Cənubi Qafqazı "barıt çəlləyi"nə çevirməyə çalışırlar: Regional "tranzit savaşı"nda hərbi faktorlar önə keçir

Cənubi Qafqazda "sərhəd müharibəsi"nin əvəzinə yeni "tranzit savaşı" başlayıb, regionda geopolitik hədəfləri olan dövlətlərin maraqları isə ciddi şəkildə toqquşur... Ona görə də, regional geopolitik xəritənin yaradılmasından uzaq qalan bəzi kənar güclər hərbi-siyasi situasiyanı gərginləşdirməyə çalışırlar və bu, hansısa mərhələdə Cənubi Qafqazı "barıt çəlləyi"nə çevirə bilər...

Cənubi Qafqazda hərbi-siyasi gərginliyin tədricən artmaqda olduğu müşahidə edilir. Eyni zamanda, buna paralel olaraq, "dəmir yolu diplomatiyası"na başlandığı da nəzərə çarpır. Belə ki, rəsmi İrəvanla Kreml arasında aparılan danışıqların fonunda Rusiya və İranın geopolitik hesablamaları fərqli geostrateji hədəfləri ön plana çıxarır.

Onu da qeyd etmək lazımdır ki, Rusiya və Ermənistan arasında Zəngəzur dəhlizinin keçəcəyi istiqamət üzrə dəmir yolu infrastrukturunun bərpası ilə bağlı danışıqlar ilk baxışda iqtisadi və texniki məsələ təsiri bağışlayır. Ancaq əslində, bu, Cənubi Qafqazın yeni geopolitik arxitekturasının formalaşmasında önəmli rol oynaya biləcək bir prosesdir. Və bu önəmli geoiqtisadi layihələr regionda üç paralel xəttin - Rusiya təsirinin saxlanılması, İranın təhlükəsizlik narahatlıqları, eləcə də Ermənistanın çoxvektorlu manevr siyasətinin "kəsişmə nöqtəsi"ni təyin edir.

Məsələ ondadır ki, Cənubi Qafqaz ənənəvi olaraq, Rusiyanın təsir zonası hesab olunur. Ukrayna müharibəsi fonunda Rusiyanın bu regiondakı geopolitik mövqelərinin zəiflədiyi barədə mülahizələr mövcuddur. Ancaq buna baxmayaraq, Kreml hələ də əsas regional infrastruktur və təhlükəsizlik mexanizmləri üzərində öz təsir mexanizmlərini böyük ölçüdə qoruyur. Ermənistanın dəmir yolları sistemi faktiki olaraq, Rusiyanın nəzarətində olan "Cənubi Qafqaz Dəmir Yolları" tərəfindən idarə edilir. Bu isə Rusiyanın Ermənistan üzərindən istənilən yeni marşrutun açılması prosesində texniki və infrastruktur üstünlüyü əldə etməsinə münbit şərait yaradır.

Təbii ki, hazırda Rusiyanın əsas məqsədi məhz regiondakı nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı prosesləri öz nəzarəti altında saxlamaq və Ermənistanın Qərbə yönəlik geopolitik manevrlərini balanslaşdırmaqdır. Çünki bu halda, Kreml Azərbaycan və Türkiyə ilə tranzit əməkdaşlığını da "strateji təsir aləti"nə çevirmək imkanları qazana bilər. Və ona görə də, Rusiya üçün nəqliyyat-kommunikasiya xətləri yalnız geoiqtisadi deyil, həm də geopolitik təsir platforması rolunu oynayır.

Digər tərəfdən, Rusiya ilə böyük ölçüdə paralel geopolitik maraqlara malik olan İranın "qırmızı cizgi" manevrləri rəsmi Tehranın da Zəngəzur dəhlizi sindromu yaşadığını göstərir. Üstəlik, İranın bu qeyri-adekvat mövqeyi "Zəngəzur dəhlizi" ilə bağlı müzakirələrin aktuallaşdığı dövrlərdən eynilə davam edir. Və hələ də rəsmi Tehran absurd şəkildə iddia edir ki, Ermənistanın cənubunda sərhəd xəttinin dəyişməsi və ya ekstraterritorial nəqliyyat-kommunikasiya rejimi İranın milli təhlükəsizliyinə təhdiddir.

Halbuki, rəsmi Tehranın bu absurd iddialarının arxasında İranın bəzi önəmli geopolitik proseslərlə bağlı narahatlıqları gozlənir. Belə ki, rəsmi Tehran Ermənistan üzərindən Azərbaycan-Türkiyə quru bağlantısının güclənməsini qətiyyən istəmir. Çünki bu, rəsmi Tehranın İran üçün geostrateji təhlükə hesab etdiyi Türk dünyasının inteqrasiyasını daha sürətləndirə bilər. Və bu prosesi təkbaşına əngəlləmək imkanları olmayan İran, Cənubi Qafqazda mövqeləri tədricən zəifləsə də, Rusiyanın təsir mexanizmlərindən geopolitik balans faktoru kimi istifadə etməyə çalışır.

Eyni zamanda, rəsmi Tehran Ermənistanı İran üçün strateji "tampon zona" kimi də qəbul edır. Ona görə də, rəsmi Tehran Ermənistanın tam şəkildə Azərbaycan və Türkiyənin geoiqtisadi orbitinə daxil olacağı təqdirdə, İranın Cənubi Qafqaz siyasətində ciddi geopolitik dəyişikliklər məcburiyyəti yarada biləcəyindən narahatdır. Bu səbəbdən də İran nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, xüsusilə də, Zəngəzur dəhlizi layihəsinin reallaşma prosesini əngəlləməyə cəhd göstərir.

Ancaq İran üçün ən ciddi geopolitik problemlərdən biri də odur ki, baş nazir Nikol Paşinyan son illərdə Ermənistanın xarici siyasətində birmənalı şəkildə Qərbə yaxınlaşma kursu götürüb. Ermənistan İranın tərəfdaşı Rusiyanın patronajlığı altında olan KTMT-da fəaliyyətini faktiki olaraq, dondurub. Və Avropa Birliyinin həm Rusiya, həm də İran barədə geniş kəşfiyyat məlumatları toplayan "casus şəbəkəsi" Ermənistan ərazisində yerləşdirilib.

Maraqlıdır ki, bəzi müşahidəçilər hazırda Ermənistan və Rusiya arasında "dəmir yolu diplomatiyası"nı paradoksal proses hesab etsələr də, əslində, bu, rəsmi İrəvanın klassik "çoxvektorlu balans" siyasətinə uyğundur. Paşinyan hakimiyyəti anlayır ki, Rusiya ilə münasibətlərin tam qırılması iqtisadi və təhlükəsizlik baxımından, olduqca risklidir. İranla münasibətlərin zəifləməsi regional blokadanı daha da dərinləşdirə bilər. Türkiyə ilə normallaşma isə Azərbaycanla sülh prosesindən asılıdır. Bu səbəbdən də, rəsmi İrəvan nəqliyyat-kommunikasiya məsələsini həm Qərb, həm Rusiya, həm də İranla paralel müzakirə etməklə, öz manevr imkanlarını genişləndirməyə çalışır.

Halbuki, Türkiyə regionda Azərbaycanla strateji tandem qurub və Bakı-Tiflis-Qars xətti üzrə artıq alternativ logistika platforması yaradıb. Ermənistanın bu sistemə qoşulması isə geoiqtisadi dinamikanı ciddi şəkildə dəyişə bilər. Burada maraqlı məqam ondan ibarətdir ki, Rusiya Türkiyə ilə rəqabət aparsa da, bir çox regional məsələlərdə koordinasiya modeli tətbiq edir. Və Cənubi Qafqazda da Türkiyə-Rusiya balansı yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmasında əsas amillərdən birinə çevrilə bilər.

Belə anlaşılır ki, Rusiya və Ermənistan arasındakı "dəmir yolu diplomatiyası" əslində, Cənubi Qafqazda "sərhəd müharibəsi"nin əvəzinə yeni "tranzit savaşı"nın başlandığını göstərir. Bu savaşda Cənubi Qafqazda geopolitik hədəfləri olan dövlətlərin maraqları isə ciddi şəkildə toqquşur. Ona görə də, Cənubi Qafqazın gələcək geopolitik xəritəsinin yaradılması prosesindən uzaq qalmaq təhlükəsi ilə üzləşən kənar güclər regional situasiyanı hərbi-siyasi faktorlar üzrə gərginləşdirməyə çalışırlar. Və bu süni gərginləşdirmə prosesi hansısa mərhələdə Cənubi Qafqazı "barıt çəlləyi"nə çevirə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31