Hayıf
11 İyun 2014 13:29 MədəniyyətKamandar Eyvazlı
İL gəlib calandı ilə, bilmədim,
Bir dəfə yanına gələ bilmədim,
Əhvalın necədi, bilə bilmədim,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Aradan gör neçə fəsillər ötdü,
Həm yaxşı, həm də ki, pis illər ötdü
Nəsillər dəyişdi, nəsillər ötdü,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Oxşarın, bənzərin, tayın harda var?
Günəşin, ulduzun, ayın harda var?
Payızın harda var, yayın harda var?
Hayıf sizə dağlar, min dəfə hayıf.
Göyündə dumanı, çəni görürəm,
Yerində bitməyən dəni görürəm,
Gecələr yuxuda səni görürəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Sənsiz ocağımın odu azalıb,
Doğması dağılıb, yadı azalıb,
Ağzımın ləzzəti, dadı azalıb,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Bir də o baxçanı-bağı deyirəm,
Gəzəydim hər axşam çağı deyirəm.
Adını çağırıb ağı deyirəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Ayağım tutulub, yolum bağlıdı,
Sağım yaralanıb, solum bağlıdı,
Burdan sənə tərəf yolum bağlıdı,
Hayıf sizə dağlar, min dəfə hayıf.
İndi dərələrdən selin yığılmır,
Cəm olub bir yerə, elin yığılmır,
Çiçəyin dərilmir, gülün yığılmır,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Nə yükdü çiynimə götürdüm, billəm,
Gələndə mən nəyi gətirdim, billəm,
Sizinlə nəyi də itirdim, billəm,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Kamandar gedəmmir o dağa,hayıf,
Dözür bu həsrətə, bu dağa, hayıf,
Müqəddəs saydığım torpağa hayıf,
Hayıf sizə dağlar, min dəfə hayıf.
Dondum
Bu nə tale, nə qismətdi,
Qışda yanıb, yayda dondum.
Dərya məni üşütmədi,
Çimdim, dayaz çayda dondum.
Onda bildim kədər nədi,
Ömrü vermək hədər nədi,
Qismət nədi, qədər nədi,
Vaxtsız düşən vayda dondum.
Dağ çəkildi ürəyimə,
Ox vuruldu kürəyimə.
Bayis oldu çörəyimə
Neçə insan, sayda dondum.
Ay Kamandar, çox ağlama,
Aya,ilə bel bağlama.
Yeri gəlib de, saxlama,
El qaldıran vayda dondum.
Peşmanam
Mən nələrin sınağından çıxmışam
Bir salamı aldığıma peşmanam.
Bir məclisdə, bir görüşdə, bir axşam,
Xəyallara daldığıma peşmanam.
Sonra bildim göz əlliyə aldanıb,
Dil ürəyə, söz əlliyə aldanıb,
Yaraşığa, gözəlliyə aldanıb,
Qonaq olub qaldığıma peşmanam.
Vaxtsız əsən bir küləkmiş, sən demə,
Baş tutmayan bir kələkmiş, sən demə,
Nə huriymiş, nə mələkmiş, sən demə,
Ona meyil saldığıma peşmanam.
Sehr
Saz sinədə, göz bəbəkdə ağladı,
Bu aləmin sirri nəydi, sehri nə?
Aram-aram elə coşdu, çağladı
Məni saldı barmaqların sehrinə.
Ayrılığı qana-qana çaldı o,
Olanları ana-ana çaldı o,
Alovlandı, yana-yana çaldı o,
Dözəmməyib bu dünyanın qəhrinə.
Ay Kamandar, hekayətdi, gördün ki,
Yuxu deyil, həqiqətdi, gördün ki,
Ədalət də Ədalətdi, gördün ki,
Yaman düşdün bu ovqatın təhrinə.
Kəndimin
Belə söyləyirlər gəlib-gedənlər
Azalıb şirini-balı kəndimin.
Bulaqlar üstündə əvvəlki kimi
Açılmır süfrəsi,xalı kəndimin.
Ağaclar boy atmır barı düşənnən
Yarı quruyannan, yarı düşənnən,
Şaxtası, çovğunu, qarı düşənnən
Çoxalıb saçının çalı kəndimin.
Şair Kamandarın özü də deyir,
Söhbəti də deyir, sözü də deyir,
Yanan ocaqların közü də deyir
Yamanca dəyişib halı kəndimin.
Ötən günlər sorağında
Qarşımda şəkil var, sənə oxşayır,
Başımda duman var, çənə oxşayır,
Saçına ağ düşüb, dənə oxşayır
Tanıya bilmirəm həmin gözləri-
Mən necə qaytarım ötən günləri?
Yadına düşürmü, biz görüşərdik?
Verib bir-birinə söz, görüşərdik,
Vaxtına-vədinə düz, görüşərdik
Bölüb saatları-dəqiqələri-
Mən necə qaytarım ötən günləri?
Səni qısqanardım deyib-güləndə,
Dərsə mənsiz gedib, mənsiz gələndə,
Sən sağa baxanda, sola dönəndə
Cırıb dağıdardım kitab-dəftəti-
Mən necə qaytarım ötən günləri?
Biri elm öyrənib, dərs oxuyardı,
Biri dostlarıyla birgə olardı,
Mənim bir adətim, bir işim vardı-
Gəzərdim arxanca bütün şəhəri
Mən necə qaytarım ötən günləri?
Budur, həmin küşə, həminki təhər,
Səni gözləmişəm burda hər səhər.
Mindiyin avtobus gələnə qədər
Sayardım yiğdığım son qəpikləri-
Mən necə qaytarım ötən günləri?
Bu duyğu payızın əsən yelimi?
Bu həsrət dağların axan selimi?
Ən əziz xatirə kitabı kimi
Açıb vərəqlədim keçən illəri-
Mən necə qaytarım ötən illəri?
Bu şəkil necə də oxşayır sənə,
Bu duuman necə də oxşayır çənə...
Bir zaman gözəl tək əzizdin mənə
Bu günsə ana tək... el bəxtəvəri-
Mən necə qaytarım ötən günləri?
Mənimdi
Göz açıb yummamış əllini keçdim,
Alnıma yazılan bu yaş mənimdi.
Özüm istədiyim bir yolu seçdim
Bu ağıl, bu kamal, bu baş mənimdi.
Yanan ocaqlara pərvanə oldum,
Eşqdən alovlanıb divanə oldum,
Mən necə dağılıb biranə oldum,
Bu nəmli göz üstə bu qaş mənimdi.
Kamandarnan hər bir adam danışar,
Küsən varsa gələr, görər, danışar.
O çay daşı məzarıma yaraşar,
O daşa dəyməyin, o daş mənimdi.
Yaraşır
Yazı,qışı deyəmmirəm
Yaylaqlara yaz yaraşır.
Dağı, daşı deyəmmirəm
Bulaqlara naz yaraşır.
Kənddə-şəhərdə görmüşəm,
Qəmdə-qəhərdə görmüşəm,
Vallah, hər yerdə görmüşəm
Deyib-gülmək az yaraşır.
Yaş gələndə nədi, deyir
Tənbəl yatır, qoçaq yeyir.
Göy çəmənə ceyran-cüyür
Çölə ördək-qaz yaraşır.
Uşaqlara noğullanmaq,
Qocalara cığallanmaq,
Nazirlərə sığallanmaq,
Alimlərə daz yaraşır.
Vurma şaça hər darağı,
Yaz, qarala ağ varağı.
Kamandara tut arağı,
Zəlimxana saz yaraşır.