Möhtəşəm osmanlı tarixinin bəsit təqdimatı

“Muhteşem yüzyıl” serialı Osmanlını kimsənin həddi çatmayacaq qədər aşağıladı

Hafiz  Mirzə

www.hafizmirza.com

  I  HİSSƏ

Osmanlı imperiyasının tarixi əslində bütün türk dünyasının hər zaman fəxarət duyacağı qəhrəmanlıq salnaməsidir. Bu tarixdə Şərqin ən böyük türk imperiyasından, onun dövlətçilik xüsusatlarından, burada qanunların aliliyindən, qüdrətli İslam xilafətindən, qəhrəmanlıq və mərdlik nümunələrindən, cəsarət, ədalət və əxlaq  fəlsəfəsindən, elm, incəsənət, mədəniyyət və ədəbiyyat hadisəsindən söhbət gedir. Bu böyük - möhtəşəm tarixin gözəlliklərini, ibrət dərslərini, möhtəşəmliyini ifadə edən poeziya, nəsr, rəsm, dram, musiqi və memarlıq nümunələri kifayət  qədər çoxdur. Osmanlı tarixini insanlarımızın ruhunda yaşadan, yaddaşlardan silinməyə qoymayan, millətimiz adına qürur gətirən və milli ruhu ucaldan həm də elə bu əsərlərdir. Hər dövrün özünə məxsus əsas təbliğat vasitələri var. Müasir dövrün ən populyar sənət növü kino sayılır. Təəssüf ki, kino sənayesinin diqqəti bu tarixə  fundamental səviyyədə yönəlməmişdi. Etiraf edək ki, Osmanlı imperiyasının yaranmasına və ya hansısa osmanlı imperatorunun mövqeyinə dair bəzi filmlər çəkilmişdi. Amma bunlar çox primitiv və ya adi televiziya tamaşası səviyyəsində  çox zəif türk filmləri olmuşdu. Elə filmlər ki, indi onları heç bir Türkiyə tele-kanalı  hətta böyük məbləğdə ödəniş hesabına da nümayiş etdirməz. Söhbət müasir kino sənayesinin bütün  texniki imkanlarından istifadə edilərək çəkilən böyük və mükəmməl bir tarixi filmin olmamasından gedir. Osmanlı tarixini qürur və ibrət yeri olaraq müasir günümüzə gətirməyin zamanı əslində çoxdan çatmışdı. Bəlkə də indi buna daha çox ehtiyac vardı. Osmanlının sələfi olaraq bu vəzifə daha çox Türkiyənin üzərinə düşürdü. Zatən son illər türk kinomatoqrafı  çox inkişaf etmişdir. Daha bir zamanlar  müğənni İbrahim Tatlısesin, Ferdi Tayfurun, Kuçuk Əmrahın və digər müğənnilərin  çəkildiyi bəsit süjetli, kiçik büdcəli, müğənnilərin reklamına və biznes maraqlarına hesablanmış melodramlar kimsənin zövqünü oxşamır, marağını  cəlb etmirdi.  Türk kinosunda Kamal Sünalın və bir qrup komediya ustasının çəkildiyi və baş qəhrəmanın adı ilə "Şabanın filmləri" kimi tanınan filmlər   bir qədər fərqlənsə də, ucuz lağlağıdan başqa bir şey deyildi. Məşhur aktyorlar Türkan Şorayın, Cüneyt Arkının, Kadır İnanırın filmləri də tarixi məziyyətlər daşımırdı. Avropa və Amerika filmlərinin hegemonluq etdiyi bir dövrdə rəqabət  güclü müasir və milli filmlər yaranmadıqda Hollivud ölkənin kino incəsənəti tamamilə sıradan çıxa bilərdi. Son dövrlər Türkiyədə  Avropa təhsilli çox güclü kino adamları yetişməkdə idi. Nəhayət orta nəsil kino sənətçiləri irəli atıldılar və tədricən türk filmini durğunluq dövründən çıxartmağı bacardılar. Əvvəlcə bir neçə  uğurlu film çəkilsə də güclü yaradıcılıq potensialı ayrıca filmlərdən teleseriallara sarı istiqamətləndi.  Bu da təbii idi; müasir insan kinoteatra getməkdən daha çox televiziya ekranı qarşısında oturmağa vaxt tapır. Passiv istirahətə meyl yüksəldikcə   insanlar bir çox həqiqətlərə kitab, qəzet, jurnal oxumadan nail olmaq istədilər. Bunun özü də televiziyanın cəmiyyət həyatında rolunu artırırdı. Evdə oturaraq, divana və ya kresloya yayxanaraq, keçmişdən və gələcəkdən xəbər tutmaq istəyi televizora baxmaqla həll olunursa, müasir insana bunu vermək lazım idi. Buna görə də ölkələr dizi filmlərin geniş istehsalında maraqlı idilər. Ən azından bu həm də insanları axşamlar evə yığır, cinayət faizini aşağı salır və onların maariflənməsinə yardımçı olur. Türkiyədə dizi filmlərə maraq artdıqca əvvəlcə "Zərda" və "Aliyyə" kimi seriallar, sonra isə daha maraqlı, çəkiliş texnikası, rejissor işi və aktyor oyunu yüksək dəyərləndirilən  "Asmalı konak", "Haziran gecəsi", "Aşka sürgün", "Xanımın ciftliyi", "Aşka memnu" və "Kurdlar vadisi" adlı tele-seriallar (dizilər) çəkildi. Bu seriallarda ssenari, operator və musiqi işi də mükəmməl oldu, türk adamının kino zövqünü cilaladı. Amma "Kurtlar vadisi" serialını çıxmaq şərtilə qalan filmlərin demək olar ki, hamısı əslində eşq-məhəbbət dastanları idi. Türk kinomatoqrafında  məhəbbət və müğənnilərin aktyor- rejissorluğu bir sindrom olaraq  hələ də onu izləməkdədir. Son illərin mahir müğənniləri olan Mahsun Kırmızıgülün və Özcan Dənizin aktyor və rejissor fəaliyyəti də diqqətəlayiqdir. Onların son filmlərində təkcə sosial problemlər deyil, həm də iqtisadi, siyasi, milli, dini motivlər üstünlük təşkil etməyə  başlamışdır. Son 25 ilin türk filmində Osman Sinav rejissorluğunu  da bir yeni era olaraq təqdim etmək lazımdır. Lakin "Pana-film" studiyasının  bütün dünya kinosuna təqdim etdiyi "Kurtlar vadisi" serialı və bu serial ətrafında əlavə, müstəqil ("Kurdlar vadisi-İraq", "Kurtlar vadisi- Fələstin") kino-filmləri xüsusi təqdim olunmalıdır. Hərçənd ki, bütün bu seriallar da məhz müasir dövrü əhatə edirdi.  Türk kinosu müasir yüksəliş dövründə nəhayət ki, mövzu olaraq özünün möhtəşəm tarixinə - Osmanlı sultanlarına  müraciət etməli idi. Bunun vacibliyini artıq kimsənin danmadığı bir zamanda  "TİMS Productions"  şirkəti irəli çıxdı və Osmanlı tarixinin ən möhtəşəm dövrü sayılan 10-cu padşah Sultan Süleymanın tarixini ekranlaşdıracağını bəyan etdi. Bundan ötrü 50 min kvm-lik pavilyon   yaradıldı, burada osmanlı saraylarının dekorasiyaları quruldu, geniş çəkiliş imkanları yaradıldı, hər cür texnika alındı və ya icarəyə götürüldü, çoxsaylı müqavilələr imzalandı,.. Etiraf edək ki, böyük sayda rəngarəng geyimlər, zəngin əlbisələr, təbiət guşələri, göz oxşayan dekorasiyalar və mahir aktyorlar hesabına bu film nə qədər baxımlı alınsa da, əslində bu serial bütün türk -İslam dünyasına şok yaşadacaq, osmanlı sultanlarını təhqir edəcək, onun hərbi yürüşlərinin mahiyyətini və amalını kiçildəcək təhriflər toplusu kimi daha dəqiq xarakterizə olunur. Hətta bir ara Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan da bu filmin kəskin tənqidinə qalxmışdı. Sanki "Tims" Productionsu silkələmək və mahiyyətdən kənara çıxmamasını aşılamaq naminə bu arada  Faruk Aksoy "Feth-1453" filmini çəkdi. Onu müqayisə olunmayacaq qədər mükəmməl bədii film saymaq olar. Sultan Fateh Mehmedin 1453-cü  ildə İstanbulu fəth etməsinə həsr olunmuş "Fəth" filmi müsbət məziyyətləri, yüksək peşəkarlığı, çəkiliş və kompüter effektləri ilə Amerika Kino Akademiyasının ölçülərinə daha çox müvafiq gəlirdi. "Muhteşem yüzyıl" teleserialı isə bir sıra məziyyətlərinə görə yerli əhəmiyyətli mükafatlar alsa da, nəinki kino incisi, tarixin güzgüsü, qəhrəmanlıq salnaməsi, heç ən mükəmməl məhəbbət serialı da hesab oluna bilməz.  Serial çərçivəsi və televiziya maraqları təbii ki, müəyyən məhdudiyyətlər yaradır. Lakin 139 bölüm ərzində hər hansı mətləbi tam geniş formada ifadə etmək tam mümkün idi. Onlar isə müsbət mənada  nə vermək istədiklərini qabarda bilmədilər. Serialın adı kifayət qədər iddialı səslənirdi. Çox güman ki, tarixi Osmanlının qəhrəmanlıq və dövlətçilik fəlsəfəsinin bu ad altında təqdim edilməsi daha müvafiq olacaqdı və 139 seriyada daha incəliklə, daha mükəmməl şəkildə əks ediləcəkdi.  Amma 05 yanvar 2011-ci ildən etibarən yayımlanmağa başlayan və 2014-cü ilin 11 iyun tarixində başa çatan bu serial 4 il    davam etsə də, Osmanlının möhtəşəm tarixini dolğun əks etdirə bilmədi. 50 ölkədə  baxılan, 56 şirkətin sponsorluq etdiyi və çox böyük maliyyə vəsaiti sərf olunan bu tele-serial  daha çox arvadbazlıq, ailə-qadın münaqişələri, sultanların mağmunluğu, saray dedi-qoduları, haqsızlıq, ədalətsizlik və hakimiyyət uğrunda qeyri-insani mübarizə filmi kimi yaddaşlara köçdü. "Muhteşem yuzyıl" serialı Osmanlı sultanlarının qüdrəti, ədaləti və möhtəşəmliyi barədə təsəvvürlərdə formalaşmış mifi nəinki qüvvətləndirmədi, insanları inandırmadı, əksinə, bu mifi qırdı, heçə endirdi. Hətta "Osmanlı sultanlarına qarşı nifrət formalaşdırdı" da düşünə bilərik. Bu qədər bəsit və təhrif olunmuş süjet düşünmək olmazdı. Məncə belə möhtəşəm layihədə ssenari müəllifi tək bir nəfər deyil, ən azı 3 və ya 5 yazar olmalı idi. Tam əminliklə bildirmək olar ki, ssenari müəllifi Meral Okay bu vəzifənin öhdəsindən gələ bilmədi. Bəlkə də serialı istehsal edən şirkətin və prodüser Timur Savçının  nəzərdə tutduğu da elə bu idi və ssenari müəllifi məqsədə çatmışdı, amma özünə türk deyən və bununla fəxr edən kimsənin bu cür qondarma və birtərəfli tarixlə qürur duyacağını heç düşünmürəm. Serialı baxımlı edən həm də Yağmur və Duru Taylan qardaşlarının mükəmməl rejissor işi, eləcə də Sultan Süleyman rolunun ifaçısı Halit Ergencin,  Hürrəm Sultan rolunun ifaçıları Meryem Yüzerli və Vahidə Percinin, İbrahim Paşa rolunun ifaçısı Okan Yalabıkın , Sünbül Ağa rolunun ifaçısı Selim Bayraktarın, Şahzadə Mustafa rolunun ifaçısı Mehmet Günsürün, Şahzadə Bayezid rolunun ifaçısı Aras Bulut İynemlinin və digər sənətçilərin gözəl aktyor ifası, ecazkar musiqi və montaj məharəti hesab olunmalıdır. Ancaq bu qədər mükəmməl heyətin yaratdığı məhsul ən yaxşı halda məhz GMO məhsul xarakterini daşıdı; gözəl, amma ziyanlı!
Tarixi hadisələrə tam dəqiq və birmənalı qiymət vermək çox çətindir. Onlar  yalnız günümüzlə səsləşdikdə daha aktual və əhəmiyyətli olur. Bu halda onun üzərinə getməyə dəyir. Biz hər hansı uzaq keçmişə yalnız günümüzün düşüncə və həyat tərzinin prizmasından baxa və qiymət verə bilirik. Bu isə çox dəqiq və çox doğru nəticə hasil etməyə də bilər. Hadisələrə həmin zamanın, şəraitin, imkanların, daxili və beynəlxalq düşüncə tərzinin və eləcə də siyasi maraqların gözü ilə baxmadıqda tarixi həqiqətləri  anlamaq XXI əsr insanı üçün çox çətindir və ya mümkün deyil. Elmi baxımdan bu işlə həvəskarların yox, peşəkar tarixçilərin məşğul olması, məhz onların nəticə çıxartması  və dar çərçivə üçün elmi məlumatlar hasil etməsi daha düzgün olardı. Amma bu elmi dairələrdən savayı kimə lazım və kim üçün maraqlı və əhəmiyyətli olacaq? Biz Napoleon Fransasının, İvan Qroznı Rusiyasının və ya  Hitler Almaniyasının  törətmiş olduğu əməllərə görə müasir Fransa, Rusiya və Almaniya ilə münasibət qurarıqsa bu çox gülünc, məntiqsiz və faydasız olar. Halbuki, o dəhşətli qırğınları, talanları, zülmü və vəhşiliyi çəxsən törədənlər böyük çoxluğa nəzərən fransız xalqı, ruslar və almanlar idi. Amma biz bu cür nəticələrin üstünə getməməli, gələcək naminə bir qədər yanından keçməli və ya obrazlaşdıraraq estetik tərbiyə obyektinə çevirməliyik. Tarixdən ədavət, intiqam, qisas və nifrət dərslərini alan xalq özünü dünyadan təcrid etmiş olar və ən yaxşı  halda müasir ermənilərə tay çıxar.  Buna görə də bəzən müasir dövr üçün səsləşməyən, faydasız, həqarət  və ədavət gətirən, qaranlıq, yad mənbələrə istinad edən, çox uzaq  tarixi həqiqətləri çox da qabartmamaq, bəzi məqamların yanından keçmək,  bəzilərini  azacıq  dəyişmək, məntiqi əlavələr etmək  və müasir insanımıza, xalqlarımıza, dinimizə, dövlətçilik maraqlarımıza uyğunlaşdırmaq lazım gəlir. Təbii ki, bu zaman qəvi düşmənlərimizə dost donu biçəsi deyilik. Amma ən azından tarixi, milli və dini qardaşlarımızı özümüzdən küsdürəsi, incidəsi deyilik. Bütün bunları anlamayan, qəbul etməyən və ya marağında olmayan şəxslərin və təşkilatların tarixi mövzularda bədii və incəsənət  əsəri yaratması,  xüsusən də film çəkməsi heç doğru deyil.  Çünki elələri qaş düzəltmək istədikləri halda vurub gözü də çıxarda bilərlər. Bu filmin sahibləri "gözü çıxartmış" kimi görünür. "Muhteşem yüzyıl" serialının yaradıcıları da 10-cu Osmanlı sultanı Süleyman Qanuninin dövrünə bunları nəzərə almadan yanaşmış, böyük zəhmət, maliyyə,  yaradıcılıq imkanları və istedad hesabına əslində çox böyük səhvlər, yanlışlıqlar, hətta qələtlər nümunəsi yaratmışlar. Bu cür film kimə lazım idi? Bu filmdə bir osmanlı sultanını  əslində arvadbaz, qadın əlində girinc qalan, hakimiyyət düşgünü, zalım, soykökünə ehtiram bəsləməyən, dinindən çıxmış biri kimi təqdim etmələri nə dərəcədə doğru sayıla bilər? Üstəlik müsir Türkiyənin dünyada ən yaxın dostu, tərəfdaşı, qardaş xalqı olan Azərbaycanı da incik salmaları filmin əsas yaradıcı heyətinin həm də əsil türk olmaması, başqalarının əlinə oynaması, məqsədyönlü təhriflərə yol verən azğınlara çevrilməsi, öz dövlətini və xalqını dərin zəka ilə sevməyi bacarmayanlardan ibarət olması   nəticəsini hasil edir. Çox təəssüf!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31