“Azərbaycan Nadir Əfşar dövləti” kitabının təqdimatı keçirilib
4 İyun 2014 17:10 MədəniyyətBöyük Azərbaycan hökmdarı, Şərqin son fatehi Nadir Şah Avşardan bəhs edən "Azərbaycan Nadir Şah Əfşar dövləti" adlı elmi-publisistik kitabının təqdimat mərasimi keçirilib. Istefada olan polis polkovniki, professor Cahangir Hüseynovun adı keçən kitabı fatehin anadan olmasının 325 və qurduğu dövlətin 280 illiyinə həsr olunub. Müəllif kitabda Şərqin sonuncu fatehi Nadir şahın həyatı, Azərbaycanın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığı müharibələri, nəhayət, şahlıq taxtına oturması və s. əməli fəaliyyətini çoxsaylı tarixi faktlar əsasında araşdıraraq oxuculara çatdırır.
Tədbiri giriş sözü ilə açan millət vəkili, professor Nizami Cəfərov bildirib ki, müəllif kitabda Azərbaycan Avşar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın şəxsi həyatını, bir dövlət adamı olaraq xarici və daxili siyasətini, sərkərdəlik məharətini, hərbi yürüşlərini və dövlət quruculuğu istiqamətində həyata keçirdiyi bütün fəaliyyətlərini qələmə alıb: "Kitab Nadir şahın 325 illiyinə həsr olunub. O illərin qeyd olunması bizim üçün çox vacibdir. Biz tariximizi öyrənirik, amma ən azından mənimsəmirik. C.Hüseynovun kitabının üstünlüyü ondadır ki, o hadisələri yalnız hansısa uzaq bir tarixi proses kimi təqdim etmir, həm də onu yaşayır. Hətta onu nəslinin tarixi kimi verir. Kitabda həzm olunmuş bir tarix var. Müəllif Nadir şahla əlaqəli yazılmış nə varsa, hamısını təhlil edib".
C.Hüseynov isə bildirdi ki, Nadir şahla bağlı araşdırma apardıqca, bir azərbaycanlı kimi fəxr edib. Müəllif bildirib ki, araşdırmalar zamanı-türklərin 4 minillik tarixi ilə yaxından tanış olduqca bizim xalqın dünyada fatehlik etməsini, hansı qəhrəmanlıqlar göstərmələrini daha yaxından öyrənib: "Eramızdan əvvəl bu günə kimi türklərin 149 dövləti, o cümlədən 22 imperiyası olub. Bu dövlətlər və imperiyaların bəziləri yüzillikləri, bəziləri onillikləri əhatə etmişdir". Nadir şahın dövlətçilik fəaliyyəti ilə bağlı ətraflı məlumat verən müəllif bildirib ki, Nadir şah gücünə və istedadına güvənən bir şəxsiyyət olmaqla yanaşı, həm də təəssübkeş bir türk oğlu olub: "O özündən əvvəlki türkdilli şahların hakimiyyətinə yaxşı bələd idi və öz fəaliyyəti ilə ululardan miras qalmış ərazilərin hamısını geri qaytara bildi. Nəticədə doğma Azərbaycan da Nadirin yaratdığı nəhəng dövlətin tərkibinə daxil olmaqla onun nüvəsini təşkil etdi".
Tədbirin davamında akademik Teymur Bünyadov bu cür əsərlərin əhəmiyyətindən danışdı. Çıxış edənlər kitab haqqında fikirlərini bölüşdülər.
Aygün