Modernizmdən absurda

Dünya ədəbiyyatına C.Coys, M.Prust, F.Kafka, A.Belıy, P.Varlen, J.Anuy kimi dahi yazıçılar bəxş etmiş modernizm ədəbi cərəyanının bu gün dünya çapında tanınan ən böyük simalarından biri də ingilis yazıçısı Harold Pinterdir. "Avropa düşüncə tərzinin məhsulu" olan modernizm əsasən müxtəlif tarixi dövrlərin qarışması ilə xarakterizə olunur. Bu mənada çağdaş ingilis ədəbiyyatının ən görkəmli simalarından olan Harold Pinter Avropada romantizmin yüz ildən artıq ədəbiyyatda hökmranlıq etməsindən sonra meydana gəlmişdi. O, bu gün ingilis ədəbiyyatının aparıcı simalarından sayılır. Ona görə yox ki, onun yazıb yaratdıqları bu gün dünya ədəbiyyatının ən gözəl nümunələridir. Bu gün ingilis ədəbiyyatının dünya miqyasında kifayət qədər tanınan simaları çoxdur. Ona görə ki, onun yaradıcılığı müasir Qərb mədəniyyətinin bütün mənfi cəhətlərini ustalıqla açıb göstərmək baxımından böyük önəm kəsb edir. Məhz bütün bunların nəticəsi idi ki, tanınmış dramaturq gözlənilmədən 2005-ci ildə Beynəlxalq Nobel mükafatına layiq görüldü. Əsərlərində qlobal xarakterli məsələlərə, mənfi yönümlü hisslərə daha çox yol verməsi onun əsərlərinin əsas ideyasını təşkil edir. Bu gün dünya ədəbiyyatına, özəlliklə də ingilis ədəbiyyatına müraciət edənlər Harold Pinteri daha çox "Ad günü", "Xəyanət" pyesləri ilə tanıyır, oxuyur. 

"Xəyanət" pyesində inkişaf edən olaylar əsasən üç surətin-Emma, Cerri və Robertin üzərində cəmlənir. Doqquz pərdədən ibarət olan bu pyesin əsas mövsuzu adından da bilindiyi kimi xəyanətdir. 

Dünya ədəbiyyatında tez parlayıb tez də sönən və yaxud da gec parlayıb ədəbiyyatda ölməzlik qazanan insanlar olur. Harold Pinter isə istedadı birdən parlayan və qısa müddətdə böyük şöhrət qazanan yazıçılardandıır. Ozborn, Uesker və Arden kimi məşhur ingilis yazıçıları kimi onun da əsərləri XX yüzilliyin II yarısında təkcə ingilis ədəbiyyatınının deyil, bütövlükdə dünya ədəbiyyatının ən dəyərli nümunələridir. Dünya şöhrətli yazıçı-dramaturq öz əsərlərini əsasən modernizmin ən geniş yayılmız qolu olan absurd yanrında qələmə almışdır. Onu da qeyd etmək lazımdır ki, absurd janrı müasir oxuculardan çox az bir qismin zövqünü oxşayır. Bu janrda yazılmış əsərlər yalnız cəmiyyətin müəyyən bir təbəqəsi üçün nəzərdə tutulur. Xüsusən də belə əsərlər xalqımızın milli mentalitetinə uyğun gəlmədiyindən Azərbaycan oxucusu üçün o qədər də maraqlı deyildir. "Otaq", "Ad günü", "Lal xidmətçi", "Dayə", "Mənzərə", "Sükut", "Gecə", "Keçmiş zamanlar" kimi əsərlərin müəllifi olan Harold Pinter "Xəyanət" əsərində Qərb həyatının, Qərb mədəniyyətinin  bir neçə mənfi tərəfini ustalıqla açıb göstərmişdir. Yazıçı əsərin personajlarından  biri olan Robertin dili ilə Qərb kültürünün qadınlara münasibət baxışında yalnız üzdə, yalançı ehtiram göstərməsini belə ifşa edir: "Düzünü desək, biz yanımızda qadın istəmirik. Qadının hətta restoranda, barda yanında olmasını qəbul edə bilmirsən. Sən orda dostunla oyunlardan, kriketdən, kitabdan və hətta qadınlardan söhbət etmək istəyirsən, həmçinin həmin anda sözünün kəsilməsini istəmirsən. Buna görə də qadının orda olması lazım deyildir". 

Əsərdə bir-biri ilə ziddiyyət təşkil edən fikirlər də az deyildir. Məsələn, Cemmi Semi nəzərdə tutaraq deyir: "O uzaq məsafəyə qaçışla məşğuldur. Zooloq olmaq istəyir". Halbuki zooloq olmaq üçün heç də qaçışla məşğul olmaq lazım deyildir. Yaxud da əksinə. 

"Xəyanət" əsərində hadisələr olduqca dar bir məkanda cərəyan edir. Lakin təsvir olunan hadisələr geniş bir əhatə dairəsinə malikdir. Onun qəhrəmanlarının kimliyi ilk sətirlərdə oxucuya bəlli olsa da, Pinter öz qəhrəmanlarının xarakterini açmağa tələsmir, çox zaman bunu oxucuların öhdəsinə buraxır, oxucuları dərindən düşündürməyi bacarır. Əsəri oxuculara sevdirən ən başlıca cəhət odur ki, müəllif həyat həqiqətlərini olduğu kimi təsvir edir, oxucularla surətlərin öz dili ilə danışır. Onun qəhramanlarının dediyi hər bir söz onların ürəyindən süzülüb gəlir, surətin nə düşündüyünü, onun iç aləmini, həyata baxışını ifadə edir: 

Robert: "Mən konyaka nifrət edirəm, o müasir ədəbiyyat qoxusu verir" Və yaxud:-"Mən pis naşirəm, çünki, kitablara nifrət edirəm. Dəqiq desək nəsr əsərlərinə. Daha dəqiq desək müasir nəsrə. Bu bur neçə söz obrazın bütün daxili aləmini göstərir". 

Pinterin qəhrəmanları dar düşüncəyə malik insanlardır. Ailə haqqında ilkin təsəvvürə malik olan bu insanlar elə fikirləşirlər ki, ailədə xəyanətin olmaması üçün kişini və qadını hər hansı bir işlə məşğul etmək lazımdır. Bu obrazların fikrincə ailə səmimi, müqəddəs, ülvi hisslər üzərində deyil, hər hansı bir digər məsələlər üzərində, ailəyə heç də aid olmayan xüsusiyyətlər üzərində qurmaq lazımdır. Yazıçı Cerrinin dili ilə öz hissələrini belə ifadə edir: "O mənə xəyanət etməz. O çox məşğuldur. Çoxlu işi var. Gözəl həkimdir, öz həyatını xoşlayır, uşaqları çox sevir". Deməli ailədə xəyanətin olmaması üçün insanın məşğuliyyəti, işi olmalı, mütləq gözəl həkim olmalı, həyatını və uşaqlarını sevməlidir. Amma fikrimizcə ailədə xəyanətin olmaması üçün ilk növbədə qarşılıqlı məhəbbət və hörmət başlıca şərtdir. 

Bəhs olunan əsər müəyyən oxucu kütləsi üçün maraqlıdır, amma maraqlı olduğu qədər də çətindir. İlk səbəb kimi əsərdə təsvir olunan hadisələrin axırdan əvvələ 77-71-ci illərə gəlməsi, daha sonra isə təkrarlara tez-tez yol verilməsidir. Lakin bu təkrarlar əsərin ümumi ahənginə heç də  mənfi təsir göstərmirsə, bu təkrarlar daha vacib olan fikirləri bir daha qüvvətləndirmək məqsədini güdürsə, surətlərarası dialoqa mənfi təsir göstərmirsə onun həm oxucuya, həm də əsərə xeyri vardır. 

Bununla yanaşı "Xəyanət" əsərində qəhrəmanların tez-tez sükut etməsi də bəzi hallarda oxucularda əsəb gərginliyi yaradır. Buna baxmayaraq oxucu əsəri sevir, çünki, bu sükutlar surətlərin psixologiyasını açmaq baxımından olduqca faydalıdır. Əsəri oxuculara sevdirən ən başlıca cəhət isə C.Cabbarlının XX yüzilin əvvəllərində "Ağ çöhrəli, qara vicdanlı Qərb. İdraksız bir kütlə, cismani bir duyğu" kimi səciyyələndirdiyi Qərb mədəniyyətinin bütün mənfi cəhətlərini olduğu kimi gizlətmədən açır. Cemmi: "Sənin öz evin var, mənim öz evim var. İki evdə iki uşaq. Burada isə uşaq yoxdur. Ona görə də biz onları eyniləşdirə bilmərik". Əsər nikbin sonluqla bitir. Bir sərsəri, bir xəyanət həyatı yaşasalar da sonda əsil ailənin xəyanət üzərində deyil, pak, ülvi bir məhəbbətin üzərində qurula biləcəyini etiraf edirlər. 

Azərbaycan, bütövlükdə Şərq mədəniyyətinin də çatışmaz yönləri var. Lakin əsas olan hər hansı etnosun tərkib hissəsi olmasından asılı olmayaraq bun çatışmazlıqları bacarıqla oxucuya çatdırmaqdır ki, Harold Pinteri də bu sıradan olan yazıçılardan biri kimi vurğulamaq olar. 

"Xəyanət"də bir-birilə ziddiyyət təşkil edən məsələlərə toxunan hörmətli alimimiz Zeydulla Ağayev yazır: "Pinterin qəhrəmanları özləri də nəyi etdiklərini bilmirlər.Onların nə idealı, nə hansısa məqsədləri vardır. Onların hər biri özünü ucuz ölüm üçün hazırlayır. Hər biri qarşısındakını təhqir etməyə, alçatmağa hazırdır, hər biri yalnız özü üçün mövcuddur". Bütün bunlar isə Qərb mədəniyyəti üçün tamamilə məqbuldur. 

Adətən Nobel sülh mükafatını əsərlərində daha çox siyasi məsələlərdən, insan hüquqlarından bəhs edən yazıçılara, şairlərə təqdim edirlər. Harold Pinter istisnadır. Onun Nobel mükafatına təqdim olunan "Ad günü" və "Xəyanət" əsərlərində isə daha çox dövrünün eybəcərlikləri təsvir olunur. Məhz bu cəhətlərinə görə də O Nobel sülh ödülünə layiq görülən ilk dramaturqdur. 

Bu günün özündə də Harold Pinterin əsərləri istər satış açısından, istərsə də oxunaqlıq, maraq dairəsinə alınma baxımından öndə gedən əsərlərdəndir. Fikrimcə bu əsəri hər bir Azərbaycan oxucusu oxumalı, əsərdə təsvir olunan hadisələri dünyada misli bərabəri olmayan mədəniyyətimizlə müqayisə etməlidir. 

Yeqzar Cəfərli 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31