söykənən insanlardan ibarətdir. Bizim nə zəhmətimiz, əziyyətimiz və qazancımız varsa, yalnız ailəmiz, övladımız üçündür. Özümüz özümüzçün nə vaxt öndə olmuşuq ki? Övladsız olduğuna görə bizdə ailələr dağılır, məhəbbət soyuyur,.. Hətta tərəflər bunu adi və anlaşıqlı qəbul edir. Sanki tərəflər bir-birlərini məhz uşaqları olsun deyə sevirmişlər. Bu olmadıqda isə hər şey öz mənasını itirir. Evə gec və ya tez gəlməsindən asılı olmayaraq, ərinin pencəyini qısqanclıq zəminində və bir andaca  qoxulamağı, onun çiynində yad saçın olub -olmadığını da eyni anın içində yoxlamağı bacaran orta statistik azərbaycanlı qadın uşağı olmadığı üçün ərinin bir başqası ilə evlənməsinə göz yuman, bəzi rayonlarda ərini özü evləndirən və bu qadını günü kimi yox, gəlin kimi evinə gətirən qadınlara çevrilə bilir. Övlad ailəni möhkəmləndirsə də, kişi üçün əslində nəslin davamı, qadın üçün isə əslində onun əsas bəzəyi kimi də qəbul edilir. Övlad toyu isə daha çox anaların arzusudur. Ata ümidinə qalsa övlad ya halvaçıya ürcah olar, ya da zurnaçıya. Hələ uşaqlığımızda valideynlərimizə başqaları hər hansı bir toy zamanı şövqlə "Oğlunçun-qızınçun olsun", "Balalarının toyunda!",  " Bu evə toy-düyünə gələk" kimi dualar edərdilər. Bu zaman qarşı tərəfin məmnunluqla necə qıncandığını tabloya dolğun köçürə bilən rəssam olaydı!"Oğlun-qızın imtahanda 700 bal toplasın,.. Harvard Universitetində oxusun,.. nazir və ya prezident olsun" duaları bizim üçün spesifik deyil. Bizim üçün bütün arzular və dualar birbaşa ailəyə bağlı olanda daha şərafətli sayılır. Ailənin bünövrəsi isə toyla qoyulur. Zatən yay aylarında axşamlarımız əsasən toylarda keçir. Azərbaycanda, xüsusən Bakıda olan qədər şadlıq sarayına dünyanın daha böyük Moskva və ya Nyu-York kimi şəhərlərində rast gəlməzsən. Bizim şadlıq saraylarının gözəlliyi qədər heç sultan sarayları olmamışdır. Şadlıq saraylarının bu qədər möhtəşəm və gözəl olmasına diqqət verilməsi də əslində ailə mərasimlərinin gözəlliyinə olan diqqət və ehtiyacın göstəricisidir. İştirak etdiyimiz hər bir toy bu səbəbdən yaddaşımızda müəyyən iz buraxmalıdır. Müsbət iz buraxdığını isə tam iddia edə bilmərik! Keçirilən toylar övladımıza məhəbbətimiz səviyyəsində mükəmməl deyil.Toyda qohum-əqrabanı, dost-yoldaşı görməli, rahat ünsiyyətdə olmalı, ləziz yeməklər dadmalı, maraqlı məqamların şahidi və iştirakçısına çevrilməli, yaxşıca şənlənməli, istirahət etməli, bir sözlə, müsbət enerji yükünün içərisində olmalıyıq. Amma nə qədər gözəl keçirilmiş sayılsa da, bəzən toydan bezirsən, yorulursan, üz döndərir, hətta deyinirsən də. Əslində adam xoş dəqiqələrdən, gözəl istirahətdən bezməz. Amma əksər toylarda eyni, keyfiyyətsiz, şablon və milli dəyərlərə yapışmayan, qondarma məqamlar gördükdə adam yorulur. Qəribə orasıdır ki, bunu açıq etiraf edənlər də öz ailəsinin toyunda eyni şeyi təkrar edir. Bunu da etiraf edək ki, milli adət -ənənələr  paytaxtdan sonra əyalətdə deformasiyaya uğrayır, bu dəyişiklik kəndə çatanda isə orada tamam məhv olur, unudulur. İndi rayonda Azərbaycan toyuna nəzər saldıqda 25-30 il əvvəlki vəziyyəti xatırladan çox az milli əlamətlərə rast gələrsən. Bizi daha çox yoran, bezdirən, ruhumuzu oxşamayan da  də məhz qeyri-milli nüansların, təkrarçılığın, primitivliyin bolluğudur. Sanki toya deyil, hər axşam hansısa restorana gedirsən. Hərçənd ki, indi restoranlar  daha maraqlı ssenari daxilində xidmət göstərməyə çalışır. Amma hər nə cür maraqlı xidmət göstərsə də restoran xidməti toy deyil. Toy ailə mərasimidir! Hər ailə özünün toyunda daha bariz görünür. Azərbaycan toyunu önəmli və yaddaqalan edən, böyük şadyanalıq və arzu səviyyəsinə qaldıran onun maraqlı, mənalı nüansları və milli kaloritidir. İndi bunlardan toylarımızda nələr qalıb? İştirak etdiyimiz toyların əksəriyyəti vizual olaraq restoran xarakteri daşıyır. Eynən restoran kimi sonunda haqqını ödəyirsən. Amma restorandan həm də estetik zövq ala bilirsən! Toyların heç olmasa 10%-dən  milli, folklor və estetik zövq almaq mümkündürmü? Əksinə, bir çox toylardan kəskin başağrısı ilə ayrılırsan.

Ailə təməlçiliyimizin çox güclü olması səbəbindən bizim toylarımız bir nəslin, ailənin mənəvi və maddi səviyyəsinin, onun dinə-imana, adət və ənənəyə bağlılığının, qohumçuluq, dostluq əlaqələrinin və cəmiyyətdə qazandığı mövqenin göstəricisi rolunu oynayırDI. Əvvəllər milli  toyumuzda dost-yoldaşın, elin-obanın  igidlik hünəri; ox atması, qılınc çalması, at çapması və güləş hünəri nümayiş olunardı. Buna görə də gənclər ailə qurmaqdan ötrü igidlik  hünərlərinə malik olmağa çalışırdılar. Zaman və texniki imkanlar baxımından indi yenə də evlənmək istəyən gənclərdən at çapıb qılınc oynatmağı tələb etmək doğru olmazdı. Müasir ölçülərlə yanaşsaq indi gənclikdən "Mercedes" və ya "07" ilə aftoşluq etməsini, karate üzrə ən azı "qara kəmər" 1-ci dan sahibi və "novostroyka"da ən azı 200 kvm -lik mənzili sahibi olmasını, vergi və ya gömrük orqanlarında işləməsini tələb etmək də sağlam məntiqə sığmaz.  Əski Sovet hakimiyyəti xalqımızdan onun milli kimliyinə, folkloruna, etnoqrafiyasına, dininə bağlı olan çox şeyini ala bilmişdi. Amma təkcə "bəy" adını heç cür ala, arxaikləşdirə və unutdura bilmədi. Xalq bu adı özünün ailə mərasimində nişanlı gənc oğlana verərək yaşatdı. İndi hətta əyalət toylarımızda milli olaraq qalan da elə bircə bu addır və "Vağzalı" musiqisidir. Əyalətdə bəy və  gəlin saraya daxil olduqda üzərlik yandırılması da hələ ki yaşamaqdadır. Bakı toylarında stolda təqdim olunan yeməklərin də az qala yarısı qeyri-millidir. Bəylə gəlinin saraya daxil olması Mendelsonun məşhur təntənəli marşı ilə əvəzlənib, sonra evlənənlər camaatın gözü qarşısında qucaqlaşıb vals rəqsi oynayır, axşam saat 23-dən sonra isə məclis diskotekaya çevrilir. Bircə "qorko" qışqırmağımız çatmır. Bunun sovet təfəkkür tərzi və ruslaşma siyasətilə bağlı olduğunu etiraf etdik. İndi ki, müstəqilik, yad təzyiqlər altında deyilik. Başqaları kimi geyinməyə, şənlənməyə meyillilik bizim öz olanlarımıza yaradıcı yanaşmamağımızla, cilalanma aparmamağımızla bağlıdır. Toyu  ən bahalı şadlıq sarayında keçirtməklə, məşhur, bahalı müğənnilər, aparıcı, aşbaz və çəkiliş qrupu dəvət etməklə mənalandırmağa çalışırıq, bəs nədən ccenariçi və rejissor dəvət etmirik? Toyu milli çalarda, daha mənalı, maraqlı, həqiqətən də ailənin ən böyük şadyanalığı kimi təqdim etməkdən, dəvət olunanların həqiqi istirahətinə, şənliyinə nail olmaqdan ötrü bunun mütəxəssisinə ehtiyac var. Hər il İncəsənət Universiteti kifayət qədər klub mütəxəssisi buraxır. Onlara mədəni-kütləvi tədbirlər üçün ccenari yazmaq, rejissor həlli vermək məharəti öyrədilir. Nədən şadlıq saraylarında sifarişçiyə ssenari və rejissor xidməti təklif olunmasın? Onlar toyun proqramına müvafiq süjet ətrafında təkcə mahnılar deyil, müxtəlif oyunlar, kiçik yarışmalar, tanınmış idmançıların tryuk nümayişini, gözbağlıc, bol rəqs, sirk nömrələrini, bədii qiraət ustalarını daxil edə bilərlər. Tanınmış kino aktyorunun, məşhur şair, yazıçı, rəssam və ya idmançının bir ziyafət məclisində müqavilə əsasında görünməsi, stollara yaxınlaşıb xoş sözlər söyləməsi, birgə fotolar çəkdirməsi də mümkündür. Toyun həm də video-lentə alındığını nəzərə alaraq müxtəlif rejissor üsulları da tədbiq olunmalıdır. Aparıcı isə adi bir diktor və ya natiq kimi deyil, əsil şoumen olaraq məharətini göstərməli, proqram nömrələrini, oyunları məharətlə təqdim etməli, özü də bir iştirakçıya çevrilməlidir. Bizim yaraşıqlı şadlıq sarayları həm də böyük yeməkxana xarakteri daşıyır. Nədən bu şadlıq sarayları toy zamanı qapalı əyləncə və istirahət mərkəzi kimi fəaliyyətə uyğunlaşdırılmasın? Bir saatlıq birgə mərasimdən sonra asudə vaxtı daha səmərəli keçirtməkdən ötrü dəvət edilənlərə sərbəstlik verilməli, musiqinin gur səsindən azad edilməsi, gəzib-dolaşması, dost-tanışla ünsiyyətdə olması, öz marağına müvafiq gələn salonda oyunların iştirakçısına çevrilməsi üçün şərait yaradılmalıdır. Müvafiq saatda və sonda dəvət edilənləri yenidən əsas salona toplamaq olar. Bu kimi forma və metodlar yüzlərcədir. Toyun ən əsas əlamətlərindən biri də gələnlərin xeyir-duasını almaqdır. Bunu isə önə çağırıb iclas fonu yaratmadan da etmək olar. Vaxtı ilə övladına 40 gün toy etdirən ata-babalarımız gələnləri 40 gün təkcə musiqiyə qulaq asdırmamış, 40 gün yalnız yeyib-içmək verməmişlər. Bunun müasir formasını tapmaq və tədbiq etmək çətin deyil, əsas olan bu istəklə konkret addım atmaqdır. Milli toyumuz süfrə və müğənni inhisarından qurtulmalıdır. Bundan ötrü qanun və qadağa gözləməyə isə heç ehtiyac yoxdur. Hər birimiz həm qanun, həm də qadağa ola bilərik.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31