“Düz üzünə” danışmaq cəsarət tələb edir

Dalğalar sahilə, gəmilər limana üz tutur. Qağayılar pıçıldaşır... Dalğaların səsi qağayıların pıçıltısına mane olur. Qəfil əsən küləklər dalğaları o sahildən bu sahilə atır. Qağayılar pıçıldaşaraq nəyisə müzakirə edirlər. İçərilərində qorxaqları da var. Sözü düz üzünə deməkdən və onu qəbul etməyi bacarmaqdan qorxan şou-biznes nümayəndələri kimi. Elələri də var ki, cəsarətlidir, qorxu bilməzdir, sözü düz üzünə deməyə və onu qəbul etməyə hazırdır. Çünki qorxacaq yeri yoxdu. Kimlərinsə yanında üzükölgəli deyil. Teleməkanda ilk dəfə düz üzünə deməyi bacaran və bunu layihə şəklində tamaşaçıya çatdıran peşəkar telejurnalist, pedaqoq İradə İsaq kimi. Teleməkana düz üzünə ifadəsini və düz üzünə danışmağı məhz İradə İsaq gətirib. Cəsarətinə görə də teleməkanda milli qəhrəman Mübariz İbrahimov adına mükafatın ilk qalib jurnalisti olub. Qəhrəmanımla daha yaxından tanış olaq.
Tanışlıq: İradə İsaq (Muradova) 1980-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. 1985-1996-cı illərdə Yasamal rayonundakı 31 saylı məktəbdə orta təhsilini alıb. 1998-2003-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavrı, 2003-2005-ci illərdə magistri olub. 2008-ci ildən həmin fakültənin aspirantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır. 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb. 2006-2009-cu illər İctimai Televiziyada redaktor və "Azərbaycanlılar" verilişinin aparıcısı kimi fəaliyyət göstərib. 2009-2011-ci illərdə ANS TV-nin ən reytinqli verilişlərindən biri olan "Ölümündən 24 saat əvvəl" verlişinin layihə rəhbəri, müəllifi və aparıcısı olub. Eyni zamanda Bakı Dövlət Univetsitetinin Beynəlxalq jurnalistika kafedrasının müəllimidir, tələbələrə "Beynəlxalq jurnalistika" fənnini tədris edir. 2012-ci ildən fəaliyyətini Azad Azərbaycan Teleradio Şiirkətində davam etdirir. Bu telekanalda Azerbaycan və dünyanın mədəni həyatında iz salan korifeylərin həyatından bəhs edən "Sönməyən ulduzlar" layihəsinin layihə rəhbəri, müəllifi və aparıcısı olub. Hal-hazırda "Düz üzünə" verilişinin müəllifidir. Yunis adlı bir oğlu var. Tamaşaçı auditoriyasını kəsərli sözü, kamil araşdırmaları, mübarizliyi ilə heyrətləndirən İradə xanım hər zaman hər layihəsində çalışıb ki, həqiqəti desin, həqiqət carçısı olaraq haqqı nahaqqa qurban verməsin. "Düz üzünə" verilişinə dəvətli qonaqlar içərisində Elza Seyidcahan, Nadir Qafarzadə, Firuzə İbadova, Baloğlan Əşrəfov, Zöhrə Abdullayeva, Hüseyn Dərya, Tacir Şahmalıoğlu, Manaf Ağayev cəsarətli çıxaraq digər şou-biznes nümayəndələrindən fərqli verilişə gələrək haqlarında gəzən şayiə və reallıqlara aydınlıq gətiriblər. Söz verib sözündən qaçan kişi və qadın müğənnilləri də az olmayıb. Bu ondan irəli gəlir ki, hələ də bütöv şəkildə bizim sənət adamları düz üzünə hazır deyillər. Bu verilişin müsbət cəhəti ondan ibarətdir ki, əvvəllər yalandan özlərinə piar quran sənət nümayəndələri yalan piarlarının bu verilişdə açılacağından qorxaraq ucuz şoulara getmirlər. Veriliş şoulaşmanın qarşısını almaqda bir vasitədir. Verilişin çəkilişi zamanı gərin anlar yaşanır, əsəblər tarıma çəkilir. Elə anlar olur ki, verilişdə baş verən kəskin anlar, savaşlar efirə getmir, sünu göz yaşları axıdılmır. Digər aparıcılardan fərqli olaraq İradə İsaq reklam və reytinq xatirinə qonaqlarını ağlamağa məcbur etmir. Elə verilişin də düzgünlüyü bundadır. Verilişə dəvətli qonaqlar haqqında məlumatlar iki ay ərzində araşdırıldıqdan sonra çəkiliş günü təyin olunur. Layihə rəhbəri və müəllif İradə İsaq, rejissor Qəmər Abbasova, redaktor Aynur Nadirqızı, müxbir Amil Xəlilov çalışırlar ki, hər veriliş bütöv şəkildə tamaşaçıya çatdırılsın, bütün qaranlıq məqamlara aydınlıq gətirilsin. Teleməkanın ən parlaq layihələrindən olan "Düz üzünə" verilişinin çəkilişləri və araşdırmaları davam edir. "Düz üzünə danışmaq cəsarət tələb edir. Bu veriliş cəsarətlilər üçündür, maskalanmış sənət adamları bu verilişə yaxın düşə bilməz", deyən İradə İsaq öz peşəkarlığı ilə çox televiziya aparıcılarına nümunədir. Aparıcını düşündürən əsas amil verilişin səviyyəsidir və qonaqların nə dərəcədə səmimi olub olmamasını, onların iç üzünü tamaşaçıya təqdim etməkdir. Bu cəsarətli yolda cəsarətli telejurnalistimizə uğurlar arzulayırıq. Yaxşı ki, "Düz üzünə" çox yalanları açdı, çoxlarının dünənindəki, bugünündəki səhvləri düz üzünə tamaşaçıya çatdırdı. Düz üzünə olmağa çalışın. Qorxacaq yeriniz yoxdursa...


Vüqar Əhməd
Filologiya elmləri doktoru, professor
Alim Nəbioğlu
Jurnalist-publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31