Sərbəst şeirdə ədəbi cərəyan məsələləri
4 İyun 2014 15:04 MədəniyyətSərbəst şerlərdə hansı ədəbi metodlara daha çox müraciət edilməsi ədəbiyyatımızın bu günə qədər işlənməmiş sahələrindəndir. Ona görə də bu məsələyə ədəbiyyatımızda sərbəst şerin görkəmli nümayəndələrindən biri olan şair Əli Kərimin timsalında aydınlıq gətirməyə çalışacağıq. Böyük yaradan yaratdığı insanların çox az qisminə iti düşüncə bəxş edir. Elə bu iti düşüncə ilə də insanlar nəinki qarşısındakı həyatını, hətta ölümlərindən sonra belə necə xatırlanmalarını və ölümdən sonra yenidən doğulacaqlarını duyur, bilirlər.
Baxsan bu dünyanın hər tərəfinə,
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam.
Böyük uzaqgörənliklə özünün əbədi yaşayacağını bildirən bu sözlərin müəllifi, milyonlarla şeir pərəstişkarının sevimlisi Əli Kərimdir. O Əli Kərim ki, yazdığı hər bir misra təsirlidir, səmimidir, məhəbbətdən yoğrulmuşdur. O, Əli Kərim ki, onun şeirləri heç vaxt dəbdən düşmür, bütün dövrlərdə sevilir, oxunur. O heç bir təbliğata, heç bir reklama ehtiyacı olmadan yayılan nadir təsadüf olunan şairlərimizdəndir. Onun səmimi duyğuları, düşüncələri, arzuları, Vətəninə münasibəti oxucuların qəlbində dərin hisslər, düşüncələr oyadır. Əli Kərim 1931-ci il martın 22-də Göyçayda anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra 3 il Dövlət İncəsənət institunda təhsil almış, sonra M.Qorki adına Dünya Ədəbiyyatı İnstututuna göndərilmiş və oranı fərlənmə diplomu ilə bitirmişdir. "Azərbaycan" jurnalında əmək fəaliyyətinə başlayan Əli Kərim ömrünün sonuna qədər bu jurnalda poeziya söbəsinə başçılıq etmişdir. İlk şeiri olan "Təzə müəllim" şeirini "Azərbaycan pioneri" qəzetində çap etdirmişdir. Az sonra respublikada tanınan şair 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI ümumdünya festivalında "İlk simfoniya" poeması mükafata layiq görüldü. Əli Kərim poeziyasına məhəbbət məndə hələ məktəbdə oxuduğum zaman oyanmışdı. "Qaytar ana borcunu" şeirini sevə-sevə oxumuşam. 50-ci illərin ortalarında çap olunan bu şeir o dövrkü ədəbiyyatda sözün gerçək anlamında tufan qoparmışdı. Ədəbiyyatımızda valideynlərinə qarşı nankorluq edən övladlar haqqında yazılan əsərlər çoxdur. Lakin bu əsərlərin heç biri "Qaytar ana borcunu" qədər şirin, təsirli alınmamışdır. Şeirdə bir nankor övladla özünü balası üçün oda atmağa belə hazır olan fədakar, qayğıkeş bir ana obrazı yaradılmışdır. Şeirdə təsvir olunan ana dünyanın ancaq nağıl qəhrəmanları ilə müqayisə oluna biləcək Azərbaycan qadınlarının ümumləşdirilmiş obrazıdır. Dünyanın nə varına, nə də dövlətinə etina etməyən, bütün fikri yalnız balasını sağlam, xoşbəxt böyütmək olan, ara-sıra oğlunu vəfasızlıq üçün qınasa da, "onu böyütməyinə peşman olduğunu" desə də, müqəddəs analıq hissini uca tutaraq
Yox, bunu yandım dedim, yenə də atmazdı onu...
Tək balasına olan sonsuz məhəbbət ona gənc yaşlarında ərini davada itirməsini və dul qalmağını belə unutdurmuşdu. İndi bütün bunların müqabilində oğlunun Bakıda "büzmədodaq" qızlara uyub anasını unutması onun qəlbini incitmişdi. Əslində ana "Qaytar ana borcunu"-deməklə öz övladından heç nə ummurdu, sadəcə onun özünün kəndə qayıtmasını istəyir:
O borc sənin özünsən, özünü qaytar geri
-deyir.
Yüksək poetik duyğularla ananın müqəddəsliyinin vəsf olunduğu bu şeiri məncə Əli Kərim poeziyasının şah əsəri hesab etsək yanılmarıq. Göründüyü kimi bu şerdə şair həyat həqiqətini, realizmi olduğu kimi göstərərək ananın ülvi duyğularını təbii şəkildə təsvir edərək maraqlı poetik obrazlar yaradır. Oğulun anaya qarşı bu hərəkəti nə qədər arzuolunmaz olsa da bir reallıq idi. Əli Kərim poeziyasının gözəlliyi onun sadəliyində, şirinliyindədir. Ona görə də şeirləri oxunaqlı və yaddaqalandır. Əli Kərim poeziyası həm də çoxşaxəlidir. O, fəlsəfi, ictimai şeirlərlə yanaşı, məhəbbət, insan hüququ, təbiətin tərənnümü və b. haqqında çoxlu şeirlər yazmışdır. Əli Kərim xalqın dərdlərini, qayğılarını özündə yaşadan, hamının xoşbəxtliyini arzulayan şeirlərinin birində doğma ocağını tərk etmiş bir qadına üzünü tutaraq deyirdi:
Qayıt yerinə qoy Ayı, Günəşi,
Qayıt gözüm nuru, könlüm atəşi.
Yenə olduğum tək görüm həyatı,
Qayıt sahmana sal bu kainatı.
60-70-ci illər Azərbaycan poeziyasının ən məhsuldar dövrü sayılır. Bu dövr poeziyası ictimai həyatın bir sıra məsələləri ilə əlamətdardır. Bu dövrdə ədəbiyyatımızda şəxsiyyətə pərəstişin nəticələrini aradan qaldırmaq uğrunda böyük iş aparılırdı. Əli Kərim də bu mübarizənin ön sıralarında idi. Əli Kərimin yaradıcılığında Böyük Vətən Savaşı mövzusu önəmli yer tutur. Şair onun məktəb illərini oda bələyən bu amansız, bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirən bu savaşa bir neçə şeir həsr etmişdir. Özəlliklə onun Polşa uğrunda döyüşlərdə həlak olmuş, Sovet İttifaqı qəhrəmanı Cəmil Əhmədova həsr etdiyi "Heykəl və heykəlin qardaşı" poemasını bu mövzuda yazılmış ən gözəl əsərlərdən biri hesab etmək olar. Bütün digər şairlər kimi Əli Kərimə də romantik duyğular yad deyildi. Romantika ən çox onun təbiətlə bağlı şerlərində özünü göstərir. Çünki, Əli Kərim həm də təbiət şairidir. Ana təbiətə qəlbən bağlı olan şair təkcə Kürün vəsfinə aid bir sıra şeirin müəllifidir. Kürün səsini gözəl bir musiqiyə bənzədən şair:
Bir sənə bənzəyən nəğməm olaydı
-deyir.
Düşünürəm ki, çağdaş ədəbiyyatımızda Kürü onun qədər vəsf edən ikinci şair yoxdur. Tez-tez Kür sahilində durub onu seyr edən şair Kürə məhəbbətindən idi ki, hətta tez-tez onu yuxuda görərdi.
Xoşbəxtəm ki, heç olmasa,
Bir gecəlik Kür olmuşam.
Və yaxud:
Mən hara gedirəmsə Kürü görürəm
-deyirdi.
Əli Kərim füsunkar Azərbaycan təbiətini, onun təbii sərvətlərini vəsf etməkdən doymur. O, Neft daşlarını, onun qəhrəman neftçilərini necə sevirdisə onlar da onu eləcə sevirdilər. Şeirlərinin birində qeyd edirdi ki, neftçilər Neft daşlarında başlamış tufana görə sevinirdilər, ona görə ki, mən onlarla daha bir neçə gün orda qalım:
Belə tufan olmasaydı,
Əlbət tez qaçardınız.
O, dünyanın heç yerində olmayan misilsiz sərvətimiz və tarixi abidəmiz olan Neft daşlarını nəhəng bir şəhərə, nəhəng bir gəmiyə bənzədir. Amma əsil gəmidən fərqi odur ki, bu gəmi yerində durur, tərpənmir. Əsasən gözəl şeirlərin müəllifi kimi tanınan Əli Kərim bir neçə nəsr əsərlərinin müəllifidir. Onun "Pillələr" romanını bugünkü nəsrin gözəl nümunəsi saymaq olar. Tələbə gənclərin pak, ülvi münasibətlərindən bəhs edən "Pillələr" zamanla səsləşmək baxımından olduqca aktualdır. Ümumiyyətlə Əli Kərim nədən yazırsa yazsın onun ölçüsündən asılı olmayaraq hər bir bədii əsərində canlı surət yarada bilir. Məhz buna görə də hər bir əsəri ədəbiyyatımızın, mədəniyyətimizin gözəl nümunələri sayılır. Elə bu səbəblərdəndir ki, milyonlarla Əli Kərim sevənlərin ürəyində yaşayır və yaşayır. Əli Kərimin şeirləri zəhmətdən yoğrulub. Bu zəhmətsevərlik ona atasından keçib. Təsadüfi deyildir ki, onun yaradıcılığında ana təbiətin vəsfindən sonra ikinci sırada zəhmət və zəhmətkeş insan mövzusu dayanır.
Hər hansı bir peşəyə, peşə sahiblərinə hörmətlə yanaşan şair "Poçtalyon" şerində:
Düşünür: "Gör neçə oğlanın, qızın,
Eşqi, məhəbbəti əlimdən keçir".
-deməklə bu sadə peşə adamını vəsf edir.
Əsil sözün sorağında olan şair sözü, şeri bir canlı hesab edirdi:
Neçə gündür yatmamışam,
Sözlər qaçıb dağa-daşa,
Baxımsızlıq olan zaman,
Söz özü də baxmır sözə.
- deyərək sözün də insan kimi qayğıya ehtiyacı olduğunu bildirir.
Əli Kərim belə hesab edirdi ki, əsil şair xalqının həyatını yaşamalı, xalqı üçün yanmalıdır. "Azərbaycan" şeirində o, Nizamini sərhədsiz təfəkkürə, Nəsimini həqiqət şəhidinə, Füzulini könlün hər guşəsindən xəbər verən, eşqin bütün çalarlarını görən dünya ürəkli bir sənətkara, Mirzə Cəlili sinəsində çalın-çarpaz göz dağı, ah dağı gəzdirənə, Sabiri gülüşündə hüzn deyə təsvir etmişdir. Hüdudsuz Vətən sevgisinə malik olan şair şeirlərində insanları öz vətənini sevməyə, ömrünü şərəflə başa vurmağa, xalq qarşısında məsuliyyətli olmağa çağırırdı. O, Azərbaycan xalqını
Azərbaycan! İnsanı təbiət kimi təbii,
Təbiəti hər dildə danışa bilən insan.
Yolları insanla, mənayla dopdolu şeir misrası
-deyərək vəsf edirdi.
Rəsul Rzanın 50 illiyi münasibəti ilə yazdığı "Şair" şeirində yazır:
Şair var ki,ömrünü başlamamış bitirir,
Cansız əsəriylə bir ömrünü də itirir.
Şair var ki, ümudi qafiyəyə, vəznədir.
Şair var ki, özünü başqasına bənzədir.
Amma şair də var ki, zamanın doğma oğlu,
İdrakın zirvəsidir, hissin yanğılarından
Ədəbiyyatımızda sərbəst vəznin ən gözəl örnəklərini Əli Kərimlə Rəsul Rza yaratmışdır. Tariximizə sonsuz məhəbbət bəsləyən Əli Kərim əsl Azərbaycanlı idi. "Babəkin qolları" şeirində xalqımızın bu yenilməz qəhrəmanının mübarizə əzmini, mübarizəyə çağırış nidasını sanki özü də Babəkin hisslərini yaşayaraq vermişdir. O da Babək kimi şərəfli ölümü səadət hesab edirdi və bu ölümü xəyanətlə, rəzalətlə yaşamaqdan üstün hesab edirdi. Elə bu məhəbbətin nəticəsi idi ki, şair olduqca maraqlı, zəngin dövrü, Azərbaycan-Rus ədəbi əlaqələrinin çox sürətlə inkişaf etdiyi XIX yüzilin birinci yarısının Qafqaz tarixi haqqında "Üç atlı" poemasında maraqlı məlumatlar vermişdir. Poema Azərbaycanın ədəbi ictimai mühiti haqqında məlumat verir. Tarixdən də bilindiyi kimi, böyük Rus şairi Lermontov Qafqaza sürgün olunur. Az sonra şairin düşdüyü ədəbi mühit ona sürgün həyatını unutdurur:
Amma Səbuhini görəndə şair,
Hətta sürgünə də minnətdar oldu.
Dərin fəlsəfi düşüncəyə malik olan şair çox zaman dərin düşüncələrə dalır. Bəşər cəmiyyəti yarandığı dövrdən bu günə qədər həmişə bir-biri ilə mübarizə aparmış, bir-birini məhv etmişlər. İbtidai cəmiyyətdə bir-birini daş atıb yaralayan, öldürən insanlar indi də bir-birlərinə atom bombası atırlar. Bu, Əli Kərimi ən çox narahat edən məsələ idi. Şairin yaşayıb-yaratdığı dönəm soyuq müharibə dövrünə təsadüf edirdi. Məhz buna görə də onun şeirlərində dünyadan narahatlıq gözəl əks olunmuşdur.
Ey həmşərim!
Həqiqətin qan qardaşı.
Dayandırmaq olmazmı, de.
Yarıçılpaq, yarıvəhşi
Qədim insan atan daşı.
Əli Kərim üzünü bütün insanlığa tutub "Qoruyaq dünyamızın özülünü"-deyərək fəryad qoparırdı. "Şairlər peyğəmbərlərin varisləridir"- deyib sevimli peyğəmbərimiz. Bu baxımdan bütün digər şairlər kimi Əli Kərim də xoşbəxt idi. Bəs onu ürəyində gəzdirdiyi dərd nə idi. Bəs görəsən "Dərdimi şeirlə söyləyirəm mən" deyən şair hansı dərdini nəzərdə tuturdu? Xalq şairi Fikrət Qoca Əli Kərim haqqında yazır:
Fikri özündən ağır idi.
Şairliyi özündən böyük idi.
Qeyd etdik ki, o, iti düşüncəyə malik idi. Şair iti düşüncə vasitəsi ilə də ölüm gününü qabaqcadan duyur, hiss edirdi. Ölümündən bir neçə gün qabaq "Vəsiyyət" şeirində yazırdı ki, tabutuma kağız-qələm qoyub musiqi çaldırın:
Şeirlə musiqinin möcüzəsiylə
Qayıtmağa çox dəli bir ümidim var.
Bununla da ölümündən az sonra yenidən həyata qayıdacağından danışırdı.
Əli Kərim az, cəmi 38 il yaşamasına baxmayaraq çox zəngin bir yaradıcılıq yolu keçdi. Onun Azərbaycan şerinin inkişafı yolunda gördüyü işlər müqabilində əməyinin layiqincə qiymətləndirilməməsi dərin təəssüf doğurur. Bu gün onun ruhu, xalqına, xalqının tarixinə sonsuz məhəbbətlə dolu şeirləri və birdə bu şeirləri sevə-sevə oxuyan milyonlarla oxucuları qalmışdır.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.