Azərbaycan Yazıçılar Birliyi XII qurultayını keçirdi
17 İyun 2014 18:58 MədəniyyətBu gün Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçirilib. Qurultayı giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri Anar bildirib ki, qurultayda iştirak üçün 439 nümayəndə qeydiyyatdan keçib. Onun sözlərinə görə, qurultayda xarici ölkələrdən nümayəndələr də iştirak edir. Birlik sədri bildirib ki, TÜRKSOY təşkilatı AYB-nin qurultayı və 80 illik yubileyi münasibətilə Azərbaycanın bir neçə ədibini - Xalq şairi Vaqif Səmədoğlu, Fikrət Qoca, yazıçı Mövlud Süleymanlı, Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Rəşad Məcid və daha bir neçə yazıçını mükafatla təltif edib. AYB sədri deyib ki, birliyin nizamnaməsinə bir neçə əlavə edilib. Qurultayda həmin əlavələr müzakirə ediləcək. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinə sədr seçiləcək. Qurultayda çıxış edən mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bildirib ki, milli mədəni zənginliyi qorumaq üçün əsərlərin yaradılması mühüm rol oynayır. Nazirin sözlərinə görə, Azərbaycanda yaradılan əsərlər düşüncələrin dəyişməsinə təsir göstərir. Nazir onu da bildirib ki, Azərbaycanda gənc yazar kimi təqdim edilən yazıçıların yaşı 50-ni ötmüş olur: "Bu gün bir neçə imzanı çıxmaq şərtilə müasir Azərbaycan ədəbiyyatı dünyaya layiq olduğu səviyyədə təqdim edilmir. Eyni zamanda, Azərbaycanın gənc nəsli müasir dünya ədəbiyyatının ən əhəmiyyətli hissəsindən xəbərsiz qalır. Bir sıra hallarda məşhur yazıçıların əsərləri çox bəsit şəkildə tərcümə edilir".
Nazirin sözlərinə görə, ötən illər ərzində bəzi istedadlı gənc ədəbiyyatçılar uğurlara imza atıblar :"Bu gün Azərbaycan yazıçılarının uşaq ədəbiyyatına, dramaturgiyaya üz tutmalarını, Azərbaycanın müasir dövrünü əks etdirən əsərlər yazmalarını arzulayıram".
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, artıq Azərbaycanda müstəqillik dövrünün ədəbiyyatı yaranıb. Bu ədəbiyyatın böyük uğurlarının olduğunu deyən İ.Həbibbəyli bildirib ki, yalnız 2013-cü ildə Dağlıq Qarabağ mövzusunda 40-dan çox əsər yaradılıb.
AYB-nin Təftiş Komissiyasının sədri, professor Qəzənfər Paşayev bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri indiyədək ümumilikdə 14 min manat üzvlük haqqını ödəməyib. Onun sözlərinə görə, birliyin əsas gəlirləri "Bayatı" kitab mağazası və ədəbi orqanlardandır: "Sirr deyil ki, bu gün ədəbi jurnallardan və qəzetlərdən ciddi mənada gəlir götürülmür. Ona görə də səmimi desəm, bizim - komissiya üzvlərinin və mənim fəaliyyətim o qədər də geniş olmadı". Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev bildirib ki, Azərbaycan yazıçıları artıq öz əsərlərini internetdə yerləşdirməklə pul qazana bilərlər. Onun sözlərinə görə, müvafiq təşkilatlar əvvəlcə yalnız Azərbaycan dilində deyil, rus dilində yazılan əsərlərin gəlir əldə edilməsi məqsədilə internetdə yerləşdirilməsinə razılıq versələr də, sonradan iki dildə də buna icazə verilib: "Biz çox istərdik ki, bütün dünya yazıçılarımızın əsərlərini Azərbaycan dilində oxusun. Amma təəssüf ki, hər kəs Azərbaycan dilində başa düşmür. Ona görə də kim əsərinin daha çox pul qazanmasını istəyirsə, daha vacib olan əsərlərini ingilis, rus və digər xarici dillərdə yerləşdirsin". Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, Azərbaycan Respublikası Prezidentinin müşaviri Kamal Abdulla bildirib ki, bu gün Azərbaycanda ədəbi orqanların redaksiyalarının formal şəkildə qalmamasını arzu edir. O qeyd edib ki, ədəbi orqanların fəaliyyəti hazırda da formal şəkildə deyil. Ancaq bu gün onların redaksiya heyətlərinin potensialından istifadə imkanları artırılmalıdır. K.Abdullanın sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti nəticəsində nəhayət ki, ədəbiyyat və "ədəbiyyat ətrafı" söhbət bir-birindən ayrılıb: "Cox zaman bu iki istiqamət bir-birinə qaynayıb-qarışırdı. Buna görə də nəyin ağ, nəyin qara olduğunu ayırmaq mümkün olmurdu. Bu gün artıq AYB-nin fəaliyyəti nəticəsində ədəbiyyat və "ədəbiyyat ətrafı" söhbəti bir-birindən ayırırıq".
Aygün