Türk hökmdarlarına çılpaq və qərəzli münasibət
“Muhteşem yüzyıl” serialı Osmanlını kimsənin həddi çatmayacaq qədər aşağıladı
18 İyun 2014 14:02 MədəniyyətHafiz Mirzə
www.hafizmirza.com
II HİSSƏ
Dörd ilə yaxın vaxt ərzində evlərimizin qonağı olan "Muhteşem yüzyıl" tele-serialının nümayişi artıq bitmişdir. Bunu bir hadisə hesab etmək olar. Təkcə türk dünyasının deyil, onlarca digər ölkə tamaşaçısının izlədiyi bir film olaraq o təkcə bizim yox, həm də bizə dost və ya düşmən sayılan onlarca digər xalqın düşüncəsində müəyyən izlər qoya bildi. Dostlarımızın sevinmədiyi aydındır. Dostlarımız sevinməmişsə, düşmənlərimizin məmnun qaldığı da şəksizdir. Çünki bu film məhz türk düşmənləri sayılan xalqların bizim ulu sultanlarımız barədə yazdıqları hədyan fikirlərin böyük bir qismini təsdiq etdi. Son bölümlərin çıxartdığı ümumi bir sual türksevər tamaşaçını daha çox narahat edirdi: "Bunun harası möhtəşəm oldu?" Suallar çox idi. Gözünə xoş görünən hər hansı qadını, dosta, yoldaşa mənsubluğunu öyrənmədən, hətta düşmən ola biləcəyi ilə dərindən maraqlanmadan yatağa çəkən bir osmanlı sultanı bu qədər eyş-işrət düşgünü ikən həm də ədalətli, mömin bir İslam xəlifəsi və qanunsevər dövlət başçısı ola bilərdimi? Amma mütəxəssislər onun dönəmində yəhudi kökənli insanların üzdə İslamı qəbul edərək, Osmanlı səltənətində sarayı və digər mühüm vəzifələri tutmasına nəzərən yəhudi dünyası üçün möhtəşəm hesab edə bilirlər. Bu dövr məhz yüz il özünün ən yüksək həddini yaşadı. Ölümündən sonra ona "Möhtəşəm Süleyman" və "Qanuni Süleyman" adını da yəhudilər verdilər. Amma zamanında bunu kimsə bilmədi və nəzərində olmadı. İndi bu filmdə yəhudi barmağının izləri aşkar görünür. Sarayında hərəmxana saxlayan, müharibə apardığı ölkələrdən qız-gəlini seçib hərəmxanasına daşıtdıran, onlarla kəbinsiz izdivac quran bir sultan qüdrətli olmaqdan daha çox cılız bir şəhvət düşgünü, övlad qatili, hakimiyyət hərisi, qeyri-türklər olan saray adamları isə ağıllı, cəsarətli və qəhrəman kimi təqdim olunursa, başqa cür düşünməyə dəymir. Sultan Süleyman həqiqətən də tarixən bu qədər abdal birisi olmuşdurmu? Düşmənlərin və ya incidilmiş mirzələrin onun barəsində bu cür ziddiyətli obraz yaratması barədə yazılı məlumatlar hətta varsa da, indi onu türklərin özünün bu cür təqdim etməsinə dəyərdimi? Təbii ki, Osmanlı tokatını çox yemiş və ondan qorxan Qərbi Avropa və rus mənbələri onun haqqında əsl həqiqətləri yaza bilməzdi. Osmanlı saray dəftərxanasında və ya kitabxanasında toplanan əsl həqiqətlər Sultan Süleymanın Avropaya hərbi yürüşlərinə haqq qazandıracaq, Şərqə- Səfəvilərə hücumlarını isə yanlış hesab edəcəkdi. Uzun illər türk düşmənlərinə nə o lazım olmuşdur, nə də bu. Bir osmanlı sultanı, Məkkə və Mədinə hakimi olduğu üçün o həm də İslam xəlifəsi hesab olunurdu. Cariyələr -kölə qadın sayıldığı üçün onların bir qədər açıq-saçıq geyinməsi məqbul idi, amma İslam xəlifəsinin sarayında bu açıq-saçıqlıq nə dərəcədə münasib görünərdi? Filmdə isə Hürrəm cariyə ikən bu vəziyyətdə saray bağçasında və digər yerlərdə sərbəst gəzir, öz hikkəsini irəli sürür. Şəriətə görə azad qadınlar tam qapalı geyinməli idilər. Filmdə isə azad qadınlar da açıq-saçıq geyimdə təqdim olunurdu. Serialın 139 bölümü boyunca Sultan Süleyman cəmi bir-iki dəfə namaz qılarkən göstərilsə də, qeyri kimsənin ibadətdə olması əsla göstərilmədi. Məsçidlər və böyük iman şəhəri sayılan İstanbul əsla İslam mərkəzi kimi təqdim olunmadu. Film boyu minarələrdən müəzzinlərin bircə dəfə əzan verməsi, Ramazan və Qurban mərasimlərinin geniş, ümumxalq mərasimləri halında təqdim edilməsi baş vermədi. Sultan Süleymanın öz hərəmxanasına yalnız Avropa mənşəli qadınlar toplaması, türk xanımlara laqeydliyi də nəzərdən yayınmır. Döyüşlər zamanı əsir götürülən, "əldən ələ" keçən, yalnız Parqalı İbrahimin (yunan, italiyalı və ya rumın mənşəyi dəqiq deyil) sayəsində Sultanın yatağına salınan, yəhudi kökənli, ancaq xristian qızı sayılan Hürrəm Sultana ( Aleksandra Lisovska - Roksolonaya) elə aşiq olur ki, onunla kəbin də kəsdirir, onu azad da etdirir. Daha çox ibadətdə təqdim olunmalı ikən Sultan Süleymanın qadınlarla harada gəldi öpüşməsi, qucaqlaşması, gördüyü hər gözələ ağzının suyunu axması heç də onun müdrikliyini əks etdirmir. Belə bir hökmdarın böyük bir imperiyanı uğurla idarə etməsi inandırıcı görünmür. İmperiyanı isə heç demə saray mənsubları idarə edirmiş. Onların isə əslən hamısı qeyri-türklər idi. Film boyu Hürrəm Sultana sevgi şeirləri yazan sultan elə ona da hər fürsətdəcə xəyanət edir. Bir türk sultanı hətta tarixdə həqiqətən belə düşgün birisi olmuşsa da, onu bu cür yaddaşlara yenidən həkk etməyə dəyərdimi?
Üstəlik, qardaş Azərbaycan Səfəvi Xanədanına münasibətdə də film yaradıcıları çox ciddi təhriflərə yol verirdilər. Azərbaycan tamaşaçısı film boyu Səfəvi Xanədanına qarşı Sultan Süleymanın etdiyi həqarətlərə laqeyd qalmadı. Tarixən osmanlı sultanları arasında məhz Sultan Səlimin Roma Papasının təhriki, odlu silahla təchizi və müxtəlif qondarma iddiaları ilə Azərbaycan Səfəvi Şahı I İsmayılın üzərinə hücum etməsi, qələbə çalması və döyüşün getdiyi Çaldıran düzünün də Azərbaycan ərazisində olması bizim üçün acı faktdır. Belə olduğu halda onun oğlu Sultan Süleymanın filmdə bizim şah babamıza nifrəti heç başadüşülən deyil. Sultan Süleymanın 4 dəfə Şah İsmayılın oğlu Təhmasib şahın hökmran olduğu xanədana qarşı yürüş və hücum etməsi də tarixi faktdır. Təhmasib Şah qardaş qanı tökülməsin deyə Sultan Süleymanın qarşısına qoşun çıxartmayıb və sultanı hər dəfə "yanar torpaq" taktikası ilə geri çəkilməyə məcbur edib. Filmdə bu həqiqətlər əks olunmur, ancaq serial boyu dəfələrlə həm Şah İsmayıla, həm də Şah Təhmasibə qarşı Sultan Süleyman öz məqamına yaraşmayacaq dərəcədə həqarətlə "qafil", "sərsəri", "dəyyus" kimi açıq təhqiramiz ifadələr işlədir. Hətta biz ondan düşməni kral Şalke barədə də belə ifadələr eşitmirik. Təhmasib şahın qardaşı Əlqas Mirzənin Sultanın bacısı Fatma Sultana (ifaçı Meltem Cumbul) aşiq olması nə qədər zövqlə işlənirsə, qardaşına qarşı ədavəti də bir o qədər obrazlı və haqlı təsvir olunur və bu zaman bütün formalar Təhmasib Şahın tamaşaçı nəzərində alçaldılmasına xidmət edir. Halbuki tarixdə Əlqas Mirzənin qardaşı Təhmasib şaha bir neçə dəfə xəyanət etməsi, hər dəfə bağışlanması və yeni vəzifəyə təyin edilməsi faktı da var. Sultan Süleyman isə heç doğma övladlarını da bağışlamır. Özünün türk qadından olan oğlu Şahzadə Mustafaya qarşı amansız münasibəti, qərəzkarlığı, ögey tərzi, inamsızlığı, onu daim ittiham etməsi əslində Hürrəm Sultandan gəldiyi üçün bu hal onun çox ağıllı, tədbirli, Sultanın isə səriştəsizliyini, acizliyini və zalım olmasını göstərir. Öz ailəsinə qarşı ədalətli olmayan bir hökmdarın rəiyyət üçün ədalətli olması, qanunun və dövləti-aliyənin tərəfini daha uca tutması heç inandırıcı görünmür. Qanunları ali tutmaqla tarixdə iz qoymuş bir Sultanın heç öz doğma övladı Şahzadə Mustafanı da dinləmədən, məsələni dərindən və ədalətlə araşdırmadan ölümünə hökm verməsi, eləcə də Şahzadə Bayezidi aldadaraq özündən uzaqlaşdırması onun başqalarına, xüsusən də xalqa qarşı münasibətdə qanunun aliliyini öndə tutmasını və tutacağını inandırıcı etmir. Bir atanın öz oğlunu hakimiyyət uğrunda və öz gözlərinin önündə boğdurub öldürməsi ağlasığmayacaq qədər zalımlıq və hakimiyyət hərisliyi deməkdir. Əgər tarixdə həqiqətən də hər şey belə olmuşsa da, filmdə onu bir başqa və çox fərqli formada vermək olardı. Hərçənd ki, məhz bu cür olduğunu təsdiq edən mənbələrə rast gəlmədik. Sultan Süleymanın öz oğlunu öldürtməsi ilə bağlı aldadıldığını və böyük səhv etməsini anlaması barədə tarixi mənbələr olsa da, filmdə bu da öz əksini tapmadı. Üstəlik, qətl səhnəsi filmdə o qədər güclü və təsirli çəkildi ki, ertəsi gün xalq Bursada Şahzadə Mustafanın məzarını ziyarət etmək üçün axışdı, məzarı önünə gül-çiçək qoydu. Təbii ki, bu vəziyyət Osmanlı tarixi ilə qürur duyan müasir türk insanında rəğbət formalaşdırmayacaq. Film yaradıcılarının da əsas məqsədinin məhz elə bundan ibarət olduğunu qeyd etməyə dəyər. Bir türkün öz tarixinə bu qədər həqarətlə yanaşması heç anlaşıqlı və səmimi görünmür. Sultan Süleyman Təhmasib Şahın qardaşı Əlqas Mirzəni ona təhvil verərdisə, bu bəlkə də iki dövlət arasında etimad körpüsü salardı. Amma o öz bacısı Fatma Sultanı ona nişanlayır və Təhmasibi aradan qaldırmaq şərti ilə toy edəcəyini vəd verir. Öz bacısının namusu üzərindən alver etməsi heç bir dövr üçün şərəfli və anlaşıqlı sayılmaz. Amma Təhmasib şahın Sultan Süleymanın oğlu Şahzadə Bayezidə hakimiyyətə gəlməsi üçün kömək təklif etməsi filmdə az qala "nakişilik" kimi təqdim olunur. Filmin Səfəvi sarayı ilə bağlı olan son bölümlərində qeyri-peşəkarlıq və qərəzkarlıq açıq hiss olunmaqdadır. Burada Təhmasib şah əcaib görkəmdə, qısa saqqallı, qaraşın, hətta saçları da çiyninə tökülmüş vəziyyətdə, bəstəboy biri olaraq göstərilir. Halbuki Təhmasib şah kifayət qədər iri bədənli, uzun saqqallı və ağbənizli şəxsiyyət olmuşdur. Səfəvi sarayı da çox primitiv, daim ala-qaranlıq, zövqsüz, qızılbaş əskərlər isə çinli imişlər kimi hamısı balacaboy, aciz və qaraşın təqdim edilir. Təklifi ilə razılaşmasa da Təhmasib Şahın Şahzadə Bayezidi, onun ailəsini və qoşununu 3 il öz himayəsində firavan saxlaması alicənablıq nümunəsi idi. Amma filmdə bu qabardılmır və diqqətə çatdırılmır. Təhmasib şah onun yazışmalarına, yanına qonaqların gəlməsinə və sərbəst fəaliyyətinə də mane olmur. Sonradan guya ki, onu atasına Qars qalasını geri istəməsi şərtilə qaytarması bir dövlət başçısının maraqları baxımından başa düşüləndir. Lakin Şahzadə Bayezidin Şah Təhmasibə qarşı sui-qəsd planı qurması alicənablıq sayılmaz. Bunu bildikdən sonra Təhmasib Şahın onun adamlarını edam etdirməsi haqlı qərardır. Özünə qarşı sui-qəsdə yol verməli deyildi ki. Onun 3 illik xidməti müqabilində xəyanəti daha kəskin cəzaya layiq olmalı idi. Amma Təhmasib Şah filmə əsasən Şahzadə Bayezidin Osmanlıya - atasının yanına qayıtmasına icazə verir. Bu zaman onun qardaşı, amma düşməni sayılan Şahzadə Səlim tərəfindən tutulmasının və edam edilməsinin günahı onların üzərinə düşür. Təhmasib şah sonuna qədər öz qonağı ilə - düşməninin oğlu da olsa ona sığınan bir şahzadə ilə çox hörmətlə davranır. Amma filmdə onun tez-tez "Şahzadə Bayazid həzrətləri" deyə müraciət etməsi heç inandırıcı deyil."Həzrət" ifadəsi təsəvvuf əhli olan sufilər tətəfindən geniş işlədilir, şiyə səfəvilər heç digər üç səhabəni- xəlifeyi-raşidini də həzrət adlandırmırlar. Belə olduğu halda bir şiə hökmdarının öz düşməninin oğlunu və qəbul etmədikləri məzhəb mənsubunu "həzrət" adlandırması inandırıcı və doğru sayılmaz. Bəs nədən Şahzadə Bayezid Təhmasib şaha ehtiramla müraciət etmir? Əksinə, o özünü qonaq və ya əsir kimi yox, filmdə dikbaş bir hökmdar kimi aparır; baş əymir, təzim etmir, ehtiram bəsləmir. Gülüş doğuran yanlışlıqlardan biri də filmdə Təhmasib şahın özünü əcəm hökmdarı adlandırmasıdır. "Əcəm" sözü "ərəb olmayan" mənasını verir. Gələn nümayəndənin təhdidlərinə əsəbləşən Təhmasib şah ona "Ey qafil, qarşında əcəm diyarının hökmdarı var!" deyir. Qəribədir, bir hökmdar öz ölkəsinin və xanədanın adı mövcud ikən özünü nə üçün "əcəm"- yəni ərəb olmayan diyarın hökmdarı adlandırsın?! Ən azından bütün tarixi mənbələrdə ölkənin adı heç də Əcəm və ya İran yox, Azərbaycan Səfəvi Xanədanı adlanır. Serialda Azərbaycan ifadəsinin səslənməməsi yalnız fars və yəhudi maraqlarına müvafiqdir. Halbuki, bu cür incə nüanslara diqqət yetirmək, məhz bu məqamlara nəzərən iki qardaş xalq arasında tarixi səmimiyyəti göstərməklə müasir qardaşlığın qondarma olmadığını bir daha təsbit etmək olardı. Bu zaman obrazların dili ilə müasir zamanın qardaşlığına hesablanmış hər cür siyasi fikirləri də əlavə etmək mümkün idi. Serialda hər bir hadisə müasir tələblər süzgəcindən keçirilməli, həm də türkçülüyə xidmət etməli idi. Bu kimi sadə nüanslardan serial yaradıcılarının xəbərsiz olduğunu düşünmək sadəlövhlük olardı. O da təəssüf doğurur ki, Türkiyə ictimaiyyəti və dövləti serialdakı bu kimi hallara qarşı zamanında ciddi təpgi göstərmədi. Bunu tam etiraf etmək lazımdır ki, bu cür serialların olmasındansa, olmaması türk dünyası üçün daha faydalıdır. Türk tarixinin mühüm mərhələlərini əks etdirəcək filmlərin xüsusi lisenziya əsasında çəkilməsi həm də TÜRKSOY-un maraq dairəsində olmalıdır.
"Muhteşem yüzyıl" serialı başqalarının maraq dairəsində oldu" deyə bilərik.