Naxçıvana qarşı dron hüçümu beynəlxalq hüququn kobud pozuntusudur

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən mülki infrastruktur obyektlərinə qarşı İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuz aparatları (PUA) vasitəsi ilə zərbələr endirilməsi beynəlxalq hüququn hamılıqla tanınan norma və prinsiplərinin kobud şəkildə pozulması olaraq, qətiyyətlə pislənilməlidir, Azərbaycan tərəfindən üzr istənilməlidir  və bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Eyni zamanda, qeyd etmək lazımdır ki, baş verən hüquqa zidd hərəkətlər İran dövlətinin beynəlxalq hüquqdan irəli gələn məsuliyyətini də ehtiva edir.

Birmənalı olaraq İran tərəfindən həyata keçirilən hücum beynəlxalq hüququn fundamental normalarına əsasən təcavüz aktı kimi tövsif edilməlidir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, "biz Azərbaycana qarşı törədilmiş... təcavüzlə barışmayacağıq". Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli qətnaməsi ilə təsdiq edilən "Təcavuz anlayışı" adlanan sənədin 1-ci maddəsinə əsasən, "dövlət tərəfindən digər dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əlehinə, və ya BMT-nin Nizamnaməsi ilə bir araya sığmayan formada hərbi gücün tətbiqi təcavüz hesab edilir".  

Azərbaycan dəfələrlə ən yüksək siyasi səviyyədə bəyan etmişdir ki, ölkə ərazisi qonşu dövlətlərə qarşı heç bir formada istifadə edilməyəcək və belə bir siyasi yanaşmaya uyğun olaraq, dövlətimiz hər zaman mehriban qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirib. Belə bir şəraitdə İran tərəfindən mülki obyektlərin hədəfə alınması beynəlxalq hüquqa qarşı xüsusilə ağır pozuntu olaraq qiymətləndirilməlidir.  

BMT-nin üzvü qismində İran bu universal təşkilatın Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit edilən başlıca prinsipi pozmuşdur. Həmin prinsipə əsasən, Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq edilməsi təhdidindən, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə ziddiyyət təşkil edən hər hansı digər şəkildə çəkinməlidirlər.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq hüquq komissiyası tərəfindən 2001-ci ildə birinci oxunuşda qəbul edilən "Dövlətlərin beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyəti haqqında" Maddələr layihəsində dövlətin qeyd edilən məsuliyyətinin yaranmasi və onun məsuliyyətə cəlb edilməsinin baza prinsipləri təsbit edilib və bunların sırasında beynəxalq hüquqla müəyyən edilən öhdəliklərin və prinsiplərin pozulması xüsusi yeri tutur. İranın məsuliyyətsiz davranışı həmçinin 24 oktyabr 1970-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən konsensusla qəbul edilən "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair prinsiplər haqqında Bəyannamənin" ciddi şəkildə pozulmasıdır.

Bütün bunları xatırlatmaqla yanaşı, qeyd etmək istərdim ki, heç kəs unutmamalıdır - Azərbaycanla silah və güc dilində danışmaq, ölkəmizə təzyiq göstərmək mənasızdır. Dövlət Başçısının dediyi kimi, "bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı".

Nizami Səfərov

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31