Enerji diplomatiyası: Azərbaycanın geosiyasi çəkisini artıran yeni faktorlar – ÖZƏL
18:05 Siyasət"Artıq Azərbaycanı təkcə neft ölkəsi kimi xarakterizə etmək doğru deyil. Azərbaycan bu gün həm qaz istehsalçısı, həm də alternativ və yaşıl enerji ölkəsi kimi beynəlxalq gündəmdə yer alır. Xarici platformalarda Azərbaycanın fəaliyyəti - Prezidentin də vurğuladığı kimi - əsasən SOCAR və digər enerji şirkətləri vasitəsilə həyata keçirilir. Bu fəaliyyət həm yaşıl enerjinin payının artırılmasına, həm də qaz hasilatının genişlənməsinə yönəlib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, qaz hasilatının artırılması, yeni quyuların qazılması və enerji sahəsində alternativ istiqamətlərin inkişafı strateji, iqtisadi və siyasi baxımdan Azərbaycanın mövqeyini gücləndirir. Avropa İttifaqı və ümumilikdə Qərb ölkələri ilə əməkdaşlıq edən bir dövlət kimi Azərbaycan artıq etibarlı qaz və yaşıl enerji tədarükçüsü rolunu oynayır. Bu isə ölkənin beynəlxalq arenada təsir imkanlarını genişləndirir, eyni zamanda mümkün sanksiya və təzyiqlərdən qorunmaq üçün əlavə təhlükəsizlik mexanizmi yaradır. Bu gün Azərbaycan külək və digər bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirərək yaşıl enerji istehsalını artırır. Paralel olaraq qaz hasilatı da yüksəldilir. Prezidentin qeyd etdiyi kimi, yeni yataqların istismara verilməsi və hasilatın artırılması Azərbaycanın Avropa üçün alternativ enerji mənbəyi kimi rolunu daha da möhkəmləndirir. Xüsusilə Rusiyaya alternativ qaz təchizatçısı kimi çıxış etməsi ölkənin strateji əhəmiyyətini artırır.
Ekspert qeyd edib ki, digər tərəfdən, Azərbaycan həm Rusiya ilə münasibətləri balanslaşdırır, həm də Türkiyə ilə enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirir. Türkiyəyə yatırılan investisiyalar və birgə layihələr bu tərəfdaşlığı daha da gücləndirir. İranla qonşuluq münasibətləri fonunda da Azərbaycan regionda alternativ və müstəqil enerji mərkəzi kimi mövqeyini formalaşdırır.
Eyni zamanda Avropa İttifaqı ilə yeni enerji layihələri və təşəbbüslər Azərbaycanın həm regionda, həm də daha geniş coğrafiyada mövqeyini gücləndirir. Bu proses ölkəni yalnız enerji ixrac edən deyil, həm də strateji enerji diplomatiyası aparan dövlətə çevirir. Azərbaycan artıq təkcə tranzit ölkə deyil, enerji siyasətinin formalaşmasında aktiv rol oynayan mühüm mərkəzə çevrilir.
"Bütün bunlar nəticə etibarilə Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin formalaşmasında rolunu artırır. Enerji sahəsində artan maraqlar digər dövlətlərin də Azərbaycanla əməkdaşlığa marağını gücləndirir. Bu isə həm investisiyaların artmasına, həm də ölkənin geosiyasi çəkisinin yüksəlməsinə səbəb olur.
Beləliklə, Azərbaycan enerji tranzit ölkəsindən enerji diplomatiyası aparan və regionun əsas enerji düyün nöqtəsinə çevrilən dövlət kimi çıxış edir. Bu mövqe həm Rusiya, həm Türkiyə, həm İranla paralel münasibətlərin qurulmasına, həm də Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsinə imkan yaradır. Nəticədə enerji faktoru Azərbaycanın gələcəyi və milli təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan əsas sütunlardan birinə çevrilir", - deyə siyasi şərhçi vurğulayıb.
Lamiyə Cəbrayılova