Qax Dövlət Kukla Teatrında “Toya gecikən tülkü” pyesi səhnələşdirildi
27 İyun 2014 17:11 Mədəniyyətİyunun 25-də Qax Dövlət Kukla Teatrında tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Aləmzər Əlizadənin "Toya gecikən tülkü" adlı pyesinin tamaşası səhnəyə qoyulub. Tamaşanın rejissoru Yusif Abdurrahmanov, rəssamı Əmrah Məmmədovdur, musuqisi Xudayat Əsgərovaya aiddir. İzləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanan tamaşanın baş rolunu Aynurə Abbasova, digər rolları Azər Kərimov, Araz Mehrablı, Zaur Paşazadə, Afət Yaqubova, İlmar Abdullayev, nağıçlı Nuru Mustafayev oynayıblar. Tamaşa barədə fikirlərini bölüşən Aləmzər Əlizadə tamaşada əməyi olanların hər birinə ayrı ayrılıqda təşəkkür edərək, bundan razı qaldığını bildirib. Müəllif qeyd edib ki, əsərləri Sovet dövründən başlayaraq bir neçə dəfə səhnələşdirilib: ""Günah torbası" pyesim isə Azərbaycan Televiziyasının "Qızıl Fond"unda qorunur. Bu gün əməyimin bəhrəsini istədiyim şəkildə görüncə çox sevindim. Əlbəttə, burada başda Yusif müəllim olmaqla, bütün teatr heyətinin əməyi oldu. Bu günü mənə və mənimlə yanaşı burada iştirak edən hər bir tamaşaçıya yaşatdığı üçün Qax Dövlət Kukla Teatrına dərin minnətdarlığımı bildirirəm". Xatırladaq ki, tamaşa oktyabr ayından başlayaraq Qax Dövlət Kukla teatrında mütəmadi şəkildə səhnəyə çıxarılacaq. ("OLAYLAR" İA)