“Azərbaycan Nadir Əfşar dövləti” adlı kitab işıq üzü görüb

Cahangir Hüseynov: “Bu kitabı ərsəyə gətirməkdə məqsəd Azərbaycanın tarixi şəxsiyyətlərini həm köhnə, həm də yeni nəslə tanıtmaq olub”

Sabiq millət vəkili, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun müəllifliyi ilə "Azərbaycan Nadir Əfşar dövləti" adlı kitab işıq üzü görüb. Artıq sözügedən kitabın təqdimat mərasimi keçirilib. Kitabın müəllifi Cahangir Hüseynov bildirib ki, belə bir kitab yazmaq ideyası hələ qədim vaxtlardan ailə şəcərələrində olub. Belə ki, ixtisasca hüquqşünas olmasına baxmayaraq Azərbaycan tarixi ona çox doğma olub. Hətta uşaqlıq illərindən Azərbaycan tarixinə xüsusi həvəsi ilə seçilib: "Bu həvəs təbii ki, məndə ata tərəfindən yaradılmışdı. Ümumilikdə tarixə maraq bizim nəsil şəcərəmizin kökündən qaynaqlanırdı. Hələ Sovet imperiyası dövründə məlum idi ki, biz Hadir Əfşar nəslinin törəmələriyik. Bizin babalarımız o dövrdə Avarxan ərazisinə qaçqın düşmüşdü. Rusların Acarıstana hücumu nəticəsində Xınna ərazisinə köçüb gəlmiş və orada yaşamışdılar". Onun sözlərinə görə, ilk əvvəllər belə bir kitab yazmaq barədə konkret fikri olmayıb. Lakin 2003-cü ildə atası öz 80 illiyində "Qalxın! Məhkəmə gəlir" adlı bir kitab yazaraq öz həyatı, taleyi, məhkəmə hakimiyyəti və nəsil şəcərəsini kitabda göstərib: "2007-ci ildə atam rəhmətə getdi, 2013-cu ildə isə onun 90 illiyi ilə bağlı həmin kitabı yenidən çap elətdirdim. Həm də onunla bahəm "Mənim xidmətim və siyasi fəaliyyətim" adlı bir kitab yazdım. Bu kitabda da göstərmişdim ki, bizim nəsil şəcərəmiz Nadir Əfşar dövrünə gedib çıxır, onun törəmələrindən əmələ gəlmişdir. Sonradan mən Türkiyədə də, Bakıda da yaşayanda çoxlu suallar aldım ki, siz bu şəcərə bağlılığını necə görürsünüz? Əlbəttə, bu mənim üçün də maraqlı idi. Düzdür, tarixçilərlə bu barədə söhbətlər aparırdım. Ancaq gördüm ki, qarşıma məqsəd qoyub bu məsələləri özüm ortaya çıxarmalıyam. Onu da qeyd edim ki, birinci dəfə Yunus Oğuzun müəllifi olduğu "Nadir şah" əsərini oxuyanda Nadir şahın böyüklüyünü görmüşdüm, onun bir tarixi şəxsiyyət olduğunu həmin əsərdə tapmışdım". C. Hüseynov əlavə edib ki, Sovetlər dövründə Azərbaycan Sovet tarixində Nadir adında şah ümumiyyətlə silinmişdi və hər dəfə adı çəkiləndə onu İran şahı kimi təqdim edirdilər. Onun barəsində elə bir mənfi obraz yaratmışdılar ki, Sovet dövründən sonra da onun adını çəkmək qorxulu və təhlükəli sayılırdı: "Buna baxmayaraq, Yunus Oğuzun Nadir şah əsərini oxuyanda mənə elə bir qüvvə gəlmişdi ki, hiss edirdim ki, bu əsəri yaza bilərəm. Daha sonra ingilis tarixçisi Lokırtın əsərini, Mehman Süleymanovun İranda şap edilmiş "Nadir şah" əsərini oxudum. Nadir barədə internet saytlarında, Türkiyə, Gürcüstan, İran, Rusiyada nə qədər ədəbiyyat vardısa onların hamısını əldə etdim. Nəhayət belə qərara gəldim ki, Şərqin sonuncu fatehi sayılan Nadir şah Əfşar bəlkə də dünya tarixində ən məğlubedilməz sərkərdələrdən biridir. Bu Azərbaycan dövlətinin, Azərbaycan xalqının tarixidir. Odur ki, qarşıma belə bir məqsəd qoydum ki, mən bu tarixi yazacağam. Nəhayət Nadir şahın 325 illiyinə həsr edilmiş bu kitabın təntənəli şəkildə təqdimat mərasimi keçirildi". Onun sözlərinə görə, belə bir kitab yazmaqda istəyi ondan ibarət olub ki, Azərbaycanda tarixini daha yaxından bilək. Çünki Nadir şah sıradan bir tarixi şəxsiyyət olmayıb. Hətta Nadirin öz dövründə ingilislər, əfqanlar, farslar, monqollar, şotlandlar, irlandlar onu öz adlarına çıxmaq istəyiblər: "Lakin Nadir şah Azərbaycan oğludur. Mənim əsərimdə azərbaycançılıq ideyası əksini tapıb, həmçinin türk dövlətlərinin 4 minillik tarixinə ekskursiya edilib. Bir daha vurğulayıram ki, bu kitabı ərsəyə gətirməkdə mənim məramım, amalım ondan ibarət olub ki, biz Azərbaycan tarixini, onun tarixi şəxsiyyətlərini həm köhnə, həm də yeni nəslə tanıdaq. Hadir şahın tarixini açmaq, onun əsil, həqiqi qəhrəmanlığını göstərmək vacib şərtdir. Nəzərə almaq lazımdır ki, onun qurduğu Nadir Əfşar dövlətinin ərazisi 6 milyon kvadrat kilometrə bərabər olub. 2015-2016-cı illərdə onun qurduğu dövlətin 280 illiyi tamam olur. Bizim bu missiyamız ondan ibarətdir ki, həm bu dövlətin, həm də Nadir şahın ad gününü özünəlayiq şəkildə qeyd edək". C.Hüseynov qeyd edib ki, təəssüf ki, indiyə qədər Azərbaycanda Nadir şah haqqında bir dənə də olsun elmi monoqrafiya yazılmayıb: "18-ci əsrdən tutmuş 21-ci əsrə qədər dünyanın əksər ölkələrində bu tarixi şəxsiyyət barədə kifayət qədər məlumatlar dərc edilib. Belə mənbələrə İngiltərə, Fransa, Hollandiya, Ermənistan, Gürcüstan, Rusiya kimi ölkələrdə təsadüf edilir. Azərbaycanda isə yalnız bu kitab və Yunus Oğuzun "Nadir şah" ilə əsəri bu tarixi şəxsiyyət barədə ictimaiyyətə məlumat çatdırılır". Onun bildirdiyinə görə, farslar Nadir şahı öz sərkərdələri kimi qələmə vermək istəyirlər: "Farslar bütün imkanlardan istifadə etməyə çalışırlar ki, Nadir şahı beynəlxalq ictimaiyyətə fars sərkərdəsi kimi təqdim etsinlər. Lakin araşdırmalar sübut edir ki, Nadir şah türk oğludur, türklərin afşar tayfasındandır. Onun farslara hec bir aidiyyatı yoxdur". "Olaylar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31