“Qədim ön Asiya və ön Qafqaz türk tayfaları” erməni saxtakarlığını elmi əsaslarla ifşa edir

70 ildən artıq müddətdə Rusiya imperiyasının təsiri altında milli kimliyimiz, tariximiz, adət-ənənələrimizdən uzaq düşsək də, lakin müstəqillik qazandıqdan sonra xalq olaraq bizdən gizlədilən gerçək tariximizi, kimliyimizi, adət-ənənlərimizi öyrənməyə, onu dərk etməyə və gələcək nəsillərə çatdırmağa başladıq. Heç şübhəsiz ki, bu istiqamətdə araşdırmaçılar, tədqiqatçılar, tarixçilərin  də əməyi böyük oldu. Müstəqilliyin ilk illərindən araşdırılmaya başlayan, tədqiq edilən tariximiz bu gün də öyrənilir, arxiv materialları əsasında xalqa, gənc nəslə çatdırılır. Sevindirici haldır ki, son illər qədim tariximizi araşdıran, onu xalqa çatdıran yazarlarımızın sayı artmaqdadır. Yaqub Mahmudov, Firudin Ağasıoğlu, Yunus Oğuz kimi araşdırmaçılarımızın qələmə aldığı tarixi əsərlər, romanlar əsasında indiyə qədər bizə gizli saxlanılan bir çox gerçəkliklər üzə çıxıb. Belə araşdırmaçılardan biri də filologiya elmləri doktoru, professor Əjdər (İsmayılov) Tağıoğludur. Əjdər Tağıoğlunun müəllifi olduğu çoxsaylı əsərlər sırasında "Qədim ön Asiya və ön Qafqaz türk tayfaları" kitabı xüsusi diqqət çəkir.  Bu əsəri Azərbaycan elmində çox böyük bir hadisə kimi də xarakterizə etmək olar. Erməni və muzdlu ermənipərəsət tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzə qədər kilsə əfsanə və rəvayətlərə söykənərək "Böyük Armeniya" uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu əsərlə alt-üst edilir. Belə ki, problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan "Armeniya" sözünün mənşəyindən danışır. O, həmin toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş miladdan öncə III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan "Arme" ilə əlaqələndirilir.  Müəllif erməni saxtakarlığını açmaq və oxucunu "Böyük Armeniya" mifi ehkamından xilas etmək üçün "Arme" ölkə adının "Armeniya" formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verərək aşağıdakı şəkildə izləyir: "Arme/Armeini (Biaini yazılarında) Armina/Harminula/Ura-aş-tu-ru (Boqistan qaya mətnlərində) Armini (Ksenefontda), Arminia/Armenia (sonrakı dövrlərdə Yunan və Bizans mənbələrində), Ərməniyyə/Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya (rusdilli nəşrlərdə)"

Əjdər Tağıoğlu "Qafqaz Albaniyası" modelinin XIX əsrin əvvəllərində "Türksüz Qafqaz" siyasətilə əlaqədar Rus imperiyasının işğalçı ideoloji makinası tərəfindən yaradıldığını söyləyir. Müəllifə görə "Qafqaz Albaniyası"nı Kürün sol sahili ilə Alban dənizinin arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə müstəmləkəçi imperiyanın başlıca məqsədi özünün etibarlı Şərq dayaqlarını yaratmaq üçün vaxtı ilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnmiş "xristian qardaşlarına" Qafqazda qədim "erməni evi" və "gürcü evi" tikməkdir.  Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilmiş bu qətl və qarətdən keçəcək qanlı siyasətə tarixi don geyindirmək üçün Sovet dövründə "dostluq və qardaşlıq" pərdəsi altında xristian-bolşevik metodologiyası əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının qədim, siyasi-inzibati coğrafi ərazisinin Qərb sərhədləri birmənalı olaraq dəyişdirildi. Bundan sonra Oğuz Albaniyasının Qərb ərazilərində-Cənubdan Dərəşam Oğuz nekropolundan Şimala Qara Dənizə tökülən Rion çayının sahillərinə qədər yerləşmiş qədim insan məskənlərində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət dədə malı kimi gəlmə ermənilərin və gürcülərin adına yazıldı. Müəllif yazır ki, özlərinə tarixi "Vətən" təşkil etmək məqsədilə dünya erməni irtica qüvvələrinin Kiçik Asiya və Ön Qafqaz türklərinə qarşı torpaq iddialarının qətl və qarətdən keçən tarixi ötən yüzilliklərdən başlayır. Ümumtürk tarixinə, xüsusilə Osmanlı və Azərbaycan türklərinə qarşı tarixdə misli olmayan qanlı fəlakət səhifələri açacaq ideoloji irtica maşınının Mxitar Sevastiyski tərəfindən 1717-ci ildə Venesiyanın yaxınlığında Müqəddəs Lazar adasında inşa etdirilmiş monastırda mxitaristlər dərnəyində, digəri XVIII əsrin əvvəllərində Moskvada yaradılmış Musin-Puşkin məktəbində işə salınır. Mxitaristlər qədim ən qüdrətli dövlətlərindən olmuş Biaini çarlığının "erməniləşdirilməsi" ilə əlaqədar kilsə materiallarını ciddi redaktə etməyə başlayırlar. Bunun üçün onlar Biaini tarixini Armeniya "dövlətinin" guya bir "epoxası" olduğunu "sübut" etməyi planlaşdırırlar. 1843-cü ildə Venesiyada erməni dilində buraxılan  "Bazmaveb" ("Çoxcildi") adlı jurnal da bu məqsədi həyata keçirmək üçün təsis edilir. Müəllif qeyd edir ki, erməni keşişləri Şərq rəvayətlərinə istinadən silsilə yazılarla çıxış edirlər. Məsələn, erməni xalqının istər şifahi, istər yazılı mədəniyyəti ilə heç bir yaxınlığı olmayan, onların etnolinviqistikasının tələblərinə əsla cavab verməyən Biaini yazılarını "Armeniya" və "armyan" prizması altında işıqlandıran, oradan erməni babalarını "tapmağa" çalışan, lakin reallıqdan çox-çox uzaq, uydurmadan başqa əsla həqiqətə söykənməyən, saxtakarlıqda Avropada ad çıxarmış mxitaristlərdən  Nerses Sarkisyan, Qevond Alişan, İ.Sandalcyan və başqa keşişlər ayrı-ayrı kitablar nəşr etdirirlər, məqalələr qələmə alırlar. Əjdər Tağıoğlu yazır ki, Venesiya keşişləri yalnız Bia (Van) gölü ətrafında olan Biaini dövlətinin coğrafi ərazisini "Armeniya" adı ilə "erməniləşdirmişlər", hətta onlar Biaini çarlarının inzibati hakimiyyətlərinə müəyyən hissəsi müvəqqəti daxil edilmiş Ön Qafqaz və Atropatenanın tarixini "Böyük Armeniya"nın "Urartu epoxası" uydurması ilə "erməni babalarının" adına tarixiləşdirirlər. Bundan sonra Venesiya erməni kilsəsi arzuedilən xəyali "baba evi" ilə əlaqədar "Böyük Armeniya"nın ikinci fantastik versiyasını ortaya atır.
Əjdər Tağıoğlu kitabın "M.Xorenski anonim keşiş "tarixçi"dir" adlı birinci fəslində qeyd edir ki, orta əsrlərdən başlayaraq erməni keşişləri və onların daha sonrakı alim varisləri bu günə qədər Qərbi Avropanın adı və lokalizasiyası özlərinə də dəqiq bəlli naməlum coğrafi ərazisindən Kiçik Asiyaya gəlmiş adsız babalarının əcdad "ünvanını" qədim Şərq xalqlarının tarixinə "yazmağa" çalışmışlar. Müəllif daha sonra haqlı olaraq bir sual orta qoyur. Bəs orta əsrlərə qədər erməni babalarının etnoinsan adı olmuşdurmu? Professor bu suala cavab olaraq yazır: "Erməni xalqının tarixi ilə əlaqədar meydana çıxan bir çox suallar kimi, bu suala da insan tarixi sükutla cavab verir. Təsadüfi deyildir ki, XIX əsrdən günümüzə qədər istər Türkiyə Respublikasının ərazilərində, istərsə də Qərbi Azərbaycan torpaqlarında arxeoloji qazıntılar çirkin imperiya siyasəti və dini təəssüb mövqeyindən tendensiyaslı, elmi tarixin tələblərindən uzaq mövqedən aparılsa da, aşkarlanmış hər hansı bir mədəniyyət nümunəsi, cüzi də olsa, özlərini dini əfsanə qəhrəmanı mifik çar Haykın törəməsi hesab edən Hayların "qədim tarixinə" şahidlik etmir. Məhz buna görə də orta əsrlərdən başlayaraq keşişlərin bu yolu bağlı idi. Onların yeganə yolu minilliklərdən bəri Şərq dünyasını qanadları altına almış, yeri gəldikcə adını çəkəcəyimiz Ön Asiyanın yerli- köklü qohum tayfalarının zəngin şifahi və mifoloji ədəbiyyatından istifadə edərək, öz məqsədlərinə uyğun gələn rəvayət variantları yaratmalı və filoloji materiallar əsasında "armyan tarixləri" tərtib etməli idilər. Bu baxımdan anonim keşiş müəllif  M.Xorenskinin adına yazılmış "Armeniya tarixi" ilə dünya tarixində erməni saxtakarlığının əsası qoyulur. Erməni tarix ədəbiyyatında keşiş müəlliflərə aid edilən "Armeniya tarixi" kitabından ayrı-ayrı tarixi çağlarda Biaini və Part dövlətlərinin tərkibinə müvəqqəti daxil edilmiş Ön Asiya və Ön Qafqaz vilayətlərini və onların qədim yerli əhalisinin tarixi çağdaş erməni xalqının adına birbaşa bağlayan hissələri çıxsaq, şübhəsiz həmin kitabların bir üz qalıqları qalacaq, bir də onların üstlərində əksəriyyəti anonim olan keşiş adları". Tarixi faktlar əsasında erməni yalanlarını elmi şəkildə ifşa edən Əjdər Tağıoğlu sonda qeyd edir ki, kilsə ədəbiyyatında özlərini "hay", real torpaqda mövcud olmayan, lakin keşiş arzusu ilə Kiçik Asiyada "yaradılmış" "ölkələrini" "Hayastan" adlandırılan əhalinin qədim keçmişi barədə elmi tarixin üç riyazi düsturunun (arxeoloji kəşfiyyat, antropologiya və linqivistika) təsdiq edəcəyi hər hansı maddi sübut günümüzə qədər aşkar edilməyib. Bu qaçılmaz həqiqəti tanınmış erməni alimlərinin özləri də etiraf etməyə məcbur olublar. Manuk Abeqyan yazır: "Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan, hansı yollarla o buraya, yəni Kiçik Asiyaya gəlib, armiyan olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə və etnik tərkibinə kim necə təsir göstərib. Bu amilləri və armiyanların kimliyini sübut etmək üçün əlimizdə dəyərli, aydın və dəqiq dəlillər yoxdur". Professor Əjdər Tağıoğlu yazır ki,  məsələ bu qədər aydın olduğu halda Güney Anadolu və Qafqaz Oğuz Albaniyası ərazisini başdan-başa işğal etmək üçün XIX əsrin əvvəllərindən başlayaraq, dünyanın qüvvətli xristian dövlətlərinin (xüsusən fransız, ingilis və rusların) əli ilə Damokl qılıncı kimi Türk oğlunun boynunun ardına qoymuş "Böyük Hayastan"ın, başqa iddiada Böyük Armeniyanın "kilsə geneologiyası"  bu günə qədər Azərbaycan tarixçiləri tərəfindən elmi şərhini tapmayıb. Əgər "Azərbaycan tarixi" adına kitablar yazmış "bizim" bəzi tarixçilərimiz Kremlin siyasi köləsinə çevrilməsəydilər və M.Xorenskiyə istinad edilmiş üç kitabdan ibarət olan "Armeniya tarixi"nin təkcə "Böyük Armeniya"nın geneologiyası" adlanan birinci kitabını vətəndaşlıq mövqeyindən tarix və tarixçilik kontekstində araşdırmış olsaydılar, bu gün qüvvətli xristian dövlətlərinin müstəqil Azərbaycanın başı üzərində fəlakət kabusu kimi saxladıqları "Böyük Armeniya"nın ideoloji terrorizm bünövrəsi vaxtında məhv edilmiş olardı. Bu ölüm və fəlakət makinasını qədim Türk torpaqlarında mənsub olduqları kiçik icmaya "vətən" "təşkil etmək" üçün üç yüz ildən bəri türklərə qarşı hayları tarixdə misli görünməmiş amansızlıq və qəddarlığa çağıran Venesiya qadın monastrı keşiş Mxitar Sevastiyski tərəfindən 1717-ci ildə Venesiya yaxınlığında Müqəddəs Lazar adasında inşa edilmişdir. "Olaylar"
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31